Redaksiyada bir gün | `Report`dan report – FOTOLAR

  29 Yanvar 2015    Oxunub : 26279
Redaksiyada bir gün | `Report`dan report – FOTOLAR
“Redaksiyada bir gün” adlı layihəmizin növbəti mənzili Report İnformasiya Agentliyidir. Diktofonumuz əlimizdə, çantamız belimizdə ilıq qış günündə geyinib-keçinib yola düşdük. Redaksiyanın yerləşdiyi binanı tapmaq bizə elə də çətin olmadı. Çünki o cür böyük və geniş binanı görməmək üçün gərək gözdən zəif olasan. İçəri girən kimi `feys-kontrol`dan keçdik. Gözümüzə baxan kimi onlar da niyyətimizin yaxşı olduğunu görüb, bizi içəri buraxdılar...


“Salam-sağ ol”, “nə var-nə yox”dan sonra redaksiyadaxili iyerarxiyanı pozmadan baş redaktor Murad Əliyevlə söhbətə başladıq.



- İlk olaraq onu deyim ki, mən agentlik nədir, orada işləmək nədir onu görmüşəm. Hansısa bir qərarın mənfi, müsbət tərəfini bilirəm. Buna görə də həmişə düşünürəm ki, hər yerdə subordinasiya mütləq qorunmalıdır ki, adam bilsin, kiminlə işləyir. Eyni zamanda, komanda ruhu, yoldaşlıq da olmalıdır. Onlar olmayanda hərə özünü düşünəcək. Məsələn, bizdə növbətçilik sistemi var. Mən bu dediyim komanda ruhunu saxlamaq üçün növbətçilikdə hər dəfə öz adımı birinci yazıram. Bəzən elə olur ki, müxbirlərin işi çox olanda özüm də açıqlama alıb yazmışam. Məqsədim odur ki, burada yoldaşlıq ab-havası yaradım.

Bizdə qaydalar var: işə vaxtında gəlib-getmək, xəbərləri operativ ötürmək və s. Çünki elə bir məqamda yaranmışıq ki, operativ olmasan, bazarda uduzacaqsan.

Hamı səhv edə bilər. Əsas olan səhvi təkrarlamamaqdır. Kimsə nəyisə düz etmirsə, bundan nəticə çıxarmaq əsas məsələdir. Biz üç ay bundan qabaq deyə bilməzdik ki, bu gün bu qədər istinadlar ola bilər. Adam sevinir ki, bu fakt var və əziyyətimiz boşa getmədi. Artıq beynəlxalq mətbuat bizə istinad edir. Alexa.com-da 28-ci yerdəyik. Bu, üç ay üçün böyük göstəricidir. Ancaq görmək istədiyim tək bu deyil. Bizim layihələrimiz və s. olacaq. Mətbuatda gərək seçiləsən. Kiminsə ölüm xəbərini və ya hansısa hadisəni birinci verdinsə, tək bununla seçilmək olmur. Seçilmək üçün vaxta ehtiyac var, bəzən illər tələb olunur. Oxucu bilməlidir ki, “Report” informasiya agentliyinin məlumatları dəqiqdir, şübhə yoxdur, başlıqla aldatmır. Doğrudur, bunu etmədən oxucu yığmaq çox çətindir. Çünki ən çox oxunan qalmaqal, şou olur. Ancaq biz agentlik olmaq yolunu seçmişik.

Əgər jurnalist facebookda yazışmağa və başqa məşğuliyyətlərə daha çox fikir ayırırsa...

- Bizdə facebook-a giriş və digər qadağalar yoxdur. İşçinin işinə baxmaq lazımdır. Əgər jurnalist facebook-da yazışmağa və başqa məşğuliyyətlərə daha çox fikir ayırırsa, bu, dərhal onun işində görünür. Ona deyirsən ya özünü yığışdır, yaxud da sənin burada yerin yoxdur.

Jurnalistlərlə hansısa standartlarla davranmaq mümkün deyil. Jurnalistə də stimul vermək lazımdır. Jurnalistə çox vaxt adi bir quru söz lazımdır: “Əhsən”, “Bu, əladır”, “Bu, partlatdı”. Sən bir rəhbər, baş redaktor olaraq elementar xoş söz ilə onun işinə təsir edə bilərsən. Jurnalist görəndə ki, rəhbər ona inanır, hansısa dəqiq informasiya olanda təzyiqlərə baxmayaraq onun zəhmətini yerə vurmur, saytdan çıxarmır, onda həvəslənir. Mənim ən sərt mövqeyim xəbərin dəqiqləşdirilmədən verilməsinə qarşıdır. Həmin jurnalistlə danışıb başa salıram ki, bir də elə etməsin. Ancaq dəqiq məlumatın arxasında da dayanıram. Əsas məsələ jurnalist peşəkarlığıdır. Kimlərdəsə bu, çoxillik təcrübə ilə artıq formalaşıb, kimlərsə həmin peşəkarların yanında özlərini inkişaf etdirməlidirlər.

Eyni zamanda, bizim müxbir görə bilər ki, digər bir saytda gedən hansısa xəbərdə ya başlıq, ya hərf səhvi var. Zəng edib deyə bilər ki, o xəbərdə düzəlişlər etsinlər. Ancaq onu ictmaiyyətə çıxarmaq, gülüş obyektinə çevirmək qadağandır. Əlbəttə, həmkarlara və rəqiblərə hörmətlə yanaşmaq lazımdır.

Baş redaktorla söhbətimizi redaksiya ilə tanışlıqla davam etdirdik. Tanışlığa da elə qapı ağzından başladıq:

- Bu, bizim ofis menecer Sofiya xanım, bu isə reseption-da Aygül xanımdır. Ofisin vacib inzibati işləri bunların üzərindədir. Əsas da Sofiya xanımın - ofisdə nə baş verirsə, birbaşa ondan soruşuruq. Kim hara getdi, kim haradan gəldi. Gecikən-filan, hamısını qeyd edir. Sonra onları tənbeh edirik. Bizdə ofisə giriş rahatdır, kartla deyil. Kim gecikirsə, mənim xəbərim olur.



Növbəti tanışlığımız isə xəbər verənlər, həm də haqlarında baş redaktora xəbər verilənlər, yəni saytın əməkdaşları ilə oldu.

-Bura bizim əsas otağımız - “newsroom”dur, xəbər burada istehsal olunur. Otaq şöbələrə bölünüb. Sol hissədə oturanlar iqtisadiyyat şöbəsinin, ortada oturanlar idman, daha sonra mədəniyyət şöbəsinin işçiləridir.

Daxili siyasətimizi isə sağ tərəfdə oturan İlkinlə Valehin ixtiyarına vermişik. Bu şöbədə daim mübahisələr, dialoqlar gedir.
O biri tərəfdə xarici siyasət şöbəsinin müxbirləridir. Viktoriya Dementiyeva redaktordur, Şamil,Cəfər və Sədrəddin müəllim bu sahəyə baxan jurnalistlərimizdir. Onlar xəbərlə yanaşı, analitik təhlillər hazırlayırlar. Samirə xanım isə sosial həyatımızdan yazır.
Orada əyləşən isə Ülkər xanımdır, sosial mediaya baxır. Bəzən fotoredaktorumuz Natəvan xanım çatdırmayanda ona kömək də edir.

Texniki heyət daxil olmaqla, 40-a yaxın işçimiz var.

Pərvin Abbasov isə Azərbaycan redaksiyasının redaktorudur. Böyük tapıntılarımızdan biri elə Pərvindir ki, gəlib burada redaktorluq edir. Bir dəqiqə dayanmaq söhbəti yoxdur. Nahara çıxanda onu mən əvəz edirəm, mən çıxanda isə o əvəz edir. Özüm də uşaqlarla eyni otaqda otururam. Çünki bizdə komandadır, komanda ruhunda da belə olmalıdır. Masamın yeri də elədir ki, hamını, hər yeri yaxşı görürəm...

Əziz həmkarlar baxın da, baş redaktorunuz özü dedi, sonra deməyin ki, `biz bilmirdik...`

...Daha sonra xəbər otağından çıxıb, redaksiya ilə tanışlığımızı davam etdiririk. Bura konfrans zalıdır. Hər səhər redaktorların işçilərilə planlaşdırması olur.



- Bu isə qonaq otağımızdır. Hesab otağımız isə ən arxada yerləşir. Saytın rus və ingilis dilinə isə bu otaq baxır. Bunların da bir dəqiqə dayanmağa vaxtı olmur. Çünki cəmi 10 nəfərdilər. Korrektorlar da onlarla birgə oturur. Yəni, xəbər admin-panelə yerləşdirilir, admin-paneldə redaktor baxır, ondan sonra korrektor baxır və saytda çıxır. Ən sonda hətta mən baxıram. Ona görə də bizdə hansısa qrammatik və digər səhvlər olmur. Bir xəbərə əgər 4 nəfər baxırsa, burada hansısa səhvdən söhbət gedə bilməz. Məqsədimiz də bundan ibarətdir ki, qeyri-dəqiq xəbər getməsin.

Texniki otağımız isə saytın `ürəyi`dir .



...Və nəhayət, gecəsi-gündüzü olmayan proqramçının və video şöbəsinin işçilərinin əyləşdiyi “akvarium”la tanış oluruq. Söhbətin hansı “akvarium”dan getdiyini bilmək istəyirsinizsə, azca səbr edin...

Rasim proqramçımızdır. Bütün işlərin öhdəsindən tək gəlir. Əsas iş onun işidir. Sabah kimsə onun xətrinə dəysə, elə edəcək ki, bütün iş bir-birinə qarışsın (gülür). Gecə saat 3-də belə, nəsə problem olarsa, Rasimə zəng edirik. Bu insanın gecəsi-gündüzü olmur.



Beləcə, redaksiya ilə ilkin tanışlığımızı bitirib, düşürük jurnalistlərin canına. Başlayırıq sakit danışıb, siyasi və kriminal aləmdə işini də sakit-sakit görən Valeh Dadaşovdan:



- Yaman sakit-sakit danışırsan, ay Valeh. Siyasətdən yazanın gərək siyasətçilər kimi səsi də gur çıxsın...

- Biz hay-küyü danışığımızda yox, əməldə göstəririk. Gün ərzində press-relizləri və özəl xəbərləri hesablasaq, 15-ə yaxın xəbərim olur. İlkinlə eyni sahədən yazırıq. Ona görə də elə edirik ki, nə şiş yansın, nə kabab. İlkin daha çox siyasi partiyalarla işləyir.



Ondan yeganə narazılığım var ki, ortaq kaktus gülümüzü ancaq öz tərəfinə qoyur (gülür). Başqa narazılığım yoxdur. Sərbəstik, kollektivimiz də yaxşıdır.

Amma görünür kollektivdə yeri səhv düşən müxbirlər də var. Əstağfürullah, bunu mən demirəm, sosial sahənin müxbiri Samirə Abdullayevaya elə öz həmkarları deyir.



- Mənə deyirlər ki, sən maneken olmalıydın.Yerin səhv düşüb, bura gəlmisən. Deyirəm ki, yox, getmişdim, qəbul etmədilər məni (gülür). Məndən əvvəl burada kimsə oturub. O, sonradan işdən çıxıb. İndi Valeh zarafatla deyir ki, sənə də yol görünür. Deyirəm narahat olma, hələ buradayam. Zarafatlaşsaq da, yaxşı yola gedirik.

- Deyəsən, elə torbanı tikən odur, hə?

- Hə. Hələ ki... (Gülür).

Xaricdən informasiyalar alıb, “Report”a sızdıran Şamil isə görünür, bu gün elə xarici qüvvələrin qarğışına tuş gəlib. Niyəsini özü desin:



- Bu günü tıxacla başlamışam. Düz 20 dəqiqə gecikmişəm.

- Maaşından nə qədər tutulacaq?

-30 dəqiqə limitim var da. 10 dəqiqə hələ qalıb.

- Yazıları da belə gecikdirirsən?

- Əslində heç bir jurnalist bütün xəbərləri birinci verə bilməz axı. Ancaq buna çalışırıq.

- Bəs redaktorun Viktoriya sənə heç nə demir xəbəri gecikdirəndə?

- Vika bacıdır da. Özü də başa düşür ki, jurnalist işləyir, məsələ nə yerdədir. Ona görə də belə şeylər olanda müzakirə edirik ki, gələn dəfə olmasın.

Söhbətimizin bu yerində bizə yaxınlaşan Valehi görən Şamil:

- Ən çox sözüm "hökumətyönlü" jurnalist olan Valehlə tutur. Biz xarici siyasətdən yazan jurnalist olduğumuza görə, həmişə deyir ki, siz xaricilərə işləyirsiniz (gülür).

Valeh Dadaşov: Onlar bizim "xarici qüvvələrimiz"dir. Xaricdən informasiya alıb bizə sızdırırlar... Hər bir jurnalistin özünün bir mövqeyi var. Təbii ki, jurnalist mövqeyində qərəzsiz, tərəfsiz, ədalətli olmalıdır. Biz o prinsiplərlə hərəkət edirik.

- Valeh, özün dediyinə özün inanırsan?

- Əlbəttə, inanıram. İnanmasam demərəm ki.

Zarafatla çox arası olmayan, xaricilərin qənimi olub, onlarda xəbər qoymayan, Xarici Siyasət Şöbəsinin redaktoru, `Vika` ləqəbli Viktoriya Dementyevanın nəinki başını qaşımağa, heç kompüterdən qaldırmağa belə, vaxtı olmasa da, bizə vaxt ayırdı:



- Həmişəki kimi gərgin, xəbər içində işləyirik. Bu gün elə də vacib tədbirlər yoxdur, ancaq hamı yenə ora-bura qaçır. Xəbər istehsalı ilə məşğuluq. Axtarışındayıq.

- Bəs bu qədər xəbər axtarışında aqressiv olmursan?

- Bunu artıq, uşaqlardan soruşmaq lazımdır. (Gülür). Bir az emosionalam, nə isə gecikirsə, ora-bura qaçıram ki, tez tərcümə olsun və s. Ancaq heç kimin xətrinə dəymirəm.

Avropalılarla eyni vaxtda yatıb, eyni vaxtda yuxudan duran Sədrəddin İsmayılov da agentliyin xarici xəbərlərdəki sütunlarından biridir.



-Mətbuatda daha çox Sədrəddin Soltan imzası ilə tanınıram. Yaxın və Orta Şərqdə Azərbaycan maraqları ilə bağlı xarici siyasət məsələlərini şərh edirəm. İndi Amerikalılar yatıb, dünyada proseslər səngiyib. Avropalılar və biz də təzə yuxudan durmuşuq. Ona görə də, hələ də xəbər axtarırıq.

-Redaksiya həmişə belə sakit olur? Heç dalaşmırsınız?

-Nağayırmalıyıq? İndi mən Vika ilə dava edim? (gülür). Mövzu olanda müzakirəmiz olur. Hamınız bir otaqda otururuq, hər şey açıq-aşkar, göz önündədir. Şəffaf kollektivik. Bizdə konkretdir. İstiqamətlərimiz də bəllidir. Mən mübahisənin yox, müzakirənin tərəfdarı oluram.

Bu şöbənin digər jurnalisti Cəfər Ağadadaşovun isə nə müzakirə, nə də mübahisə etməyə vaxtı var. Onun vaxtının çoxu qalaq-qalaq müsahibə yazıb, sonra da onları kəsib-biçməyə gedir:



- İki ay olar ki, burada çalışıram. Müsahibələr, şərh, tərcümə işlərinə baxıram. Bu gün 7 səhifədən çox müsahibə yazmışam, ancaq işim hələ də bitməyib. Müsahib nə deyirsə yazıram, ondan sonra kəsirəm.

İdman şöbəsinin əməkdaşları Rövşən Əhlimanoğlu ilə Elşən Məmmədov isə bir-birlərinə `atmaqla` məşğuldular. Yox-yox, pulu deyil, olsa-olsa, ancaq qapıdan buraxılan qolların hesabı ilə bağlı xəbərləri.



Onların bir şikayəti var ki, orada-burada olan futbolçuların qəbuluna düşməkdə bir az çətinlik çəkirlər. Deyirlər, oynayan adam həmişə müsahibə verir. Heç nə bacarmayanı tapmaq çətindir.

Jurnalistliyi perspektivli və prestijli hesab edən Aynur Osmanqızı cəmiyyət bölümündə çalışır. İki aylıq təcrübədən sonra agentlikdə yenicə işə qəbul olunub.



- Elm və təhsil sahəsinə baxıram, öyrənirəm. İxtisas olaraq filoloqam. Amma jurnalistikaya marağım var. Bu peşə mənə daha çox perspektivli gəlir. Düşünürəm ki, burada inkişaf daha çoxdur. Çox çalışıram ki, ümidləri doğruldum.

Əldən və ayaqdan cəld olan Natavan Sultanova isə altı aydır ki, burada admin, dizayner kimi çalışır. Özü də işə hər gün hamıdan bir saat tez gəlir.



“Report”un mədəniyyət siyasəti onun əlindədir. Özü də deyir ki, “mədəniyyətimi” heç kimə vermərəm. Bəli, söhbət mədəniyyət müxbiri Ülviyyə Həsənqızından gedir.



İqtisadiyyat Şöbəsinin redaktoru Vüqar Mustafayev əhval–ruhiyyəsini havaya görə tənzimləyib, iqtisadi durumumuzdan xəbər verir. Baxın da, əziz hidrometroloqlar, əgər iqtisadi vəziyyətinizin yaxşı olmasını istəyirsinizsə, bol günəşli hava vəd edin. Əks halda... özünüz başa düşdünüz də...



- Bu gün hava yaxşı olduğuna görə əhvalım yaxşı, ümidlərim də böyükdür. (gülür). Niyyətimiz Azərbaycanın informasiya məkanında layiqli mövqeyimizi tutmaq, rəqib olmaqdır. İqtisadi xəbərlər bölməsinin də öz istiqamətində müəyyən planları var. Sonranı isə gələcək göstərəcək.

- Deyəsən, işlədiyiniz sahənin ciddiliyi sizə də təsir edir. Simanız niyə bu qədər sərtdir?

- (gülür), sərt deyiləm. Zarafat edirəm. Əksər işçilərimiz gənclərdir. Ab-hava yaxşıdır, kollektiv daxilində münasibətlər gözəldir.



Bu sahədə 19 illik təcrübəmiz var. Biz də maksiumum dərəcədə çalışırıq onlara kömək edək. İşçilərə xəbərdarlıq etmək mənim təbiətimə uyğun deyil. Bizim şöbə və kollektiv daxilində münasibətlərimiz çox səmimidir.



Hansısa bir işçinin müəyyən problemləri varsa, çalışırıq, bir yerdə müzakirə edək və onun həlli yollarını tapaq. Kimsə xəbəri gecikdirə bilər, bu, həmişə olub. Xəbər varsa, operativ də ola bilər, gecikə də bilər. Mən operativlikdən daha çox keyfiyyətə üstünlük verirəm.

Redaktor Pərvin Abbasovun da öz havası var. Ancaq bu, oynamalı hava deyil. Söhbət onun gərgin iş qrafiki, xəbər çoxluğu və ya azlığında şən ab-havasından, zarafatlarınıdan gedir.



- Redaksiyada tez-tez maraqlı zarafatlarımız olur. Və ya sizə hazırda Report.az-da işləyən, ancaq adını çəkmədiyim bir əməkdaşımızın maraqlı əhvalatını danışım. Həmin adam bir dəfə otelə tədbirə gedib. Sonra redaktorlara polisdən zəng ediblər ki, filankəs sizin əməkdaşdır? Bunlar da deyiblər ki, hə, bizim əməkdaşımızdır. Deməli, nə olubmuş... Tədbir arası adını çəkmədiyim jurnalist ayaqyoluna gedib. Həmin tədbirdə iştirak edən türk nazir də onunla eyni vaxtda ora girib. Cangüdən ayaqyolunda bütün kabinələrə baxıb, görüb ki, heç kim yoxdur. Sən demə, bu da hansısa kabinələrdən birində olub, yaxşı baxmayıblar. Türk nazir içəridə olur, görürlər ki, ayaqyolundan başqa adam çıxdı. Soruşublar ki, sən haradan gəlirsən? Deyib ki, içəridən. Sonra gedib baxıblar ki, nazir salamatdır. Həmin adamı polisə aparmışdılar. Hadisə haradasa 8 il bundan qabaq olub. Bunu mətbuatda indiyə qədər heç yerdə danışmamışdım.

Agentlikdə sosial media ilə məşğul olan Ülkəri də sizə tanıtdırıb, “newsroom”-dan çıxıb, qaçıram birbaşa “akvarium”a.



Ağlınıza başqa şey gəlməsin, bu otaqda nə balıq, nə delfin saxlayırlar. Nə də ki, fotoqrafların heç biri ayaqlarına rezin çəkmə geyinib, otağın o başından-bu başına su pərisi axtarmır. Bəlkə də axtarırlar... Nə bilim...



Ancaq bir variantım var, foto bölməsinin redaktoru Orxan Əzimə inanmaq:

- Otağın “akvarium” adlandırılmasına səbəb odur ki, biz burada səs yazmaları həyata keçiririk. Buna görə də rəhbərlikdən xahiş etdik ki, bura şüşə ilə bağlansın, əlavə səslər bizə mane olmasın. Səsi haradasa 90% boğur.



Redaksiyada kim enerji almaq istəyirsə, bizdən bir- iki nümayəndə o otağa gedir. Deyib-gülürük, zarafatlaşırıq. Enerjiləri bərpa olunur. Qoy görsünlər ki, necə şən oğlanlarıq. Müxbirlər, redaktorlar bütün gün saytda işləyirlər və yüklənirlər, onların zarafat etməyə vaxtı olmur. Onlara lazımdır ki, kimsə içəri girib, nəsə maraqlı bir söhbət etsin, hamı enerji alıb, o yükü atsın. Bir sözlə bura enerji blokudur.



Bir- birimizi çoxdan tanıyırıq deyə, bizim üçün rahatdır. Burada sözümüz daha çox İlkin Pirəli, Tural İbadlı, Valeh Dadaşovla tutur.

- Bəs redaktorla?

- Yox, rəhbərliklə zarafat etmirik. Bəlkə də təklikdə qalanda edərik, ancaq onu sınamamışıq.



Buranın bir yaxşı işi var ki, etdiyimiz zarafatlar kənara çıxmır.



Söhbət arası bu şən oğlanlar bizə peçenye ilə çay da verdilər.



İsmayıl Nur:

- Başqa vaxt daha yaxşı şirniyyatlar olur. Sadəcə, indi ayın axırıdır deyə, bir az kasadlıqdır. Biz də şirniyyatları, şokoladları gün ərzində elə çərəz kimi yeyirik. Özü də kim tez yedi, o birinin daxılını açıb, onun da şokoladını yemək ixtiyarı var.

Sağ olsunlar, həm deyib-güldülər, həm də qonaqpərvərliklərini göstərdilər. Elə bu səbədən də, agentliyin mətbəxindən yalnız foto çəkməklə kifayətləndik.



Şahanə RƏHİMLİ
Nuron Məmmədov

Teqlər: