Sərdar Cəlaloğlu: `Əli Kərimli pula həris adamdır` – Müsahibə

Sərdar Cəlaloğlu: `Əli Kərimli pula həris adamdır` – Müsahibə
  06 Dekabr 2014    Oxunub:2839
“Əli Kərimlinin ətrafında olan öz dostları, qrup və sinif yoldaşları da onun əleyhinə çıxış edirlər”

“O, siyasət üçün demək olar ki, zərərli, öz xalqının taleyini o qədər də düşünməyən, daha çox bər-bəzəkli həyata meyl edən, xüsusi hərisliklə sərvətə və hakimiyyətə can atan adamdır”.
Bu fikirləri AzVision.az-a müsahibəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib:

-Sərdar bəy, diqqət edirsinizsə son günlər müxalifət düşərgəsində vəziyyət elə də ürəkaçan deyil. Xüsusən də AXCP sədri Əli Kərimli daha çox qalmaqalla gündəmə gəlir, keçmiş müttəfiqlərinin – Müsavatın ünvanına kəskin ittihamlar səsləndirir. Müxalifət düşərgədə nə baş verir?

-Siyasi liderin hakimiyyət uğrunda mübarizə aparması təbii haldır, amma bunun hərisliyə çevrilməsi, bu zaman əxlaqın nəzərə alınmaması, Makiavellinin “nəticə səbəbə haqq qazandırır” prinsipinin rəhbər tutulması sizi bugünkü çətin vəziyyətə salar, skandal obyektinə çevirər. Əli Kərimli də Makiavellinin o prinsipini rəhbər tutaraq istənilən vasitə ilə hakimiyyətə gəlmək ideyası ilə yanaşdığına görə bugünkü çaxnaşmaların, mübahisələrin hədəfinə çevrilib.

- Sizcə, AXCP özünü müxalif cəbhədən təcrid etməklə nə əldə etmək istəyir? Ümumiyyətlə Əli Kərimlini uğurlu siyasətçi hesab etmək olarmı?

-Əli Kərimliyə Allah elə tale qismət eləmişdi ki, o, Əbülfəz Elçibəyin yanında müəyyən postu tutmuşdu, onun tərəfindən yüksək qiymətləndirilmişdi. Gözəl hüquq təhsili almışdı. Siyasətçi üçün lazım olan bir çox xüsusiyyətlər var ki, Əli Kərimli təbii şəkildə onlara malik idi. Boy-buxun, davranış, ritorika və s. Amma Əli Kərimli özündə olan istedadı, bacarığı yanlış yolda, qeyri-sağlam təfəkkür istiqamətində sərf elədi. Ona görə də Azərbaycan müxalifətində Əli Kərimlini bir mənalı qiymətləndirmək mümkün deyil. İlk baxışda danışığına, ritorikasına görə onu vətənpərvər, ağıllı, xalqı üçün hər şeyə qurban gedə bilən adam kimi görünsə də pərdəarxasında apardığı hərəkətlərə baxanda bu adamın siyasət üçün demək olar ki, zərərli, öz xalqının taleyini o qədər də düşünməyən, daha çox bər-bəzəkli həyata meyl edən, xüsusi hərisliklə sərvətə və hakimiyyətə can atan adam olduğu aydın olur.

O, 19-20 yaşlarında Dövlət Katibi vəzifəsinə gəlmişdi, bir neçə dəfə hakimiyyətlə oyunlara gedib parlamentə düşdü. Allahın insana verdiyi belə şansları o, elə qiymətləndirməli idi ki, divident kimi sonrakı inkişafına xidmət etsin. Amma təəssüf ki, Əli Kərimlinin ətrafında olan öz dostları, qrup və sinif yoldaşları belə onun əleyhinə çıxış edirlər. Fazil Mustafa, Qüdrət Həsənquliyev və Əliməmməd Nuriyevin hər üçü onunla bir yerdə oxuyub. Sinif yoldaşı olmuş Əliməmməd Nuriyev həm də onun qohumudur. Amma onların heç biri Əli Kərimlinin yanında deyil. Bir sözlə, onu yaxından tanıdıqca uzaqlaşdırlar. Kim ki, onu səthi tanıyır onlar da Əli Kərimlinin yanındadır. O, belə ziddiyyətli fiqurdur.

-Təkcə dostları ilə yox elə digər partiyalarla da münasibətləri qaydasında deyil...

-Başqa partiyları bir kənara qoyaq, Müsavatla AXCP bir-birindən nazik xəttlə ayrılır. Hər ikisi demək olar ki, eyni ideologiyaya xidmət edir, hər ikisi Elçibəy hakimiyyətinin tərkibində olub, hər ikisi xalq hərəkatında iştirak edib. Bu gün bu iki təşkilatın son 20 ildə apardığı daxili mübarizə bütövlükdə Azərbaycanın həm siyasi inkişafının da qabağını aldı, həm iqtidar-müxalifət münasibətlərinin düzgün formalaşmasına imkan vermədi, həm də müxalifətin özündə çox yanlış ənənələr formalaşdırdı – müxalifətin bir-birilə intriqa aparması və s. İkinci mühüm məsələ siyasi əxlaqa o qədər də meyl göstərilmir. Məsələn, Əli Kərimlinin tərəfdarlarının virtual aləmdə və “Azadlıq” qəzetində yazdıqları əxlaq çərçivəsindən kənara çıxmaqla ifadə olunur. Əslində insanlar öz fikirlərini elmi şəkildə arqumentlərlə əsaslandıra bilərlər, amma bunlar yalnız təhqir, söyüş yolu ilə danışırlar. Çünki ətrafında intellektual səviyyəsi olan, ziyalı adamlar yoxdur. Partiyanın dekorunda ziyalı adam iştirak etsə də, əslində onun ətrafında olanlar mənəvi cəhətdən yetkin olmayan adamlardır. Daha çox küçə psixologiyası ilə düşünən adamlardır ki, öz aləmlərində guya böyük bir kəşf edirlər, yeni söyüş tapmağı böyük siyasət hesab edirlər.

Bir də ən vacib amillərdən biri budur ki, Əli Kərimli politologiya əsasında siyasətlə məşğul olmur. O əsasən özünün şəxsi təsəvvürləri əsasında siyasət aparır. Onun bir çox fikirləri politologiya elmi ilə uzlaşmır. Buna görə də yalnış qərarlar verir. Şəxsən mən belə hesab edirəm ki, müasir dünyada elmi şəkildə siyasətlə məşul olmadan heç bir nailiyyət əldə etmək olmaz.

Azərbaycan müxalifətinin son 20 ildə ciddi nəticələr əldə etməməsinin bir səbəbi də elmi siyasətdən uzaq olmasıdır. Dünyada hansı dəyişiklilər gedir, politologiya elmi necə inkişaf edir və s. bunu bilmək lazımdır.

Bizim müxalifətdən soruşsanız elə 4 min əvvəl Aristotel demokratiyanı necə təyin edibsə, o anlayışı deyəcəklər, hansı ki, o, quldarlıq dövrünün demokratiyası idi. Bu gün 21-ci əsrdə bu anlayış tamamilə fərqlidir, hazırda uzlaşma, tolerantlıq daha çox qabardılır. Xüsusən də Əli Kərimli bu məsələdə bir addım da önə gedə bilməyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti