Bakıda tıxac yaradan səbəb – polis nə deyir?

Bakıda tıxac yaradan səbəb – polis nə deyir?
  15 Dekabr 2014    Oxunub:2047
Paytaxt Bakıda demək olar ki, hər gün yol qəzası baş verir. Qəzaların çoxu şəhərin mərkəzi küçələrində qeydə alınır.
Qəzaya düşən sürücülər hadisə yerinə yol polisi və sığorta şirkətinin əməkdaşlarının gəlməsini gözləyirlər. Odur ki, qəzadan sonra uzu-bucağı görünməyən tıxaclar yaranır.

DYP əməkdaşı hadisə yerinə gəlmədən qəzaya düşən avtomobilləri yolun kənarına çəkmək olarmı?

Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi baş verdiyi yerdə dayanması digər nəqliyyatın hərəkətinə maneçilik törədirsə, həmin nəqliyyat vasitələrinin yeri işarələnməklə qəzaya düşən nəqliyyat vasitələri yolun kənarına çəkilə bilər.
Şöbə rəisinin sözlərinə görə, hadisə yerinə yol polisi əməkdaşı gəlmədən, hər iki sürücünün razılığı ilə onlar əraziə üzrə Dövlət Yol Polisinə gedib baş vermiş yol-nəqliyyat hadisəsini qeydə aldırmalıdırlar:

“Bu Yol hərəkəti haqqında qanunun 37-ci maddəsində də göstərilir. Əgər qəza zamanı avtomobildə ölən və yaralanan varsa, bu halda nəqliyyat vasitəsinin hadisə yerindən çəkilməsi üçün, dəqiqliyi ilə şahidlər barədə də məlumatlar yığılmalıdır, yalnız bundan sonra nəqliyyat vasitələri qeyd olunan hadisə yerindən çəkilməlidir”.

K.Əliyev təəssüflə qeyd edib ki, bəzən çox cüzi maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi olan kimi sürüclər avtomobilləri yolun hərəkət hissəsindən çəkmirlər.

“Bəzən 3 zolqalı yolda 2 zolağı tutub dayanırlar və sığorta nümayəndəsinin gəlməsini gözləyirlər. Amma başa düşməlidirlər ki, sığorta əməkdaşının hadisə yerinə gəlməsi ən azı yarım saat vaxt alır. Bu qədər vaxtda yolda hərəkətin iflic vəziyyətinə düşməsi digər yollara da təsir göstərir. Yol qəzası maddi zərərlə nəticələnibsə, indi hər kəsdə ən azından foto və videoya malik telefonları var. Onun vasitəsilə nəqliyyat vasitələrinin toqquşduğu ərzinin 3 hissədən şəkilini çəkə bilərlər. Həmin fotolar vasitəsilə hadisəni müəyyən etmək olar. Ondan sonra öz avtomobillərini oradan uzaqlaşdıra bilərlər. Sığorta şirkətləri də yol polisinin verdiyi sənəd əsasında dəymiş zərərin qəbul olunması ilə bağlı qərar qəbul edirlər”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti