Döyülən icra başçısı haqda yeni AÇIQLAMA

Döyülən icra başçısı haqda yeni AÇIQLAMA
  11 Dekabr 2014    Oxunub:3217
“İcra başçısı Nizami Hacıyevin səhhəti yaxşıdır. O, hazırda həkim nəzarəti altındadır və bir neçə günə xəstəxanadan evə buraxılacaq”.
Bunu AzVision.az-a açıqlamasında YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, icra başçısının səhhəti normaldır və heç problem yoxdur.

Eyni zamanda Naqif Həmzyev Kəlbəcər sakinlərinin aksiyası ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Hadisədən bir gün əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin iştirakı ilə həmin qəsəbədə Kəlbəcər sakinləri ilə görüş keçirilib. Sakinlərə izah edildi ki, həmin yerdə infrastruktur layihələrini həyata keçiriləcək və həmin evlərin bir çoxunun sənədi yoxdur. Belə ki, qəsəbədə xüsusi küçələr müəyyənləşdirilməlidir. Bir müddət əvvəl orada bir qrup dəllal tərəfindən qanunsuz olaraq torpaqlar satılıb. Sakinlər də necə gəldi orada ev tikiblər. Görüş zamanı da bildirildi ki, kim ki, uzun müddət orada yaşayırsa, biz onların evlərini sənədlə təmin edəcəyik. Kim yaşamırsa, torpaqları öz hesabına özəlləşdiribsə, həmin insanlara da şərait yaradacağıq ki, problemləri olmasın. Bu hadisəni də törədən 5-6 nəfər dəllaldır. Onlar hətta dövlət tərəfindən evlə də təmin olunublar. Lakin yenə də qanunsuz olaraq, torpaq satmaqla məşğuldurlar. Bu torpaq məsələsindən narahat olan dəllallar bir neçə nəfərlə hazırlaşaraq, təxribat törədiblər və insanları yalnış yerə yönləndiriblər. Həmin şəxslər camaatı yanlış yerə çəkərək dövlət qulluqçusuna qarşı belə bir hücum təşkil etdilər. Onlar qanun qarşısında cavab verəcəklər”.

N.Həmzəyev eyni zamanda bildirib ki, həbs olunanlar arasında sadə kənd sakinləri yoxdur: “Həmin o təxribatı törədən şəxslər həbs edilib və onlar qanun qarşısında cavab verəcək. Biz qanun çərçivəsində bütün müraciətləri cavablandıracağıq və vətəndaşlara kompensasiyalar verəcəyik”.

Yenidən vətəndaşlarla görüş keçirilməsindən danışan Naqif Həmzəyev qeyd edib ki, ötən gün axşam icra başçısı Elmar Vəliyev yenidən vəətndaşlara görüşüb:

“Hazırda həmin yerdə bizim komissiya fəaliyyət göstərir və qeydiyyat aparılır. İcra başçısı dünən axşam ikinci dəfə vətəndaşlarla görüşdü. Vətəndaşlarla artıq heç bir problem yoxdur. Onlar bu işlə razıdırlar. Hər dəqiqə həmin yer nəzarətdə saxlanılır. Əgər hansısa bir sakin icra başçısı ilə şəxsən görşəmək istəsə biz şərait yaradacağıq ki, görüşsün və şikayətini bildirsin”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti