Hərbçilərlə bağlı qanun dəyişir

Hərbçilərlə bağlı qanun dəyişir
  19 Dekabr 2014    Oxunub:2022
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin dekabrın 19-da keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilib.
Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov qanuna təklif olunan dəyişikliklərin hərbi uçot və qeydiyyat qaydalarının təkmilləşdirilməsi məqsədini daşıdığını söyləyib.

Bildirilib ki, qanunun 2-ci maddəsindəki “hərbi qeydiyyat” anlayışı yeni redaksiyada veriləcək. Eləcə də anlayışlar sırasına ayrıca “hərbi qeydiyyata götürülməli olmayanlar” anlayışı əlavə olunur. Bununla da hərbi qeydiyyata götürülməli olmayanların dairəsi dəqiq müəyyənləşir.

Belə ki, Azərbaycan vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yarasız hesab edilmiş, törədilmiş ağır və xüsusi ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar, eləcə də qadın vətəndaşlar hərbi qeydiyyata götürülməli olmayanlar kateqoriyasına aid edilir.

Müzakirələr zamanı deputatlar bildiriblər ki, dəyişikliklər qanunun daha yaxşı işləməsinə xidmət edəcək.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunub.(AzərTAc)



Teqlər:  





Xəbər lenti