`Biz qurşaqdan aşağı dəyərlərə şığıyırıq` - Aqşin Yenisey | MÜSAHİBƏ

`Biz qurşaqdan aşağı dəyərlərə şığıyırıq` - Aqşin Yenisey | MÜSAHİBƏ
  25 Dekabr 2014    Oxunub:10503
Ardı. Əvvəli BURADA

- Təxminən, 10 il əvvəl aktiv olan bir neçə gənc yazar var idi. Siz, Seymur Baycan, Günel Mövlud, Əli Əkbər və s. sizdən başqa onların demək olar ki, hamısı bu və ya digər şəkildə ictimai-siyasi proseslərə qoşuldular. Bircə siz bundan kənar qaldız. Niyə?


- Mənim imzamın tanınmağı çox tez baş verdi. İlk kitabım 20-25 şeirdən ibarət idi, Murad Köhnəqalanın köməkliyi ilə çap olunmuşdu. Onda 20-21 yaşım var idi və hamı oradakı şeirlərdən danışırdı. Mən dilimin ucuyla da olsa, şöhrətin dadına baxdım. Kim deyirsə ki, mən şöhrətpərəst deyiləm, yalan sözdür. Çoban da şöhrətpərəstdir, yoxsa o qədər qoyun otarmaz. İlk kitabın təsdiqindən sonra ədəbi canfəşanlığa ehtiyacım olmadı. Yaxınlarım Allah şahididir ki, bu kitabdan sonra bir müddət utandığımdan şeirlərimi imzasız, ya da tərcümələr kimi çap edirdim. Heç vaxt başqaları kimi özünütəsdiq hərisliyinə yoluxmadım, özünütəsdiq naminə siyasi partiyaların, sosial-ictimai “qurdlar vadilərinin”, təşkilatlanmış çayxanaların qapısından qovulanda, bacasından girən qələmgəzdirənlərə qoşulmadım, daha doğrusu, özləri məni uzaqlaşdırdılar. Bu gün ədəbiyyatda batırmadıqları ocaq başı qoymayan Herostradların, Messalinaların çoxu mənim ilk kitabımın hay-küyünü eşidib ədəbiyyata şığıyan tanışlarım və dostlarımdır.

Bu kitabın uğurunun məsuliyyəti gözümü qorxutdu. Anladım ki, bundan sonra ağzıma gələni yazmağa, nə yolla olur-olsun daha çox oxucunu öz tərəfimə çəkməyə ixtiyarım yoxdur. Ümumiyyətlə, yazıçı oxucunu öz tərəfinə çəkmək haqqında düşünməməlidir, onun ətrafı da qəlbi kimi həmişə kimsəsiz olmalıdır.

- “Yazıçının işi oxucunu qıcıqlandırıb onun diqqətini cəlb etməkdir” – fikrini müdafiə edənlər də var.

- Mənim qələmgəzdirən dostlarımın da arasında elələri var və bu fikri müdafiə edirlər ki, hazırda istedad yaradıcı meyar deyil, əsas meyar mütaliədir. Bunu o adamlar deyirlər ki, cəmiyyətdə heç kim onlar haqqında “istedadlıdır” sözünü demir. Bu yanaşma, sadəcə, özünümüdafiə taktikasıdır. Qıcıqlandımaq da həmçinin, cəmiyyəti hər şeylə qıcıqlandırmaq olar, bundan ötrü yazıçı olmaq məqsədlərin ən düşüyüdür. Zamanın sınağından çıxmış yazı adamların coxu, az qala, yaşadıqları dövrü unudub yazan yazıçılardır. Hitlerin liderliyinə nifrət edən, Ştevan Svayq, sanki, öz ölkəsinin siyasi mənzərəsini unudaraq, bir barmaq işarəsiylə milyonların qanını tökmüş tarixi şəxsiyyətlərin, Napoleonun, II Mehmetin hünərindən heyranlıqla yazırdı. Yaxud Şopenahuerin birinci kitabı 16 il nəşriyyatın anbarında qalmışdı. 16 ildən sonra onu gərəksiz kağız yığını kimi maklaturaya vermişdilər. “Hər yazıçı öz dövrünü yazır” ideyası sovet ideologiyasının kələyidir.

- Şopenhauer Azərbaycana hələ indi gəlib çatır, xüsusən də qadınları qıcıqlandırır.

- Hə. Fəlsəfədə onu “qadınların qənimi” adlandırırlar. Bu da onun anası ilə münasibətlərinə bağlıdır. Anası da istedadlı qadın olub, yeniyetmə vaxtı Şopenhaueri itələyib pilləkəndən yıxıb ki, iki dahi bir evdə yaşaya bilməz. Öz oğlunu öldürmək istəyib. Ona görə də o, anasından ayrılıb, ömrü boyu tək yaşayıb. O, fəsəfədə qadınlardan anasının qisasını alırdı.

Kim harada öz boşluğunu görürsə, onu müdafiə etmək üçün özünə bir ehkam uydurur. Mən o boşluğu göstərmirəmsə, bu, o demək deyil ki, məndə belə şey yoxdur. Hətta oğurlayanda da elə oğurlayıram ki, heç bir it məni çəpərdən aşanda tuta bilməsin.

- Bir-ikisini deyə bilərsiz?

- Yox, bu, o demək deyil ki, bütün yaradıcılığım peşəkarcasına gizlədilmiş oğurluqlardan ibarətdir (gülür). Məsələn, son şeirim “37-nin qışı”nı çoxdan yazmışdım, sözlərlə şəklini çəkmişdim, mövzusu, misra düzülüşü, bəstəsi hər şeyi hazır idi, amma hiss edirdim ki, nəsə çatmır, şeirin poetik ideyasını öz arxasınca aparan güc zəif idi. Qəfildən televizorda Mirşahinin İsmət Qayıbovun oğlundan aldığı müsahibədə qulağım onun bir sualındakı cümləni dəldi: “20 il bundan əvvəl ağlamaq daha asan idi”. Sən demə, axtardığım bu imiş. O, təsadüfi ifadəni götürüb şeirin, bir növ, nəqarətinə çevirdim – “Ötən il, elə bil, daha asan idi ağlamaq”.

Başqa bir şerimdəki “Yolların ucuz vaxtıydı” misrasını da bir qocaman sovet müəlliməsinin danışığından çırpışdırmışam. Bu cür oğurluğa dünyanın bütün yazıçıları gedir. Apolliner küçədə eşitdiyi səslərdən şeir düzəldirdi, yaxud Markes müsahibəsində “Patriarxın payızı” haqqında danışanda deyir ki, o əsəri yazmadan əvvəl Kolumbiya kitabxanalarında diktatorlarla bağlı yazılan bütün kitabları oxudum və hərəsindən bir şey götürdüm. Buna oğurluq demək olmaz. Bizi pis tərbiyə ediblər, ədəbiyyata yanlış yanaşırıq. Göydən ilham pərisinin gəlişini gözləyirik.

Ədəbiyyat elm sahəsidir. Tutalım, sevgi hissindən yazırsansa, o hissin mənşəyini araşdırmalısan. Bizdə sevgi hissini metafizik bir şey kimi başa düşürlər, halbuki bu hiss tamamilə hormonal hadisədir. Yazımda da yazmışdım ki, bizə sırınan bu mücərrəd fəlsəfələri gənclərə ötürmək olmaz. İntuisiya ilə, fəhmlə yaradılan əsər incəsənətin mövhumatını yaradır, necə ki, qoyun sürüsü də tütək səsinə feyziyab ola bilir.

- Bir şeiriniz var idi, “Nəsiminin soyulmuş dərisi haqqı”. Bu yaxınlarda “Van Qoqun qulağına şeir pıçıldamaq” yazmısız. Bədəndən ayrılmış əzalar niyə belə maraqlıdır?

- Bizim ədəbiyyatımızda, xüsusilə poeziyamızda gülün, suyun, ağacın, otun bədəni var, amma insanın bədəni yoxdur. Mən həmişə onu düşünmüşəm ki, bədəni şeirə necə gətirmək olar? Bizim şerimizin ağrıları mücərrəd, mifik bədənlərin ağrılarıdır. Füzuli kədəri bədəni olmayan kədərdir. Ağrını göydə, insandan kənarda axtarmaq lazım deyil, bu ağrı Nəsiminin soyulmuş dərisində, Van Qoqun kəsilmiş qulağındadır. Məni ağrının reallığı maraqlandırır. Qriboyedovun Bakıda başının kəsilməsi haqqında bir şeir yazmışdım, orda belə bir misra vardı: “Sanki, ilk dəfə görüşürdü Allahla yara”. Mən bədən haqqında düşünəndə ilk növbədə yara haqqında düşünürəm.

- Bizim poeziyada iki manupilyasiya mövzusu var – ruh və ölüm. Ruha daha çox müraciət edirlər, “ruhum sıxıldı”, “ ruhum darıxdı” və s. ruhla bağlı real substansiya kimi danışırlar. Sizin poeziyanızda demək olar ki, bu, yoxdur. Bu, şüurlu şəkildə imtinadır?

- Açığını deyim ki, məni ölümdən Ramiz Rövşən poeziyasındakı ölüm, rudan isə Vaqif Bayatlı Odər poeziyasındakı ruh bolluğu uzaqlaşdırdı. Ölüm, ruh, tənhalıq, sevgi kimi mövzular Şərq poeziyasının aftafa-ləyən mərhələsidir.

Mən heç vaxt humanitar fənnləri sevməmişəm, şeirlərimi də çox vaxt riyazi qanunlarla yazıram, Tutalım, “Fikrin maye halıdır göz yaşı” misrası adi fiziki prosesin poetikasıdır. İnsan nəyinsə fikrini çəkir, bu, onda sarsıntılar yaradır, ağrı əmələ gətirir və bu üzüntünü də insan bədəni suya çevirir. Başqa bir şeirdə də yazmışdım ki, “Suyu göz yaşına çevirmək kimi bir qüdrət verilib insan bədəninə”. Bu, şeirin riyazi hissəsidir, daha sonra bunun poetik izahını vermək lazımdır: “Göz yaşına çeviriləndə itkin düşür su”. Dünyanın hər yerində mədəniyyətin zatı şeirdən gəlir. Quranın da kökü şeirə bağlıdır. Lev Qumilyov da belə izah edir ki, V əsrdə ərəblərdə poeziya inkişaf etdi, bu da Quranın peyda olmasına gətirib çıxardı. Mən heç vaxt incəsənətlə məşğul olmamışam, yazdığım şeirlər düşüncələrimdir, sadəcə, düşüncələrimi bu formada ifadə etmək məni əyləndirir.

- Necə uşaq olmusuz?

- On. Mən evin birinci uşağı olduğuma görə uşaqlığın nə olduğunu bilməmişəm. Həmişə məsuliyyət mənim üstümdə olub. Kafka demişkən, yəhudilər kimi qoca doğulmuşam dünyaya. Gözümü bir də onda açdım ki, artıq evdə atalıq funksiyasını yerinə yetirirəm. Platonovun “Semyon” hekayəsi var, mənim uşaqlığım təqribən Semyonun uşaqlığıdır. O hekayədə Semyonun anası ölür, o da evin böyük uşağıdır, balacalar ananın yoxluğunu hiss etməsin deyə anasının paltarını geyinir, uzun müddət balaca bacı-qardaşlarına analıq edir.

- “Dostum özünün anasına yox, yatdığı fahişəyə borclu bilirdi”. Bu şeirinizi illər əvvəl oxumuşam və məni həmişə düşündürüb. İnsan özünü kimə borclu bilməlidir?

- Mənə elə gəlir ki, insanın vicdanı çox yaxşı bilir kimə borclu olduğunu. Amma elə borclar var ki, onları heç vaxt ödəyib qurtarmaq olmur, Məsələn, anaya, həyat yoldaşına, vətənə olan borc. Kim düşünürsə ki, bu borcları axıra qədər ödəyib bitirə bilər, yanılır. O, həmişə sələmdədir. Sən ödəyirsən, amma ana, həyat yoldaşı, vətən yenə öz faizini gəlir üstünə. İnsanı narahat edən borc insanın əsas borcudur. Şəxsən məni indi yalnız istedadıma olan borcum narahat edir.

- Vaxt var idi siz və sizinlə eyni dövrdə üzdə olan yazarlar evlənməyi çox ciddi tənqid edirdiz. Sizdə isə bu fikir daha güclü idi. Hətta bir yazınızda gələcək evliliyinizi təsvir edirdiniz. Əllərində ərzaq dolu çantalar və təpiklə qarpızı itələyə-itələyə evə gətirirsiz və burada ən çox marağınızı çəkən qarpızdır. Heç evə qarpız almısız?

- Bir-iki dəfə. Bizim evdə qarpız çox da populyar meyvə deyil. Evlilik mənim üçün məişət dostluğu deməkdir, əgər bu məsuliyyətin altına girmisənsə, boynuna mindirdiklərinin içərisində ən ağır qarpız da olmalıdır. Elə bilməyin ki, boynuna təkcə arvadı mindirirsən, o öz qucağında bilirsən nə qədər gərəkli-gərəksiz ayın-oyun saxlaya bilir?! (gülür).

Mən patriarxal təbiətli insanam, sevgiliyə Avropa, dostluğa Monqolustan, ailəyə ərəb dəyərləri ilə yanaşmaq mənə görə kişi qırıqlığıdır. Qadın kişinin həm sevgilisi, həm dostu, həm də arvadı olmalıdır. Birində laxladısa, Babil qülləsi dağıldı demək. Bizim ailələrə tətbiq edilmiş Avropa dəyərləri gec-tez ər və arvadı məişət tüfeyillərinə çevirir. Çünki bizdə o zat yoxdur.

Mən necə məsələn, hind dəyərləri ilə yaşaya bilərəm? Vəfat etmiş atamı odun yığıb yandıra bilərəm? Kök olmadığına görə gəlmə dəyərlərin də toxumları tez quruyur. Gücün çatırsa Avropanın ictimai, siyasi, təhsil, səhiyyə dəyərlərini götür. Niyə məhz qurşaqdanaşağı dəyərlərə şığıyırsan? Çünki xalq olaraq götürdüyümüz çəkini qurşağa qədər qaldıra bilirik. Avropanın qurşaqdanyuxarı dəyərləri daha ağırdır, onu gəzdirməyə mənəvi hünərimiz çatmır.

Məişəti çıxmaq şərtilə Azərbaycanda mənə elə bir sahə göstərin ki, orada başdan-ayağa qərbləşmə gedib və biz o sahədə geriləmişik, o sahədə rüşvət daha da artıb, kitab oxuyanların sayı azalıb və s. Məişətimiz isə Avropasız da yaman gündə idi. Çox uzağa getmirəm, 100 il əvvəlki Çar Rusiyası dövründə kişilərimiz öz düşmənlərinin atının quyruğunu kəsirdilər ki, guya, onun ləyaqətini alçaldırlar. Ləyaqətimiz at quyruğu ilə ölçülürdü. Əlində qayçı gecə pusa-pusa gedib fağır bir atın quyruğunu kəsirsən. Atın nə günahı var? (gülür). İndi bu milli mal təzəyinə Avropa dondurması qatmaqla biz nə düzəltmək istəyirik? Sual budur.

- Sonuncu dəfə imza gününüzdə demişdiz ki, həkimlər mənə şeir yazmağa icazə vermir. Şeir həm də fiziki əzabla bağlıdır?

- Həkimlər yazı-pozuyla bağlı qadağaları xəstəliyimin tibbi müayinəsinə əsasən qoymuşdular. Çox danışmaq, çox oxuyub-yazmaq, hətta bəlkə də, çox düşünmək də olmazdı. Leninin gününə düşmüşdüm. Çünki mən yazını xəyal gücünə yazmıram. Fikrimi sərrast ifadə etməkdən ötrü lazım olan bir sözü dildə axtarıb tapanacan evdə o baş-bu başa, yalan olmasın saatlarla yol gedirəm. Bunun üstünə yazı prosesinin həyəcanını da gəlsək, görün nə qədər yanacaq sərfi alınır. Yaradıcılığın da əsas qanunu mexanika qanundur: qazanmaq üçün itirməlisən, bəzən əsəbilərini, bəzən sağlamlığını, bəzən də bütün həyatını…

Fatimə Kərimli
Vüsal Məmmədov



Teqlər:  





Xəbər lenti