Manatın sabitliyi BVF-ni qıcıqlandırır – TƏHLİL

Manatın sabitliyi BVF-ni qıcıqlandırır – TƏHLİL
  06 May 2013    Oxunub:2070
Dünyanın inkişaf etmiş ölkələrində müşahidə edilən böhran fonunda ölkəmizdə makroiqtisadi göstəricilərin sabit qalması xarici maliyyə qurumları tərəfindən əvvəlki kimi hökumətimizə səhv tövsiyələr irəli sürülməsilə nəzərə çarpır. Milli pul vahidimiz olan manatın sabitliyi isə belə görünür, onlarda daha böyük qıcıq yaradır. Əks təqdirdə, üzən məzənnə siyasətinə keçmək barədə təklif irəli sürülməzdi.

Beynəlxalq Valyuta Fondunun (BVF) hökümətimizə verdiyi bu tövsiiyə ümumiyyətlə, qəbuledilməzdir.

Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirdiyi məzənnə siyasəndə inflyasiya proseslərinə və ölkənin rəqabətqabiliyyətliyinin saxlanmasına həmişə böyük diqqət yetirir. Cari ildə isə Azərbaycanda 5-6 % səviyyəsində inflyasiya nəzərdə tutulur.

Ölkədə makroiqtisadi sabitliyi qoruyub saxlamaq məqsədilə inflyasiyanın birrəqəmli səviyyədə qalması, o cümlədən istehlak bazarına nəzarət edilməsi və bunun mümkün olduqca gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması buil də hökumətin qarşısında başlıca vəzifələr kimi dayanır.

Bir çox dünya ölkələri iqtisadi artımı və ixracı dəstəkləmək üçün bəlli olduğu kimi milli pul vahidlərinin dəyərini ucuzlaşdırmaqdan aktiv istifadə edirlər. Ancaq biz əvvəlki şərhlərimizdə də yazmışıq ki, milli pul vahidinin, konkret olaraq, manatın dəyərənin sabit saxlanılması və yaxud möhkəmlənməsinin ixracı məhdudlaşdırdığı fikri absurddur.

Doğrudur, biz bununla, milli valyutanın dəyəri ilə ixrac potensialı arasındakı əlaqəni inkar etmirik. İnkişaf etmiş ölkələr arasında xüsusən də, məsələn, ABŞ ilə Çin arasında uzun müddətdir gedən “valyutalar müharibəsi” təsadüfi deyil. Bununla, hər bir ölkə öz ixracını genişləndirmək istəyir. O səbəbdən ki, istehsalı artırmağın bundan başqa yolu görünmür.


Ancaq məsələ bundadır ki, Azərbaycanda vəziyyət başqadır. Birincisi, ölkəmizin milli pul vahidi real istehsal potensialını hələ tam ifadə edə bilmir. Və ümumi daxil məhsul (ÜDM) istehsalı həcmi ilə manatın dəyəri arasında əslində demək olar, heç bir əlaqə yoxdur. Ona görə ki, ölkəmizdə istehsal olunan məhsulun çox hissəsini neft və neft məhsulları təşkil edir ki, bunlar da ixrac olunduğundan dollara satılır. Bunun, yalnız bir hissəsi dövlət büdcəsinə manatla qayıdır.

Odur ki, manat tədavül vasitəsi rolunda real olaraq, bir kağız parçası kimi iştirak etməkdədir. Və ona görə də ölkəmizin iqtisadiyyatı bütün göstəricilərinə görə, regionda güclü olsa da, milli pul vahidimiz bölgədə hələki sərbəst dönərli valyuta kimi çıxış edə bilmir.

İkincisi də ki, ixracın stimullaşdırmağın ən real yolu mərkəzi kreditləşdirmə üzrə uçot dərəcəsini minimuma endirməkdən keçir. Bizdə isə bu mexanizm də işləmir. Başqa sözlə desək, AMB uçot dərəcəsinin səviyyəsini aşağı və yaxud yuxarıya doğru dəyişdirərkən bəlli olduğu kimi ölkədə kommersiya banklarının müştərilərə təklif etdikləri faiz dərəcələrinin səviyyəsi dəyişmir.

Belə şəraitdə, ölkədə üzən məzənnə siyasəti ixracatı necə dəstəkləyə bilər?

AMB rəhbərliyi də etiraf edir ki, uçot dərəcəsinin makroiqtisadi proseslərə təsir etmədiyi şəraitdə sərbəst məzənnə siyasətinə keçid heç bir nəticə verməyəcək.

Yeri gəlmişkən, AMB sədri Elman Rüstəmov manatın hədsiz möhkəmlənməsinin zərəri barədə də danışıb. “Ölkəyə real olaraq xarici valyutanın – dollar kütləsinin sürətli axını manatın kursunun getdikcə, daha çox yüksəlməsinə şərait yaradır ki, bu da qeyri-neft sektorunun inkişafı üçün müəyyən əngəl törədir.” – deyə, o, bir vaxt söyləmişdi.

E. Rüstəmov onu da əlavə edib ki, dolların məzənnəsinin manata görə dəyərsizləşməsi ölkəyə idxalın ucuzlaşmasına gətirib çıxardığından AMB ixracçıların qayğısına qalmaq və ya inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq kimi dilemma qarşısında qalır.

Bu səbəbdən, AMB keçənil yanvarın 10-undan etibarən, manatın məzənnəsini müəyyənləşdirməkdə bivalyuta (dollar/avro) səbətindən imtina edərək, manat və ABŞ dollarının nəzərə alınması siyasətinə keçdi ki, bu da qurumun sözügedən istiqamətdə məqsədləri, xüsusən də onun inflyasiyanın səviyyəsini idarə etmək istəyi ilə üst-üstə düşdü.

AMB manatın məzənnəsini müəyyənləşdirməkdə bivalyuta (dollar/avro) səbətindən 2008-ci ildən istifadə edirdi.

Yeri gəlmişkən, manatın dollara nəzərən, məzənnəsinin müəyyən həddə saxlanması həm də bu baxımdan vacib sayılır ki, sərbəst üzən məzənnə rejiminə keçid, uzun illər ərzində ölkədə əldə olunmuş makroiqtisadi sabitliyi poza və ciddi hiperinflyasiya yarada bilər.

Odur ki, inflyasiyanın cilovlanması və eyni zamanda ixracın dəstəkləməsi baxımından, bizcə, real şəraitdə AMB-in manatın dəyərinin məhz hədsiz dərəcədə möhkəmlənməsinin qarşısını almağa çalışması hələlik, ən məqbul siyasət sayılır.

Ötənil AMB manatın çox da möhkəmlənməməsi və iqtisadiyyatın qeyri-neft sektorunun rəqabətqabiliyyətliyinə mənfi təsirləri neytrallaşdırmaq məqsədilə ümumən, 1584 milyon ABŞ dolları həcmində valyuta sterilizasiyası həyata keçirmişdir. Bununla da adı çəkilən qurum milli valyutamızın məzənnəsinin orta həddə qalmasına nail olmuşdur.

Nəticədə 2012-ci ildə manat dollara qarşı cəmi 0,19 % möhkəmlənmişdir. Keçənil məzənnə siyasəti bütövlükdə məhz, manat və ABŞ dollarını nisbəti əsasında həyata keçirilmişdir.

Cari ilin İ rübü ərzində isə qeyd olunan məqsədlə 560 milyon dollar vəsait sərf olunub ki, bu dəfə 0,1 % ucuzlaşma qeydə alınıb. Ümumiyyətlə, son 15 il ərzində manatın dollara nəzərən orta illik məzənnəsini heç vaxt 1 % həddi keçməyib.








Pərviz Heydərov





Teqlər:  





Xəbər lenti