Prezident rektorun ölümünə görə başsağlığı verdi

Prezident rektorun ölümünə görə başsağlığı verdi
  03 Yanvar 2015    Oxunub:2564
Prezident İlham Əliyev və bir qrup dövlət və ictimai xadim Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

AzVision.az xəbər verir ki, nekroloqda deyilir:

- Azərbaycanın təhsil və elmi ictimaiyyətinə ağır itki üz verib.

Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Fərhad oğlu Qarayev 2015-ci il yanvarın 2-də ömrünün 73-cü ilində vəfat edib.

Siyavuş Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunun Qarağaclı kəndində anadan olub. Gəncə şəhərindəki 24 saylı orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kimya ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1964-cü ildən etibarən keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda başlayan Siyavuş Qarayev 1966–1967-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləyib. O, 1967–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında oxuyub, 1970–1982-ci illərdə isə həmin institutda kiçik elmi işçi, baş elmi işçi, bölmə rəhbəri və dosent vəzifələrini tutub. Siyavuş Qarayev 1982-ci ildən indiki Neft Akademiyasında üzvi kimya kafedrasına rəhbərlik edib, 1988–1997-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı olub. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsində çalışıb.

Siyavuş Qarayev 1970-ci ildə namizədlik, 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1984-cü ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Eyni zamanda o, bir sıra xarici universitetlərin və akademiyaların fəxri doktoru, professoru və üzvü idi.

Akademik Siyavuş Qarayev üzvi kimyaya dair fundamental tədqiqatları ilə tanınırdı. Alimin zərif üzvi sintez sahəsində araşdırmalarının nəticəsi olaraq alınmış yeni maddələr neft sənayesində, təbabətdə dərman preparatlarının alınma üsullarının işlənib hazırlanmasında və kənd təsərrüfatında bitkilərin stimulyatorlarının yaradılmasında tətbiq edilmişdir. Üzvi kimyanın müasir istiqamətləri üzrə bir neçə yeni qanunauyğunluğun aşkara çıxarılması onun adı ilə bilavasitə bağlıdır.

Ömrünü neft kimyası sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına həsr etmiş Siyavuş Qarayev 500-ə yaxın elmi əsərin, həmçinin 5 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 60-dan çox patent və 27 müəlliflik şəhadətnaməsinə layiq görülüb. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda çap olunmuş əsərləri, eləcə də elmi simpozium və konfranslarda çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmib.

Siyavuş Qarayev elmi kadrların yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi altında onlarla gənc alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

Siyavuş Qarayevin elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə dəyərləndirilib. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış kimyaçı alim və pedaqoq, səmimi insan Siyavuş Fərhad oğlu Qarayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Mikayıl Cabbarov
Akif Əlizadə
Tofiq Nağıyev
Dilqəm Tağıyev
Məhərrəm Məmmədyarov
Kamil Sadıqov
Musa Rüstəmov
Nadir Seyidov
Vaqif Fərzəliyev
Vaqif Abbasov


Teqlər:





Xəbər lenti