“Köklü dəyişiklik olacaq” - Rəis müavini söz verdi

  16 Dekabr 2014    Oxunub : 3369
“Köklü dəyişiklik olacaq” - Rəis müavini söz verdi
“Qərb dövlətlərinin əksəriyyətində avtobuslarda elektron rəqəmsal topoqraflar qoyulur və bu, həmin nəqliyyat vasitəsinin iş müddətində onun hərəkət sürətinə nəzarət etməyə imkan verir. Bu topoqrafların Azərbaycanda da tədbiq edilməsi gündəmdədir”.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı artıq Nəqliyyat Nazirliyi ilə müvafiq təşkilati işlər görülüb:

“Avtobuslarla sərnişindaşımalarda rəqəmsal topoqrafların tətbiqi planlaşdırılır. Buna nəzarəti həm Nəqliyyat Nazirliyi, həm də DİN həyata keçiriləcək. Yaxın zamanlarda məsələ öz həllini tapmalıdır”.

Baş DYP İdarəsinin rəis müavini onu da qeyd edib ki, sürət həddinin aşılmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması məsələsi aktualdır:

“Bu gün sürət həddini 60 km-dən artıq aşılması İnzibati Xətalar Məcəlləsinə görə tənzimlənir və buna görə 250 manat cərimə nəzərdə tutulub. Avtobus sürücülərinin gün ərzində 8 saatdan artıq işləmələri həqiqətən də çox təhlükəlidir və bu məsələni Nəqliyyat Nazirliyi ilə bir neçə dəfə müzakirə etmişik. Bununla bağlı NN tərəfindən daşımaların təşkilatçısı nazirlik özü olduğu üçün məsələnin həlli istiqamətində onlar tərəfindən müəyyən addımlar atılır. Yaxın vaxtlarda bu avtobuslarla sərnişindaşımaların təşkili məsələsi köklü sürətdə dəyişdiriləcək”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: