Azərbaycan bir ayda 2 milyard qazanacaq

Azərbaycan bir ayda 2 milyard qazanacaq
  12 Yanvar 2015    Oxunub:3829
“Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmizə 2 milyard dollar gəlir gətirəcək”

“2014-cü ilin dövlət büdcəsindən I Avropa Oyunlarının keçirilməsinə 1 milyard, 2015-ci ilin dövlət büdcəsindən isə 1,3 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılıb”.

Bu barədə AzVision.az-a iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, bu yarışmanın ilk dəfə Bakıda keçirilməsi və yay fəslinə təsadüf etməsi ölkəmizə üstünlük verir:

“Belə ki, yay aylarında Avropa vətəndaşları səyahətə meyl etdikləri üçün Azərbaycan I Avropa Oyunlarında xeyli tursit cəlb edə biləcək. Bu günlərdə ABŞ-ın nüfuzlu "New York Times" qəzeti 2015-ci ildə dünyanın gəzməli-görməli şəhərlərinin siyahısına Bakının da adını daxil etdi. Bu da I Avropa Oyunları üçün ciddi təbliğat xarakteri daşıyır. Gələn turistlərin sayının çox olacağı proqnozlaşdırılır. Ümumiyyətlə, güman olunur ki, I Avropa Oyunları keçirilən dövrdə yayımlardan və ölkəmizə gələn tursitlərin xərclərindən 2 milyard dollara yaxın vəsait əldə etmək mümkün olacaq. Bu yarışlara dövlət büdcəsindən ayrılan vəsaitin təxminən 80 faizini turistlər hesabına kompensasiya etmək mümkün olacaq”.

Ekspert həmçinin əlavə edib ki, I Avropa Oyunlarının məqsədi Azərbaycanı tanıtmaq və gələcəkdə Azərbaycanın turizm sektoruna daha çox tursit cəlb etməkdir:

“Burada məqsəd oyunlar başa çatdıqdan sonra da avropalı tursitləri ölkəmizə cəlb etməkdir. Bu yarışların gəlirləri yalnız yarış ərəfəsində ölkəyə gələn turistlərin sayı ilə məhdudlaşmayacaq. Bu yarış çərçivəsində xarici turstlərin ölkəmizə cəlb olunmasına nail olacağıq. Yarış çərçivəsində ölkəmizdə tikilən meydançalar və digər idman komplekslərindən gələcəkdə də istifadə etmək mümkün olacaq. Oradan gələcəkdə də gəlir əldə olunacaq. I Avropa Oyunları Azərbaycan üçün gəlirli layihə hesab oluna bilər. Yarışma keçirildikdən bir il sonra komplekslər mənfəətlə işləmək imkanına malik olacaq”.

Xatırladaq ki, 2015-ci ilin iyununda Bakıda bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunları keçiriləcək. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti