Azərbaycanın ölüm daşıyıcıları... – Qorxunc statistika

Azərbaycanın ölüm daşıyıcıları...  – Qorxunc statistika
  28 Yanvar 2015    Oxunub:3307
“Azərbaycanda 4735 vətəndaşdan 2587-də İİV-ə yoluxma narkotik istifadəsi nəticəsində, 1661-də heteroseksual, 61-də isə homoseksual kontakt nəticəsində, 83-də anadan uşağa keçməklə, 1 nəfərdə isə donor qanının köçürülməsi nəticəsində baş verib, 342 nəfərdə yoluxma yolu naməlumdur”.

Bu barədə AzVision.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov məlumat verib. O, bildirib ki, Azərbaycandan Rusiya və Ukraynaya gedən vətəndaşlar çox vaxt ölkəyə QİSC-lə qayıdır. Belə infeksiya daşıyıcıları isə ailə həyatı qurandan sonra öz həyat yoldaşını da yoluxdurur. Beləcə, sistemli şəkildə xəstəlik yayılır.

Şöbə müdirinin sözlərinə görə, UNAİDS-in hesabatına əsasən, 2014-cü ilin II-ci rübünün sonuna xilasedici antiretrovirus-terapiya tətbiq olunan insanların sayı 13,6 milyon təşkil edib və 2012-ci ilə nisbətən 40% artıb. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. N.Zülfüqarov 2014-cü ildə aşkar olunan İİV-ə yoluxma hallarının 30,3%-nin, 1987-2014-cü illər ərzində isə aşkar olunan halların 53,8%-nin inyeksion narkotik istifadəsi nəticəsində baş verdiyini deyir.

Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 604 təşkil edib. Onlardan 586-i (97,0%) Azərbaycan vətəndaşı, 18 nəfəri (3,0%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınan 586 Azərbaycan vətəndaşından 361-i kişi, 225-i qadındır. Onlardan 60,7 % - cinsi təmas nəticəsində, 30,6%-i inyeksion yolla, 5,6%-ə yoluxma yolunu müəyyənləşdirmək olmamış, 3,1% isə İİV-ə şaquli yolla yoluxub:

“Bu dövr ərzində QİÇS mərhələsinə keçən insanların sayı 200 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 194 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş Azərbaycan vətəndaşlarının sayı 60 nəfər olub.Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2014-cü ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4902 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4735 nəfəri Azərbaycan vətəndaşı, 167 nəfəri isə əcnəbidir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3597-i kişi, 1138-i qadındır. QİÇS mərhələsində olan insanların sayı 1519 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1495 nəfərdir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 681 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 671 nəfər olub”.

Şöbə müdiri onu da deyir ki, Azərbaycan vətəndaşında ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2014-cü ilin sonunadək 4735 İİV-ə yoluxmuş insandan 1205-i Bakı şəhəri və Abşeron rayonunda, 3494-ü Respublikanın digər 57 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 36 nəfərin yaşayış yeri naməlumdur.

N.Zülfüqarovun sözlərinə görə, 4735 nəfər Azərbaycan vətəndaşından 2587-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1661-də heteroseksual, 61-də isə homoseksual kontakt nəticəsində, 83-də anadan uşağa keçməklə, 1 fakt da donor qanının köçürülməsi nəticəsində baş verib, 342 nəfərdə yoluxma yolu naməlumdur:

“Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, 2006-cı ildən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 2376 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 605 nəfərə müalicə 2014-cü ildə başlanılıb. Əvvəlki illərdə olduğu kimi, 2014-cü il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilib, Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:





Xəbər lenti