Prezident 3 səfirin etimadnaməsini qəbul edib

Prezident 3 səfirin etimadnaməsini qəbul edib
  26 Noyabr 2014    Oxunub:1219
Azərbaycan prezidenti İlham Əliyev Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançezin etimadnaməsini qəbul edib.
AzVision.az xəbər verir ki, sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

M. Sançez Filippin prezidenti III Beniqno Akinonun salamlarını dövlət başçısına çatdırıb. Ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışan səfir xalqlarımızın ümumi dəyərlərə malik olduğunu məmnunluqla qeyd edib.

Azərbaycanla Filippin arasında ikitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndirən prezident İ.Əliyev isə əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı filipinli həmkarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş edib.

Azərbaycan prezideni bu gün həmçinin Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini qəbul edib.

Səfirlə söhbət zamanı dövlət başçısı Azərbaycanla Qvatemala arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyən prezident İ. Əliyev ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün də imkanların araşdırılmasının vacibliyini qeyd edib. Dövlət başçısı səfirin bu əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Öz növbəsində H. Koronado Qvatemala prezidenti Otto Fernando Perez Molinanın salamlarını dövlət başçısına çatdırıb. O, ölkəsinin prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Azərbaycan prezidenti qvatemalalı həmkarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qvatemala dövlət başçısına çatdırmağı xahiş edib.

Azərbaycan prezidenti İ. Əliyev həmçinin Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tharit Çarungvatın etimadnaməsini qəbul edib. Səfirlə söhbət zamanı Azərbaycanla Tailand arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan prezident İ. Əliyev ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edən dövlət başçısı iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğulayıb.

Tailandın yeni təyin olunmuş səfiri isə Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib və əldə olunan uğurlar münasibəti ilə Azərbaycan prezidentini təbrik edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti