FHN-in `dələduz işçiləri` ilə bağlı xəbərdarlıq

FHN-in `dələduz işçiləri` ilə bağlı xəbərdarlıq
  21 Noyabr 2014    Oxunub:1877
Fövqəladə Hallar Nazirliyi (FHN) və Baş Prokurorluğun mətbuat xidməti özlərini FHN-in əməkdaşları kimi təqdim edən `dələduzlar`la bağlı birgə məlumat yayıb.
FHN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli Qanunu və digər müvafiq normativ hüquqi sənədlərdə sahibkarlığın, bazar münasibətlərinin inkişafına mane olan amillərin, yersiz müdaxilələrin, səlahiyyətli dövlət orqanlarının əməkdaşlarının vəzifələrindən sui-istifadə hallarının yolverilməzliyi öz əksini tapıb.

«Lakin təəssüflə bildirməliyik ki, son zamanlar özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən bəzi dələduzlar tərəfindən yoxlama adı altında aldadılaraq ayrı-ayrı sahibkarlara təzyiqlərin edilməsi, fəaliyyətlərinə qanunsuz müdaxilələrə yol verilərək normal iş prosesinə maneçilik törədilməsi, hətta müəssisənin fəaliyyətini dayandırmaq hədə-qorxusu ilə onlardan pul tələb edilməsi halları barədə məlumatlar daxil olmaqdadır. Belə halların vaxtında aşkar olunaraq həmin şəxslər barəsində qanunvericiliyə uyğun ölçü götürülməsi istiqamətində müvafiq tədbirlər görülür», - deyə məlumatda qeyd olunur.

Qeyd edilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu bütün fiziki və hüquqi şəxslərə müraciət edərək xahiş edir ki, yoxlamaya gəlmiş şəxslərdən xidməti vəsiqə və həmin yoxlamaya səlahiyyət (icazə) verən müvafiq sənədi təqdim etmələrini tələb etsinlər, eyni zamanda, həmin şəxslərin nazirliyin əməkdaşı olduğuna və ya yoxlamanın əsaslılığına şübhə yarandıqda isə aidiyyəti üzrə aşağıda göstərilən telefon nömrələri vasitəsilə dəqiqləşdirmə aparsınlar:

- FHN Dövlət Yanğın Nəzarəti Xidməti – (12) 512-26-02; (50) 240-90-37;
- FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – (12) 512-21-83;
- FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi – (12) 512-15-02; (55) 512-12-01;
- FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi – (12) 512-46-26; (12) 512-46-37; (12) 512-46-34;
- FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi – (12) 512-17-12; (12) 512-17-37.

Fiziki və hüquqi şəxslərdən onların rastlaşdıqları hər hansı qanun pozuntusu ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” qaynar xətt əlaqə mərkəzlərinə məlumat vermələri xahiş olunur.


Teqlər:  





Xəbər lenti