Sürücülərin qənimləri tutuldu

Sürücülərin qənimləri tutuldu
  06 Dekabr 2014    Oxunub:1565
Biləsuvar polisi gecə saatlarında ağır tonnajlı yük maşınlarına qənim kəsilən oğruları zərərsizləşdirə bilib.
Azvision.az anspressə istinadən xəbər verir ki, oğrular maşınlardan oğurladıqları akkumulyatorları Biləsuvar və Cəlilabad bazarlarında dəyər dəyməzinə satıblar.

Biləsuvar şəhər sakini Elnur Hüseynovun yaxın tanışı Cavid Şirinovla birgə asan pul qazanmaq istəyi onların yolunu yenidən rayon polis şöbəsindən salıb. İki gün ərzində “KamAZ” markalı maşınlardan 8 ədəd akkumulyator oğurlayan dostların növbəti əməliyyatı uğursuz olub.

Müstəntiq, Fərid Sultanlı bildirib ki, Elnur Hüseynov tanışı Cavid Şirinovla birlikdə gecə saatlarında Biləsuvar şəhəri ərazisində küçədə dayanmış “KamAZ” markalı maşınların üzərindən akkumlyatorları oğurlayıblar. Onların bu hərəkətləri nəticəsində zərərçəkmişlərə ümumikdə 1200 manatdan artıq maddi ziyan dəyib. Həmin oğurladıqları akkumulyatorları Elnur Hüseynov və Cavid Şirinov Biləsuvar və Cəlilabad şəhərlərinin bazarlarında aşağı qiymətlərə sataraq pul əldə ediblər.

Bundan əvvəl narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayan Cavid ilkin istintaqa ifadəsində törətdiyi əməldən peşman olduğunu dilə gətirib. 2-ci dəfə oğurluq etdiyinə görə qanun qarşısında cavab verməli olan Elnur isə oğurladıqları akkumulyatorları dəyərindən qat qat aşağı satdığını bildirib.

Faktla bağlı Biləsuvar rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq “silahdaşların” digər oğurluq hadisələrində iştiraklarının olub-olmadığını araşdırır


Teqlər:  





Xəbər lenti