“Elektron Səhiyyə” xidmətinin açılışı oldu

“Elektron Səhiyyə” xidmətinin açılışı oldu
  29 Dekabr 2014    Oxunub:1239
Bu gün “Elektron Səhiyyə” xidmətinin açılışı olub.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bir çox tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında 29.12.2014-cü il tarixində nazirliyin bu ulin son və ən müasir standartlara cavab verən ES (Elektron Səhiyyə) xidmətinin açılış mərasimi olub.

Səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, modern, çevik, dövlət orqanının fəaliyyətində şəffaflığın artırılması, əhaliyə vaxt itkisinə yol vermədən müraciətlərinin həlli baxımından bu xidmətin yaradılması çox mühüm məsələlərdəndir.

“Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yaradılmış mərkəzdə əhaliyə ilkin olaraq 15 elektron xidmət göstəriləcək. Həmin xidmətlər tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüququ məsləhətlər, tibb mütəxəssislərinin hazırlığa və ixtisas kurslarına göndərilməsi, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi və səhiyyəyə aid olan digər məsələlər daxildir. Burda “bir pəncərə” prinsipi ilə vaxt itkisinə yol vermədən keyfiyyətli xidmətdən istifadə etmək mümkün olacaq. ES mərkəzində bütün prosedurlar çox asan icra olunacaq.

Mərkəzə daxil olan vətəndaş ilk olaraq koordinatora yaxınlaşır. Koordinator onun probleminin istiqamətini müəyyən etdikdən sonra növbəti terminala yaxınlaşaraq operatora müraciət edir. Operator vətəndaşın şəxsiyyət vəsiqəsini oxucu cihazla skan etdikdən sonra 15 mövzudan birini seçir. Daha sonra vətəndaşa sıra nömrəsi təqdim olunur və o, müəyyən edilən operatorun yanına keçir. Burda quraşdırılmış növbə terminalı dünyada ən müasir elektron növbə prinsipini icra edən avadanlıqlardandır. Bu mərkəzdə nazirliyə müraciət etmiş şəxs öz müraciətinin həllinin gedişatı, hansı mərhələdə olması barədə də məlumat əldə edə biləcək. Mərkəz vətəndaşlığından asılı olmayaraq, hər kəsə həftənin 6 iş günü 10 nəfər heyətlə ərzində xidmət göstərəcək. Burda həmçinin vətəndaş öz yazılı müraciətini dinamikada izləyə bilər. ES-də quraşdırılmış “kiosk” cihazı imkan verir ki, onun vasitəsi ilə Səhiyyə Nazirliyinə yazılı müraciət edən şəxs qeydiyyat nömrəsini, müraciətinin hansı şöbədə və hansı mərhələdə olmasını izləsin. Mərkəzində bir necə infraqırmızı kameralar quraşdırılıb. Onlar 24 saat ərzində onlayn rejimində çalışacaqlar. Aşağı mərtəbədə xüsusi vəziyyətlər üçün, otaq nəzərdə tutulub. Burda daha emosional, problemli vətəndaşlar qəbul olunur və onlara individual şəkildə problemləri ilə tanış olunacaq və lazımi yardım göstəriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti