“Əli Kərimli satqın olduğunu göstərdi” – Sərdar Cəlaloğlu

  07 Dekabr 2014    Oxunub : 4672
“Əli Kərimli satqın olduğunu göstərdi” – Sərdar Cəlaloğlu
“Əli Kərimli müxalifətin lideri deyil. O, heç AXCP lideri ola bilmədi. Elçibəyin ölümündən sonra partiya parçalandı. Əli Kərimlinin əlində qalan hissə 6-7 yerə dağıldı. Bir təşkilata liderik edə bilməyən insan müxalifətin necə lideri ola bilər? Bütün bunlar onun hakimiyyət hərisliyini göstərir. O, müxalifətdə qalmağından özünə hakimiyyət düzəltmək istəyir”.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğli “Yeni Müsavat”a bildirib.

AXCP sədrinin haqqında səsləndirdiyi ittihamlara cavab verən S.Cəlaloğlu Əli Kərimlinin Elçibəyə xəyanət etdiyini diqqətə çatdırıb:

“Bizi tənqid edənlər keçmişə nəzər salsınlar. Əli Kərimli deyir ki, Elçibəy liderimdir. Qeyd edim ki, ölənə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünki ona sağlığında xəyanət etmişdi. 1998-ci ildə seçkilər boykot ediləndə, Elçibəyin müavini ola-ola Etibar Məmmədovla saziş imzalamışdı. Öz fikirlərini diktə etdirmək üçün Xalq Cəbhəsinin daxilinə “yurdçular” salmışdı. Əli Kərimli müxalifətin bir neçə birliyini parçalayıb, parlamentdən yer alan şəxsdir. O, 1.2% səs toplamaqla 6 deputatla təmsil olundu”.

ADP sədri heç yerdə demədiyi şok faktlar açıqlayıb: “Bu adamın hərəkata gəlməsinin özü necə olub? Onu universitetdən meydana göndərən komsomol katibi kimdir? Hansı məqsəd və tapşırıqla göndərib? Elə bilirlər ki, hər şey unudulub. Zənn edirlər ki, kim hakimiyyəti söyürsə, müxalifət odur. Səndə bu güc, qüdrət varsa, nə əcəb şəxsiyyət vəsiqəni ala bilmirsən? Sən öz hüququnu qoruya bilməyən bir insansan. Guya ki, hüquqşünassan. Sizin qəzetiniz vasitəsilə bəyan edirəm ki, Əli Kərimli gəlsin, üzbəüz danışaq. Sosial şəbəkələrdə mənə qarşı ”meyityaran" kimi ifadələr işlədilir. Bütün vəzifələr şərəflidir. O hesab edir ki, ölü yarmaq pis peşədir, o zaman qərar verən hakimlik də pisdir”.

ADP sədri Əli Kərimlini satqınlıqda ittiham edib: “Müxalifətin bu günə düşməsinin baiskarı Əli Kərimlidir. 2003-cü ildə İsa Qəmbərin namizədliyi məsələsində Əlinin hansı oyunları oynadığını çox gözəl bilirəm. İsa Qəmbər, Lalə Şövkət, Etibar Məmmədov və Rəsul Quliyev də yaxşı bilir. Onun həmin vaxt mənə dediyi bir sözü açıqlayacağam. Mənə demişdi ki, adım satqın kimi çıxdığına görə sən bütün qüvvələrin İsa Qəmbərin ətrafında birləşməsi ideyasını irəli sür, mən də Etibara təzyiq edəcəm. İsa Qəmbəri dəstəkləməsi üçün onun xahişini yerinə yetirdim. Amma onun xarakteri özünü büruzə verdi. Bizdən xəbərsiz İsa Qəmbər və Etibar Məmmədov arasında görüş keçirmişdi. Bizi kənarda qoymaq üçün. Orada da satqın olduğunu göstərdi. Sərdar Cəlaloğlunda hakimiyyət kreslosu yoxdur. Əli, get hakimiyyətlə davanı apar. Gecə-gündüz 5-10 nəfər tərbiyəsizə məni söydürür, “Azadlıq” qəzetində palaz-palaz yazılar dərc etdirirsən. Bəzən bu əxlaqsız sözlərə cavab verməyə məcbur oluram".

Teqlər: