“Bakıda 50 minə ev almaq olmur” - Deputat

“Bakıda 50 minə ev almaq olmur” - Deputat
  18 Noyabr 2014    Oxunub:2324
Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili İqbal Ağazadə bir sıra təkliflərlə çıxış edib.
Deputat bildirib ki, dövlət büdcəsindən İpoteka Fonunda ayrılan vəsait ayrılmalıdır:

“Az əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmovun çıxışında qeyd olundu ki, gələn ilin dövlət büdcəsində ipoteka kreditləri üçün 50 milyon manat vəsait ayrılıb. Halbuki bu sahə ən çox müzakirə olunan məsələdir və büdcədən daha artıq vəsait ayrılmalıdır. Ayrılan vəsaitlər də yüksək maaşı olan təbəqəyə şamil olunur. Əhalinin böyük bir hissəsinin isə ya mənzil şəraiti pisdir, ya da ümumiyyətlə evi yoxdur. Onlar da təbii ki, faiz göstəriciləri və şərtlər nə qədər yüngül olsa da ipoteka şərtlərindən yararlana bilmirlər. Çünki ipotekanın özünü ən aşağı faizlə ödəmək üçün 700-800 manatlıq iş yeri göstərməlidir. Etiraf edək ki. Bu gün paytaxtda 50 minə ev tapmaq müşkül məsələdir. Bir otaqlı mənzillərin qiyməti də az-çox hər kəsə bəllidir. Hər dəfə iclaslarda təklif edirəm ki, gənclər üçün faizsiz şəhərcik inşa etmək lazımdır. Onsuzda ipotekaya ayrılan vəsaitləri müvəkkil banklardan başqa dövlət heç bir xeyir götürmür. Heç olmasa 100 kvadmert üçün ayda 160 manat pul ödəməklə 25 illik müddətə 50 minlik ev ala bilsin. Dövlət bunu gələcək illərin dövlət büdcəsində nəzərdən keçirsin”.

İqbal Ağazadə çıxışı zamanı daha bir təkliflə də çıxış edib:

“İkinci qabardacağım məsələ ilə bank sektoru ilə bağlıdır. Bilirik ki, əhalinin 80 faizi bu və ya digər formada banklara pul ödəyir. Bunu inkişaf etmiş əhalinin maddi gəlirlərinin yüksəlməsi kimi qəbul oluna bilər. Lakin qəbul edək ki, bunun çoxu məcburiyyətdəndir. Məcburiyyət olduğuna görə də banklar fantastik dərəcədə kredit faizləri qaldırır. Mərkəzi Milli Bank 3 faizlik göstərici ilə dövlətin, xalqın pulunu özəl banklara verir. Onlar isə ən aşağı 22 faizlə vətəndaşa kredit verirlər. Dövlətin pulunu niyə belə edirlər? 26 faiz isə ilin sonunda 50 faizə gəlib çıxır. Odur ki, Mərkəzi bank bu məsələdə ciddi addımlar atmalıdır”,-deyə deputat əlavə edib.

Millət vəkili həmçinin işə götürülmə ilə bağlı yaş həddinin 30 olmasının düzgün hal hesab etmədiyini diqqətə çatdırıb:

“45 yaşına kimi şəxslər dövlət orqanlarında çalışmaq üçün niyə sənəd verə bilməz? Niyə məhz 30 yaşına qədər olan insanların sənədləri dövlət orqanlarında çalışmaq üçün işə götürülür? Dövlət qurumlarında xüsusi idman növü ilə məşğul olurlar? Bəyəm biz onları olimpiadaya qaçışa göndəririk? Ona görə də işə götürülmə yaş həddi 45 yaş təyin edilməlidir. Deməli işdən çıxsan başqa heç yerdə fəaliyyətini davam etdirə bilməzsən”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti