“Əli Kərimli İsa Qəmbərə düşmən kimi baxır” – Müsahibə

“Əli Kərimli İsa Qəmbərə düşmən kimi baxır” – Müsahibə
  26 Noyabr 2014    Oxunub:2057
“Azərbaycan müxalifəti özü demokratiyadan uzaqdır”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AzVision.az-a müsahibəsində müxalifətdəki vəziyyətlə bağlı bir sıra məqamlara toxunub.

- Sərdar bəy, çoxdandır siyasi aktivliyiniz hiss olunmur. Hazırda nə işlə məşğulsunuz?

- Hazırda kitab yazıram. Yeni elm üzərində işləyirəm, onun tamamlanma işləri ilə məşğulam. Yeni yaratdığım kondisiologiya elmini formalaşdırıram. Mütləq həqiqəti necə dərk etmək olar? Mütləq həqiqət nədir? Və s. sualların cavabı olan universal bir elmdir. Bu dəqiqə dünyada elm tarixinə baxsaq görərik ki, ən ciddi sualların biri budur ki, bu qədər çox elmi əvəz edən elm ola bilərmi ki, eyni zamanda bütün elmlərin verdiyi biliyi verə bilsin? Fizika, riyaziyyat, kimya, biologiya olmadan sadəcə 1 elmin köməyi ilə fiziki, riyazi, bioloji biliklərə yiyələnmək olarmı? Mən də belə elm üzərində işləyirəm. Bundan başqa “Quran-i Kərim”in fəlsəfəsi ilə bağlı 3 cildlik kitab hazırlayıram. Yəqin ki, bu yaxınlarda çapa veriləcək.

- Elmi işinizin siyasi fəaliyyətinizə təsiri necə olur?

- Yazdığım kitabların siyasətə ümumiyyətlə aiddiyyatı yoxdur. Çox adam heç inanmır ki, mən siyasi fəaliyyətimin ən qızğın, hər gün piketlərdə, mitinqlərdə olan vaxtında da kitab yazmışam. Mənim üçün elmi yaradıcılığımın siyasi işimə heç bir əngəli yoxdur.

- Elmi fəaliyyətinizdəki yeniliklərdən danışdınız, bəs siyasi fəaliyyətinizdə nə yenilik var?

- Maliyyə imkanlarımız məhdud olduğuna görə bələdiyyə seçkilərində iştirak edə bilmədik. Hazırda Demokratiya Mərkəzində fəaliyyətimizi davam etdiririk. Bundan başqa Ümid Partiyası ilə birgə “Qarabağ bloku”nda təmsil olunuruq. Partiya özü müstəqil siyasi iş aparır. Cari təşkilati işlərlə məşğuldur. Ümumiyyətlə siyasi gündəmdə də xüsusi bir hadisə yoxdur ki, ona uyğun aktivləşək.

- Müxalifət gündəmində ən çox Müsavat Partiyası daxilindəki fikir ayrılıqları, parçalanmalar müzakirə olunur. Son müşavirədə də İsa Qəmbər açıq mövqeyini bildirdi. Siz necə şərh edirsiz bu prosesləri?

- Əslində mən bunu əvvəlcədən İsa bəyə demişdim. Burada qeyri-adi heç nə yoxdur. Müsavatda baş verənlərin həm obyektiv, həm də subyektiv səbəbləri var. Subyektiv səbəbi odur ki, adamların xüsusi iddiaları, müəyyən pozucu qüvvələr var ki, onlar Müsavatın zəifləməsində maraqlıdır.

Obyektiv səbəbi isə innovasiya xəstəliyidir. Yəni, təzə şey insanlarda diskamfort yaradır. Liderin birdən yenilənməsi, partiyada siyasi vəziyyətin dəyişilməsi təzəliyə dözümü olmayan adamları narahat edir. Digər bir obyektiv səbəb isə Azərbaycan müxalifəti üçün xarakterik olan demokratiya problemidir. Biz nə qədər demokratiya tələb etsək də, iqtidarı bu baxımdan tənqid etsək də, əslində Azərbaycan müxalifəti özü demokratiyadan uzaqdır.

Demokratiyanı bolşevizmdən fərqləndirən bir əlamət var ki, bu konsensusa getməkdir. Bolşevizm də, demokratiya da səs çoxluğuna əsaslanır, amma konsensusun olmadığı yerdə səs çoxluğu ilə aparılan bütün işlər bolşevizmdir. Müsavatda da tərəflərin heç biri konsensusa gəlmək barədə düşünmür.

Tutalım ki, Qubad İbadoğlu düz deyir, seçkilədə yanlışlıq olub. ABŞ-da Buş seçkilərdə qalib gələndə rəqib tərəf elan elədi ki, seçkilərdə saxtakarlığa yol verilib, amma seçkilərin nəticələrini qəbul etdi. Çünki demokratiya təkcə səs çoxluğu deyil, həm də konsensusa gedə bilmək, uzlaşma qabiliyyətidir. Azərbaycan muxalifətində isə bu qabiliyyət yoxdur. Nə partiyadaxili, nə də partiyalararası konsensusa gələ bilirlər. Bu da bütünlüklə Azərbaycan cəmiyyətinin demokratiyadan uzaq olmasını göstərir. Əslində Müsavatdakı vəziyyəti demokratik üsullarla, dost kimi deyə-gülə, gələcəyə ümidlə baxaraq həll etmək olardı. Əgər narazı olanlar özü partiya rəhbərliyində olacağı halda Arif Hacılı ilə əməkdaşlıq edəcəkdisə, indi niyə etmirlər? Müsavat Partiyası yarananan gündən Arif Hacılı orada ikinci adam olub. İsa Qəmbərin başqan olduğu vaxtda partiyanın hər hansı bir nailiyyəti olubsa, onun 50%-i elə Arif Hacılının payına düşür. İndi belə çıxır ki, bu adamın bu qədər fəaliyyətinin üstünə xətt çəkib müsavatçılıq davası edirsən? Bu, proseslərə qeyri-demokratik yanaşmanın nəticəsidir.

- Müsavatda partiyadaxili münasibətlərin daha da gərginləşməsinə İsa Qəmbərin də sərt mövqeyi səbəb ola bilərmi?

- İsa bəy son müşavirədə barışdırıcı, ortaq mövqeyə gəlməyin vacibliyini vurğulayıb. Üzvləri müsavatçılıq ideologiyası ətrafında birləşməyə çağırıb, qurultayın qərarlarına hörmət etməyə səsləyib. Amma orada onun çıxışına söz atıblar, onun özünü də düzgün mövqe tutmamaqda ittiham ediblər. O da görəndə ki, süni surətdə Müsavatdakı proses gündəmdə saxlanılır, partiyanın parçalanma görüntüsü yaradılır, ona görə də məcbur olub dedi ki, çıxın gedin. Nə deməlidir?
Atalar misalı var- yara var bağlayarlar, yara var dağlayarlar. Buradakı yara elədir ki, onu bağlamaqla sağalan deyil, dağlamaq lazımdır. Onlar onsuz da partiyada qalmaq istəmir.

- Narazı kəsim, xüsusən də Qubad İbadoğlu qurultaydan sonra nə etməli idi?

- Yaxşı olardı ki, Qubad İbadoğlu Məclisə rəhbərlik edərdi. Bu, olardı demokratiya. Amma Qubad İbadoğluna təklif olunduğu halda Məclis sədrliyindən, onun tərəfdarları isə Müsavatda yer tutmaqdan imtina etdilər. İndi kənarda dayanıb adamların işləməsinə mane olurlar. Mən konseptual yanaşıram,kənardan görünən mənzərə budur.

Mən bir dəfə də demişəm ki, əgər Qubad İbadoğlunun hüquqları ciddi şəkildə pozulubsa, “Siyasi partiyalar haqqında” Qanuna əsasən məhkəmə yolu ilə pozulmuş hüquqlarnı bərpa edə bilər. Digər tərəfdən Qubad bəyin 220 nəfər tərəfdarı var. Onların təşəbbüsü ilə fövqəladə qurultay çağırıb yenidən sədr məsələsini gündəmə gətirsinlər və mümkün qədər bu dəfəki qurultayı daha ciddi keçirsinlər.

Süleyman Dəmirəlin bir sözü var, demokratiyada çarə tükənmir. Heç bir yolla razı deyillərsə, onda konsensusa getmək lazımdır. Əgər çıxış yolların heç birini qəbul etməyib, problemin həllini istəməyib, onu davam etdirirlərsə, onda İsa bəyin dediyi düz çıxır ki, o adamların Müsavatın dağılmağında maraqlı olan xarici qüvvələri təmsil edirlər.

- Sərdar bəy, indi müxalifətdəki həmkarlarınızdan danışaq. AXCP sədri Əli Kərimli ilə münasibətləriniz necədir?

- Siyasi partiya rəhbəri kimi görəndə salamlaşırıq, amma hansısa əlaqəmiz, ayrıca görüşlərimiz olmur. Əksinə onun qəzetində gecə-gündüz mənim haqqımda ağıllarına gələni yazırlar. Mən isə bunlara fikir vermirəm. İqtidarı söz və fikir azadlığını boğmaqda ittiham etməklə deyil ki, bəyəm biz özümüz fikir azadlığına dözümlülük nümayiş etdiririk? Mən onların qurultayında bir kəlmə çıxış etmişdim, heç imkan vermədilər ki, nitqimi sona çatdırım.

Cəmiyyətdə də partiyalardakı vəziyyətdir. Cəmiyyətdə iqtidarı korrupsiyada ona görə ittiham etmirlər ki, onlar buna qarşıdır. Sadəcə olaraq ona görə bunu edirlər ki, özləri korrupsiyadan bəhrələnə bilmir.

Demokrat olmaq üçün demokratiyanın nə olduğunu bilmək lazımdır. Özünü demokrat adlandıran adamları testdən keçirsək heç biri keçməyəcək. Çünki demoratikləşmə istiqamətində səy göstərilmir. Bütün Azərbaycan müxalifətinin fəaliyyəti hakimiyyət uğrunda mübarizə üstündə qurulub. Dünyanın heç bir yerində müxalifətin yeganə vəzifəsi hakimiyyətə gəlmək olmur. Mən özüm hakimiyyətdən yaxşı deyiləmsə, onu qınamağa da haqqım çatmır axı. Həmişə hakimiyyəti saxtalaşdırmaqda ittiham edirdilər, indi eynisi Müsavatın ünvanına səslənir.

- Qurultaydan sonra Müsavatda yaranan vəziyyət AXCP-nin tənqid hədəfinə çevrilib. Ümumiyyətlə, seçkidən sonra AXCP-Müsavat cütlüyü yenidən ayrıldı. Sizcə, bu münasibətlər nə qədər səmimi idi?

- Bu iki partiya arasında heç vaxt səmimi münasibət olmayıb. İctimai Palatada da, Milli Şurada da bundan əvvəl Elçibəy hakimiyyəti dövründə də. Onlar həmişə bir-birinə düşmən kimi baxıb. Bir yerə gələndə isə bir-birini necə dağıtmaq, necə barədə düşünmək üçün gəlirlər. Ona görə də onların birliyi heç vaxt Azərbaycan xalqına xeyir verməyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti