Xəbəri tAPAnlar, yAPAnlar, qAPAnlar... – APA-dan reportaj

Xəbəri tAPAnlar, yAPAnlar, qAPAnlar... – APA-dan reportaj
  14 Noyabr 2014    Oxunub:18725
Onlar 10 ildir bu yolu gəlirlər. Biz isə `Xətai` stansiyası ilə redaksiya arasındakı 10 dəqiqəlik yolu büdrəyə-büdrəyə gedirdik. Və nəhayət, palçıqlı yollarda yıxılmadan mənzil başına çatdıq.

Beləliklə, “Redaksiyada bir gün” adlı layihəmizin növbəti mənzili APA informasiya agentliyidir.

Qapıda bizi nəzarətçi polis işçisi qarşılayıb, beş-on dəqiqəlik sorğu-sualdan sonra qonaq otağına yola saldı.

`Sevimli qonağın qabağına çay tez gələr`, deyiblər. Tez-bazar qabağımıza çay gəlsə də, içməyə yox, yazmağa gəlmişik, deyib keçirik reportajımıza.


“Bu işin içində olduğum üçün ağırlığını hiss etmirəm”

`APA Holding`-in prezidenti Vüsalə Mahirqızı bizə “birinci övladı” APA-dan danışır:


- Biz çox kiçik bir qurum kimi başladıq. Amma bu gün böyük bir holdinqə rəhbərlik edirəm. Ən yaxın dostlarım belə soruşur ki, bu nəhəng sistemin içində necə bacarırsan? Deyirəm ki, sistemi başdan quranda heç nə çətin olmur: hesab edin ki, bir qurğudur və sən onu başdan yığmağa başlamısan. Ona görə, nəyin harada olduğunu bilirəm. Bu işin içində olduğum üçün onun ağırlığını hiss etmirəm.

Kollektivin idarəçiliyinə tək sahiblənməmişəm, holdinq olduğuna görə Direktorlar Şurası var və Nurşən Quliyev APA-nın baş direktoru olmaqla yanaşı, həm də bu Şuranın rəhbəridir. Bir sözlə, yanımda olan insanlar böyük qüvvədir, mən heç vaxt buradan gedəndə deməyiblər ki, sən getdin vəziyyət pis olacaq. Hər zaman “get, gözün arxada qalmasın” deyiblər. Gecə-gündüz, bayram və istirahət günləri bir-birimizi rahatca ötüşdürə bilirik. Mən yoxam, onlar burada olsun, heç bir problem yoxdur.



“APA istinad etməmək məsələsinə son qoyacaq”

- Deyərdim ki, noyabr Azərbaycan mediası üçün önəmli bir aydır: “Yeni Müsavat”ın 25 illiyi, “525-ci” qəzetin ildönümü və APA-nın 10 illiyi bu aya təsadüf edir. Gördüyünüz kimi, hamımız yubiley havasındayıq, amma gündəlik işlərimiz də öz axarı ilə gedir. Yubileyimizdən sonra da çox böyük bir layihəmiz meydana çıxacaq. Bu, Azərbaycanın media qurumları arasında ilk böyük layihə olacaq. Bu layihə ilə həm də istinad etməmək məsələsinə son qoymuş olacağıq. İstənilən qurum sayta girib hansı media qurumun xəbəri tez verdiyini və istinad edib-etmədəyini görə biləcək. Bu, əlbəttə ki, pullu xidmət olacaq. Yəni davam edirik, hər şey gözəldir.

“Jurnalistlər həmişə narazı olacaq”

- İdarəçiliyin əsas məsələsi ondan ibarətdir ki, sən kimləri idarə etdiyini nəzərə almalısan. Bu, bürokrat deyil, işçi sinifi də deyil. Bunlar məhz ziyalı və ictimai-sosial olaraq hərmişə hər şeydən narazı olan adamlardırlar. Hərdən, bizim texniki işlərə baxan işçimiz mənə deyir ki, Vüsalə xanım, bu jurnalistlər bunu edirsən narazıdır, onu edirsən narazıdır... Deyirəm ki, siz narahat olmayın, onlar həmişə narazı olacaqlar. Əsas odur ki, iş sistemi yaxşı olsun: isti su gəlsin, otaqlarının istiliyi yerində olsun, qazları, çay-qəndləri, hər şey yerli-yerində olsun. Amma bu jurnalistlər yenə nədənsə narazı olmağa bir şey tapacaqlar...(gülür) Jurnalist narazı olmasa, yaza bilməz.



“Bizdə ayrı-seçkilik yoxdur”

- Mən hər gün naharımı mətbəxdə edirəm. Kollektivlə bir stol arxasında əyləşirik, çay içirik, söhbət edirik. Kimsə də çəkilib qıraqda oturanda deyirəm niyə bizimlə oturmursan? Qorxursan ki, buradan çıxıb gedəndə əleyhimə danışan olanda, deyərsən ki, yox, mən arxasınca danışa bilmərəm, Vüsalə xanımla bir stol arxasında oturmuşam? (gülür)

Təbii ki, zarafat edirəm. Hamımız jurnalistik, bizdə ayrı-seçkilik yoxdur. Hər şeyin arxasında ən vacibi insan faktoru dayanır. Ona görə də, APA-da sayğı, çərçivə hər şey yerindədir. Bizim əməkdaşlar düşünməməlidir ki, bu dəqiqə Vüsalə xanım içəri girib, mənim üstümə qışqıracaq.



“İşdən çıxanların APA-ya münasibəti məni zərrə qədər əsəbiləşdirmir”

- APA-ya bu 10 il ərzində onlarla adam gəlib-gedib. Əksəriyyəti də gedəndən sonra mənə yazır ki, rəis, mən gedirdim-gedirdim, bəs sən mənə niyə demədin ki, APA-da müxbirlik etmək, filan saytda redaktor olmaqdan daha yaxşıdır. Deyirəm, mən onu deyə bilməzdim axı, elə biləcəkdin ki, paxıllıq edirəm.

Sözün həqiqi mənasında, burada işləyən böyük adamlar da ola bilər, kiçik adamlar da. Məndən sonra burada gəlib işləyənlərə mən APA-nın uşağı kimi baxıram. Ona görə də, buradan gedən uşaqların APA-ya münasibəti məni zərrə qədər əsəbiləşdirmir. Hətta qapını bağlayıb onları söymürəm də, nə deyim onlara, buranın uşaqlarıdırlar da...(gülür) Uzaqbaşı deyirəm ki, buranın uşaqlarısınız hamınız, oturun yerinizdə. (gülür)



Vüsalə xanım, siz əsəbiləşməsəniz də, APA-nın direktoru Nurşən Quliyev iclasda uşaqlara yaman əsəbiləşmişdi.

Nurşən Quliyev: “Uşaqlar öyrəşib belə şeylərə, mən tələbkaram, nizam-intizamı sevən adamam. Məsuliyyətsizliyi isə qəti sevmirəm. Noyabrın 16-da APA-nın 10 ili tamam olur. Bu 10 ilin 1 günü olmayıb ki, planlaşdırma, tələbkarlıq olmasın. Hamı hər gün planlaşdırılmada iştirak etməyə bilər, amma koordinasiya üçün bu iclaslar çox vacibdir. Kim nə edəcəyəni bilməlidir, bu işə daim nəzarət olunmalıdır və istiqamətlər müəyyən edilməlidir. Çətin də olsa, bizim işin prinsipi budur. Əgər sən burada işləyirsənsə, işinə ciddi yanaşmalısan. APA-nın təməli belə qoyulub, biz işə belə başlamışıq.



“Yadıma gəlmir ki, kiminsə qolundan tutub küncə qoyaq”

- `İşinə ciddi yanaşmayan jurnalist` dediniz, burada elə jurnalist varmı?

- Burada hamı öz yerindədir. Nadir hallarda ola bilər ki, jurnalistin nə isə problemi olsun və işini çatdıra bilməsin. O zaman sakit tonla müxbiri başa salıram və sözümü deyirəm. Heç vaxt icazə vermərəm ki, işçi mənim onunla olan səmimi münasibətimdən istifadə etsin. Bir-iki dəfə belə hal baş verib, başa salmışam ki, olmaz. İş başqa, şəxsi münasibətlər başqa, bunların bir-birinə dəxli yoxdur. Lap yaxın adamım belə burada çalışsa, onun qarşısına da eyni tələbkarlığı qoyaram. Mən demirəm ki, burada hər şey idealdır: problemlər də olur, xəbər qaçırmalar da, işin gedişində olan şeylərdir. Amma maksimum dərəcədə çalışırıq ki, belə hallar baş verməsin. İşə həmişə hamıdan əvvəl gəlirəm. İstəyirəm, işçilər gəlib görsünlər ki, mən öz yerimdəyəm.

- Müxbirlərlə sakit danışdığınızı deyirsiniz, yəni cəza tədbiriniz yoxdur?

-Yox, yadıma gəlmir ki, kiminsə əmək haqqını kəsək, qolundan tutub küncə qoyaq ( gülür).

- Nurşən müəllim, bir çox redaksiyalarda eşidirik bu sözü: “APA-ya məlumat “padnos”da gəlir. Bu fikrə münasibətiniz...

- (gülür). Bu söhbətləri özüm də eşidirəm, kənar-bucaqda danışırlar. Birincisi, belə şey yoxdur, heç kim heç nəyi padnosda vermir. İkincisi, əgər belə bir şey varsa, deməli APA bunun haqqını qazanıb. Bir şeyi bilin ki, heç kim açıqlanmasını istəməyən məlumatı heç yerə ötürməz. Bu gün bir az sakitçilikdir. Əgər hansısa bir hadisə baş verəndə siz buradakı iş rejimini görsəniz, deyərsiniz ki, doğrudan da, onlar haqsız yerə danışırlar. Bir xəbəri dəqiqləşdirmək üçün neçə yerə zəng edirik. Hətta bəzi mətbuat xidmətlərilə mübahisələrimiz də olub: onu niyə vermisiniz, bunu niyə vermişiniz... Heç nə kənardan göründüyü kimi asan deyil.



Redaktor Cavid İsmayılın yüksək səs tonu ilə : “Verdim Fuadın yazısını, verdim” deməsi ilə hər şeyin asan olmadığını duyuruq...

Cavid İsmayıl: “APA-nın təməlini qoyanlar pis qoyub: hamı hər dəqiqə F5-i basıb yeniləyirsə, bu, artıq bizim üzərimizə qoyulan böyük məsuliyyətdən xəbər verir. Ona görə məcburuq yerimizdən az tərpənək. (gülür) 8 ildir öyrəşmişəm bu əsgər rejiminə. APA-nın Azərbaycan mətbuatındakı xidmətlərini sadalamaq lazım gələrsə, agentlik mətbuatımıza Azərbaycan dilində normal xəbər yazmaq ənənəsini, normal maaş standartlarını gətirdi.

- Maaşınızdan razısınız, deyəsən?

- Normal insan maaşından heç vaxt razı olmur, Mən də həmçinin razı deyiləm. Anormal insan deyiləm çünki (gülür)



- Zarafatcıl insansınız, redaktorlardan kiminlə sözünüz daha çox tutur?

- Zarafatsız bir saatımız belə olmur. Ən çox da, sağdakı yoldaşla zarafat edirəm. (Nurşən müəllimi göstərir).

Redaktor Şahin Cəfərli kənardan: “Cavid bəy burada çalışan yeganə alimdir. Yaşı az olsa da, ona bir ağsaqqal kimi hörmət edirik. (otaqda gülüş). Cavidlə gündəlik iş vaxtını keçirmək xoşdur, yumorlu insandır. Əsəbiləşdiyi vaxtlar da olur, amma, sonra əvvəlki vəziyyətinə qaytarırıq.(gülür)

- Onu kim əsəbiləşdirir?

- O, hər şeyə gözlənilmədən reaksiya verən insandır. Baxmayaraq ki, alimdir, onda da insani hisslər var: əsəbiləşir, sevinir, yəni hisslər ölməyib (gülür)

- Şahin müəllim, bəs sizi əsəbiləşəndə kim sakitləşdirir?

- Mən nadir hallarda əsəbiləşirəm. Hisslərimə nəzarət edə bilirəm. Amma yeni gələn bir müxbirimiz var, Rüfət Əhmədzadə. Mən qarışıq redaktorların hamısını bezdirib.(gülür)



Digər redaktor Məhbubə Qasımbəyli də yeni gələn müxbirlərdən dad etsə də, ad çəkmədi: “Mən özüm də burada müxbir kimi başlamışam. Sonra redaktor oldum. APA-da işi ilə mənə problem yaradan müxbir yoxdur. Yeni gələnlər bəzən problemlər yaradır, o da tez bir zamanda həll olunur”.



Görünür, Məhbubə xanım, problemlər heç də siz dediyiniz kimi tez bir zamanda həll olunmur. Çünki, həmkarınız İlham müəllim deyir ki, jurnalistlər var ki, hətta onu özündən çıxarır:

İlham Soltanov: “Adətən səhvi təzə gələn jurnalistlər edir və belə olanda özümdən çıxıram. Amma işimizin bir hissəsi kimi qəbul edirəm bu səhvləri. Tənqid edirəm, səhvlərini başa salıram”.

Siz işinizdə olun, biz də gedək görək səhvləri edən müxbirlər kimlərdir.



İş yoldaşları ona “Zaqatalinski” deyir, parta yoldaşı isə “rəis”. Söhbət əsnasında onu da öyrəndik ki, iş otağını məhlələrə də bölüb “palajeniyaya” da baxır. Söhbət polis və mollalarla şərik işləyən kriminal şöbənin müxbiri Hafiz Heydərovdan gedir:

Hafiz Heydərov: “Nə qədər hadisə çox olsa, bizim işimiz o qədər çox olur. Yeganə şöbəyik ki, bəd xəbərlərə sevinirik. Tələbəm Fuad bir də görürsən sevinə-sevinə gəlir ki, 4 nəfər ölüb. Bir mollalar sevinir, bir də Fuad. Əgər meyit varsa, Fuad dərhal Qafqaz Müsəlmanları İdarəsinə xəbər göndərir ki, molla göndərin, basdırmaq lazımdır. (gülür)”.



- Nə qədər deyib-gülsəniz də, bu ölü xəbərləri sizə pis təsir edər yəqin ki?

- Mən öz sahəmdən bezmirəm. Deyirlər ki, çox çətindir. Nə qədər çox yazsam da, bezmirəm.

- Səninlə üzbəüz oturan Mübarizlə necə yola gedirsən?

- Bura bizim məhəllədir. Biz bölmüşük bu stolları. Buranın “palajeniya”sına ikimiz baxırıq. O məhəlləyə də bir başqası baxır (gülür).

Fuad Cəfərov söhbətə qarışır: “İkimiz baxırıq deyəndə, elə üç nəfər var da bu məhəllədə”.

Hafiz Heydərov: (gülür) Fuad yaxşı tələbədir. Kriminaldan yazmağa gələndə kriminalın nə demək olduğunu bilmirdi. Amma indi püxtələşib, ağıla batan təkliflər edir, məndə səhv tutur. Perspektivli jurnalistlərdəndir.

Fuad, deyəsən, `ustadına kəm baxanın gözlərinə qan damar` məsəlini eşitmişdi. Çünki Hafizin bu sözündən sonra - “Hafizsiz bir günümüz olmasın. Hafiz bir gün burada olmayanda yeri dərhal görünür” deyərək söhbətə qarışır.
Vallah yenə deyirik, biz bura qan salmağa gəlməmişik. Sadəcə işıqlandırmağa gəlmişik: ləqəbləriniz var?


Hafiz Heydərov: Fuadın ləqəbi `Motu`dur. Amma evlənəndən sonra Motu deməyə qoymur. Mənə “zaqatalinski” deyirlər. Şəhriyara Şako, Mübarizin adı Mübüşdü, Rüfətə Rufa, Cavid Zeynallıya Xalq şairi, Etibara Eti, Elmin Həsənliyə Elmin LTD deyirik. Rəşada da Akop deyirik.

Elmin Həsənli kənardan atmaca atır: “Mübarizə də qəssab deyirik”.



- Fuad, sizə niyə Motu deyirlər?

- Adama kök olduğuna görə Motu deyərlər də. Bu adı mənə anam qoyub.

- Facebookda sənin yatan yerdə şəkillərini çox paylaşır bunlar. Nə məsələdir, işdə yatırsan?

- Bir dəfə olmuşdu, o da altıncı gün. İşdən sonra yuxum gəldi və yatdım... Siz Allah getməsin bu söhbət, siz o sualı vermədiniz, mən də cavab vermədim. Hamının arxivi var da, bizdə. Bu arxiv söhbətini bağlayın da.



Yaxşı, arxiv söhbətini yazıb, bağladıq. Amma bunu da bil, jurnalistə etibar etmək olmaz . Sizin Etibar bunu yaxşı bilir, hətta yazdığı xəbəri açıqlamaq belə istəmir:

Etibar Məmmədov: - Daxili siyasətdən yazıram, İcra Hakimiyyətinin müəyyən qurumları var ki, onlarla işləyirəm, daha çox tədbirləri işıqlandırıram. Beynəlxaq Mətbuat Mərkəzində keçirilən tədbirlərin əksəriyyəti mənim monopoliyamdadır. Hətta BMM-ə o qədər gedib-gəlirəm ki, uşaqlar zarafatla elə birbaşa ora get, işə gəlmə deyirlər.(gülür) İndi də əlimdə yaxşı bir informasiya var, onu yazıram. Açıqlamaq istəmirəm (gülür).

- Siyasətçilər səni yormayıb ki?

- Onlarla işləmək çətindir, sualdan başqa hər şeydən, dağdan-dərədən danışırlar. Sonra da xəbər çıxanda zəng vurur ki, bəs mənim bütün danışdığımı niyə vermədin? Mən də deyirəm ki, APA üçün xəbər nədirsə, onu öyrənib yazıram. O baxımdan, onlarla işləmək çətindir.

- Hafiz deyir ki, məhəllələrə bölüblər buranı. Sənin məhəllən hansıdır?

-O məhəllə daha fəal olduğu üçün mən adətən onların məhəlləsinə gedirəm (gülür).



Ürəyini sıxma, məhəlləsiz olan tək sən deyilsən. Fərahim İlqaroğlunun da nə evi var, nə də məhəlləsi.

Fərahim İlqaroğlu: “Mənə el arasında qaçqın deyirlər. Mən APA Holdingə sığınmışam. Gündüzlər APA Holdingin piar meneceriyəm, oxucu şərhlərinə də nəzarət edirəm. Gecələr də APA tv-də müxbir işləyirəm. Bir azdan yorğan-döşəyimi də gətirib burada yatacağam.(gülür). Evə həftədə 2-3 dəfə gedirəm, ya yox.

Paytaxtda gecələr nə baş verir hamısını çəkirəm. Hafiz bəzən şikayətlənir ki, bizə bir şey qalmayıb, nə varsa hamısını çəkmisiniz. Gündüzlər isə bu imkanım yoxdur, işim sırf piar meneceridir. Xəbərlərin piarını aparmaqdır. Polis gecə zəng vuranda özüm cavab verirəm, amma gündüz zəng vuranda Hafizə yönləndirirəm. Adətən kriminaldan yazan müxbirlərlə kodla danışırıq: “çörək var”, “əppək var” deyib müraciət edirik. Çünki, qəza var, hadisə var deyəndə birmənalı qarşılanmır. Deyirlər bunlara baxın, qəzaya sevinirlər.

- Gecə həyatı macəralarla dolu olur, sən də gecələr çəkilişlərdə olursan, qorxmursan?

- Qorxu olur. Başımıza çox hadisələr gəlir. Sizə bir şey danışım: sonuncu dəfə bir qəza baş vermişdi və onu çəkirdik. Sürücü sərxoş idi və onun törətdiyi qəzanı çəkmişdik. Polis gələnə kimi həm mənim, həm də operatorumun boğazından yapışıb ki, çəkdiyiniz kadrları silin. Sildik. Polis gələndən sonra müdaxilə etdi və sürücünü apardılar. Həmin kadrları silsək də, yaddaşda qalmışdı. Yəni, qorxu bizim işimizdə çox olur. Bir dəfə də atışma baş vermişdi və tez hadisə yerinə yollandıq. Yadıma gəlir, əlləri qan içində olan cinayətkarla bir maşında gedərək, reportaj hazırladıq.



Fərahim, sən qandan qorxmasan da, məhkəmədən yazan Şəhriyar Əlizadə qorxur. Özü deyir ki, Aşurada zəncirlə döyməyə, baş yarmağa qarşıdır:

Şəhriyar Əlizadə: “Son vaxtlar məhkəmə işləri xeyli azalıb. Xəbəri çətinliklə tapıram. Xəbər portalları hər şeyi yaza bilir, amma agentlikdə belə deyil. Bizdə daha ciddi xəbərlər üstünlük təşkil etdiyi üçün çalışıram ki, profilimizə uyğun xəbərlər olsun.

- Məhkəmədən pis xəbərlə çıxanda onun sevinci daha çox olur, yoxsa acısı?Amma düzünü de.

- Hər dəfə məhkəməyə gedirəm və insan faciələrini görəndə mənə ağır gəlir.



Mübariz Aslanov söhbətə qarışır: - Mən görmüşəm Şəhriyarın təsirləndiyini. Şəhriyar dindardır, mömin adamdır. Bir dəfə xəbər yazırdı, yarımbaşlığı belə idi: “Ər arvadını namaz qıldığı yerdə boğub öldürdü”. Şəhriyar o xəbəri kövrələ-kövrələ yazırdı.

- Aşurada məscidə getmişdin, Şəhriyar?

Mübariz: - Yox getməmişdi, elə burada zəncirlə döyürdü özünü.

Yəni, bu otaqda Zəncirlə döyməyə də şəraitiniz var hə?

Mübariz: - Bu otaqda baş kəsməyə də şərait var.
Şəhriyar:- Mübariz zarafat edir, dindar da olsam zəncirlə döyməyə, baş yarmağa qarşıyam.



Yaxşı ki, dedin, Mübariz zarafat edir, yoxsa nə qədər ki, kəsilməyib, başımızı götürüb gedəcəkdik.

Amma Mübarizlə söhbət əsnasında onu da öyrənirik ki, baş kəsməyə ürəkli olan Mübariz Aslanlı APA-ya qorxa-qorxa gəlib. Buyurun, öz dilindən eşidin:


Mübariz Aslanlı:

- Hüquqşünas olmaq istəyirdim, təsadüfən gəlib jurnalist oldum. Belə deyim də, jurnalistikanı Milli Məclisin xəbərlərini yaza-yaza öyrənmişəm. Etiraf edim ki, APA-ya gələndə qorxa-qorxa gəlmişdim, deyirdim bacarmayacağam. Bura gələnə qədər burdakı uşaqlarla əlaqəm var idi, görürdüm necə çətinlik çəkirlər. Özlüyümdə deyirdim ki, bunlar kimi çatdırıb yaza bilmərəm. Nurşən müəllimə də bunu demişdim. Amma Nurşən müəllim mənə dedi ki, sən get işlə, biz baxarıq. APA mənə öyrətdi ki, öz sahəndə lider olmalısan. Məsələn, mən bu gün Milli Məclisdən yazıramsa, təvazökarlıqdan uzaq olsa da deyəcəyəm, məndən çox bu sahəni bilən müxbir olmamalıdır. Onu da burada öyrəndim.

- Bəs özünə rəqib kimi görürsən?

- Agentlik olaraq APA-ya rəqib görmürəm desəm, yekəxanalıq çıxacaq. Ad çəkməyim, amma jurnalistlərdən özümə rəqib gördüklərim var.

Yekəxanalıq çıxdı-çıxmadı, dedin artıq.



Müxbirlərin otağında başını aşağı salıb sakit şəkildə öz işini görən Zümrüd Paşayevaya isə, buranın Janna Darkı deyirlər. Bunu da Mübariz dedi.

Zümrüd Paşayeva: - Həm Azərbaycanın xarici siyasətindən, həm də beynəlxalq xarici siyasətdən yazıram. Təzə gəlmişəm.

- Janna Dark kimi inqilab etmək istəmirsən?

- Hələki elə bir ortam yoxdur (gülür)



APA Holdingin piar meneceri Əmiraslanova Heyran da təzə işçilərdəndir: - Burada piar işlərinə baxıram. Facebook səhifələrində xəbərləri paylaşıram. Düzdür, bir aydır işə başlamışam, amma deyə bilərəm ki, kollektivimiz çox mehribandır”.



Sosial şəbəkələrdə yazmadığı status qoymayan Elmin Həsənli isə, nədənsə susurdu. Deyir ki, zatən reportajı yazanda necə danışdığım bilinməyəcək axı. O, sənə elə gəlir, Elmin...

Elmin Həsənli: - Mənim işim dəyişib. APA Holdinqdə təzə şöbə yaradılıb: fotoqrafların gündəlik tədbirlərə göndərilməsi, fotoların arxivləşdirilməsi. Əvvəllər piar meneceri işləyirdim, amma fotolarla işləmək daha maraqlıdır. Fotoqrafların tədbirə getməsini müəyyən edirəm həm də.. Tədbir çox olanda fotoqraflar küsürlər. (gülür)



Çox uzağa getmədik, Elminin bu sözündən sonra fotoqrafları Ramil Zeynalovun küsüb-küsmədiyini soruşduq:

Ramil Zeynalov: - Müxbirlər fotoqrafın işinə qarışmamalıdır. Fotoqraf öz işini bilir. Bir də görürsən, tədbirə gedirsən, müxbirlər deyir onu çək, bunu çək... Belə olanda da mübahisə yaranır. Küsməyinə küsmürəm mən. Elmin tədbirləri deyəndə fotoqraflarla öz aramızda bölürük.



Elminin işçisi Vüqar Əlioğludan isə hələ ki, küsən yoxdur, çalışır ki, hamı ilə münasibəti yaxşı olsun:

Vüqar Əlioğlu: - Elminin işçiləriyik hamımız. Çətin olsa da, işimdən zövq alıram. Peşəkar bir kollektivdə işləmək daha xoşdur. Çalışıram ki, burada hamı ilə münasibətim yaxşı olsun. Təzə işçilər gələn kimi də münasibət qura bilirəm. Qeyri-adi istedadım var (gülür).



Elsevər Məmmədov: “Foqtsun getməyinə ürəkdən sevindim”

APA-da bir otaq da var: o otaqda həm qol vururlar, həm də hesab tuturlar. Söhbət idman və iqtisadiyyat yazarlarının bir arada olduğu otaqdan gedir. Söhbətimiz zamanı onu da öyrəndik ki, Berti Foqtsun getməyini təntənəli şəkildə qeyd edənlər də elə bu otaqdan çıxıb:

İdman müxbiri Elsevər Məmmədov: - Foqtsun getməyinə ürəkdən sevindim, hətta Facebookda statuslar yazmaqla onun gedişini qeyd etdim (gülür). Foqts Azərbaycan millisinə ziyandan başqa bir şey vermədi. Ona görə getməliydi.



Elsevərin həmkarı Səbuhi Tofiqoğlu kənardan: - Elsevər təkcə status yazmır, boş vaxtı olanda şəkil də paylaşır. Təbii, zarafatdır. (gülür). İşimiz oyunla bitmir bizim. İşin çətinliyi oyundan sonra başlayır. Yağışlı-boranlı havada futbolçudan müsahibə götürürük. Onu da deyim, qalmaqallı müsahibələr daha çox oxunur. Biz də qalmaqal yaratmağa çalışırıq. Amma bizim işimiz müxbirlikdir, azarkeş nöqteyi-nəzərindən çıxış edə bilmərik. Uduzmağımızın səbəbini Foqtsda görürdüm, o da ki şükür ki, getdi.



“Topun yox, uğurun arxasınca qaçdım”

`Futbolda uğur qazanmaq olmur` deyən digər müxbir Tahir Hümmətov isə futboldan başqa hər şeydən yazır.

Tahir Hümmətov: - Futboldan başqa 96 idman növündən yazıram. Əvvəllər futboldan yazırdım, amma futbolda elə də böyük uğurlar olmadığından futboldan yazmadım. Topun yox, uğurun dalınca qaçdım (gülür).

Amma, indiki dövrdə futbol sahəsində çalışmaq asandır. Hansısa futbolçunun oyununu internetdən tapıb izləyə bilərsən. Əvvəllər elə deyildi: azərbaycanlı futbolçunun hansı komandada oynaması haqqında məlumat tapmaq çətin idi. Elə futbolçu var ki, dəxli olmayan yarışlardan medal qazandığı üçün öyünür. Uğur həmişə uğurdur onsuz da, biz də sevinirik, amma o qədər də öyünmək lazım deyil.



Düzdür, öyünmək heç bir insana başucalığı gətirmir Tahir.

İqtisadiyyat bölməsinin baş redaktoru İlkin Əhmədov da bizim kimi zarafatla sözünü deyir.

İlkin Əhmədov,: - APA-ya 1 aprel zarafatı elədilər, məni gətirdilər (gülür). Üç çalışqan müxbirimiz var. Onlardan şikayətim yoxdur, şikayətim başqa şeydir. Bizim mətbuatda istinad mədəniyyəti formalaşmayıb. Musanın yazılarını nöqtə-vergülünə kimi götürüb istinadsız saytlarında yerləşdirirlər.



-Musa Əhmədov, estafet sizdədir, oğrulara nə deyirsiniz?

- Nə deyim, düz deyir də. Bugünə kimi səhvim olmayıb, tələskənlik təhrifə gətirib çıxarır. İqtisadiyyat xəbərləri ilə iş adamları, iqtisadçılar maraqlanır adətən. Həmçinin, bu tip xəbərlərdə iqtisadi terminlər çox olur, oxucunun əksəriyyəti başa düşmür.



Biz amma sizi başa düşürük, hətta bank işini qoyub mətbuatda çalışmağa gələn iqtisadiyyat müxbiri Pərviz Nuriyevi də. Çünki, deyir ki, mətbuatdakı şərait bankdakı iş şəraitindən qat-qat yaxşıdır.

Pərviz Nuriyev: - Düzdür, mətbuatdan banka gedəndə karyeranın yüksəlişi kimi baxırlar. Amma buradakı şərait bankdan qat-qat yaxşıdır. Mən də öz karyeramı bu sahədə gördüyüm üçün mətbuata gəldim.

İlkin Əhmədov: “Medianın yarıdan çoxuna kreditlə pul verib Pərviz. Soruşun sizə özü desin (gülür).



Pərviz Nuriyev: “Hə, adlarını çəkməyim, amma vermişəm (gülür).

- Sonuncu və vacib məsələyə gələk, bank işçisi kimi pulları harada saxlayırsınız?

- (redaksiyada gülüş),

-Eybi yoxdur, biz pulların yerini bilməsək də olar, təki pulunuz baltanın kəsməyəcəyi qədər çox olsun.

Biz də gedək APA-nın ad günü tortu ilə ağzımızı şirin edək.



P.S “APA Holdinq” rəhbərliyinə bizə yaratdığı şəraitə görə təşəkkür edirik. Tort payımızı da axıra kimi yedik )))




Mirvari Nəcəf
Şahanə Rəhimli
Fotolar: Nuran Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti