`Milli Şura millətin Aşurasıdır` - Elşən Musayev

`Milli Şura millətin Aşurasıdır` - Elşən Musayev
  13 Noyabr 2014    Oxunub:2249
`Milli Şura adlanan qurum son zamanlar eyforik bir vəziyyətə gəlib. Nə elədikləri, daha doğrusu nə eləmək istədikləri bəlli deyil. Verdikləri açıqlamalardan tutmuş, təyin elədikləri mitinqlərə qədər. Abstrakt təyinatlarından tutmuş, rabitəsiz qərarlarına qədər. Sual oluna bilər: Bu təşkilat prezident seçkiləri üçün nəzərdə tutulmamışdımı? Onun tərkibində Müsavat daxil digər partiyaların da iştirakı yoxmuydu? Var idi təbii, hamısı da ayrılıb getdi. Yaxşı bəs o zaman ta nəyi Milli Şura oldu bunun? Lüləyi Əli Kərimli, qapağı Cəmil Həsənli olan təşkilat nə vaxtdan bütöv müxalifəti təmsil etmək iddiasına düşdü? Ya da düşdüsə də bunu bacardımı? Yox, əlbəttə. Elə yerindəcə saydı. Həm də AXCP kimi saydı`.

Bu sözləri “Kaspi”-yə müsahibəsində Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev deyib. O, bildirib ki, Milli Şura yarandıqları gündən bəri millətin şurası deyil, aşurası olub:

- Son bir ayda müxalifət tərəfindən təşkil olunan mitinqlər özünüifşanın ən sonuncu həddi, rəzalətin dibi idi. Həm də bütün işartıları ilə. Və ya mitinqin təşkilatçılarından biri olan Fuad Qəhrəmanlının iştirakçılara “ay camaat, sol tərəf boşdur, sağdan bir az adam o tərəfə keçsin” – deyə müraciəti, Əli Kərimlinin 300 nəfərlik insan toplusuna “mənim xalqım” - deyə səslənişi, Cəmil Həsənlinin sanki bir milyonluq mitinqdə nitq söyləyirmiş kimi havaya girib kükrəməsi, gerçək bir fiaskonun, eyni zamanda psixi pozğunluğun nəticəsi kimi dəyərləndirilməlidir.

Ayrıca, insanda abır olmalıdır ki, bu qədərini edə bilsin. Adamda həya olmalıdır ki, şəhərin düz mərkəzində təşkil olunan aksiyaya – üstəgəl icazəli ikən - 250 nəfərin yığılmasını, tində “Patron” tumu çırtlamasını “möhtəşəm mitinq “adı ilə manşetlərə daşıya bilsin. Bunu ancaq Əli Kərimli kimi avantürist edə bilərdi ki, elədi də.

- Müxalifət görə-görə ki hər dəfə aksiyalara az adam gəlir, bəs nə üçün hər dəfə mitinq keçirmək adı ilə özlərini biabır edirlər?

- Çünki, sadizm təfəkkürü müxalifətin qanına hopub. Onlar biabır olmayanda, kvartalda ən az bir dəfə rəzalətin, fiaskonun tərs silləsinə tuş gəlməyəndə rahatlaşa bilmirlər. O bəzi arvadlar olar e, ayda bir dəfə əri tərəfindən döyülməyincə rahatlaşmaz, bizim radikal müxalifətimiz də təxminən elə o fason bir şeydir. Kübarlıqla, özünə hörmətlə, nüfuz qorumaqla heç işləri olmaz. Mütləqdir ki, Azərbaycan xalqı ildə ən az 3-4 dəfə onlara ən ağır formada layiq olduqları yeri göstərsin. Gərəkdir ki, 2 aydan bir rüsvay olub yerin dibinə qədər ensinlər. Vacibdir ki, vaxtaşırı - siyasət güzgüsünün qarşısına çıxıb nə qədər iyrənc, nə qədər arzuolunmaz biri olduqlarını, hansı formada ikrah doğurduqlarını öz gözləri ilə görsünlər.

- Milli Şuranın 12 oktyabr mitinqində olduğu kimi 9 noyabr aksiyasında da KXCP sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu və müavinlərini görmədik. Sizcə, Mirmahmud Mirəlioğlunu küsdürən və ya tərəfdarlarına qarşı saymazlıq etməsinə səbəb nədir?

- Mirmahmud Mirəlioğlu da, müavinləri də elə adamlardır ki, onlara babat bir çay qonaqlığı versən ideologiyanın da, təmsil olunduqları təşkilatın da üzərindən “krasovka” ilə keçib gedərlər. Eynən Əli Kərimli kimi. Sadəcə məsələ burasındadır ki, tay-tayını gözəl tapıb. Tandem superdir. Elçibəy bunları havayı yerə eyni təşkilata cəmləməmişdi. Rəhmətlik bilirmiş ki, bunlar nə vaxtsa banka-qapaq kimi gəlib bir-birilərini tapacaqlar. Mirmahmud bəyin küsməsinə gəlincə, 5 yaşında uşaqlar küsüncə nə olursa, Mirmahmud bəyin də küsməyi Milli Şura üçün eyni nəticəni hasil edər. Yəni ha belə, ha elə, fərqi yoxdur. Bilirsinizmi niyə? Çünki, Milli Şuradakıların beşi birinə, biri isə beşınə dəymir. Və ya deyirsiniz, bu Əli Kərimlinin saymamazlığından da qaynaqlana bilər. Oysa növbəti dəfə çox vacib bir məqamı vurğulamaq məcburiyyətindəyəm: Əli Kərimli özünəvurğunluğun zirvəsidir. Bu adam bütün həyatını borclu olduğu Elçibəyə belə yan çevirib, onu rüsvay etmək üçün zamanında saxta disklər paylatdırıb, ən yaxın silahdaşlarını təşkilatdan uzaqlaşdırıb, ən etibarlı insanları AXCP-dən didərgin salıb, çirkin ambisiyalarını ən ucuz, ən iyrənc formada reallaşdırmaq istəyib. Beləsi adammı sayar, dostmu sayar, tərəfdaşmı sayar?

- Son iki aydakı hər iki icazəli aksiyada Milli Şura təmsilçiləri, xüsusən də Əli Kərimli və komandası tərəfindən müsavatçılara qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirilir. Müsavatçılar Milli Şuraya dəstək vermək üçün mitinqə gəlsələr də onlara nə minnətdarlıq edilir, nə də danışmaq üçün söz verilir. Sizcə, belə münasibətin kökündə nə dayanır?

- Müsavat Əli Kərimlinin ən yaralı yeridir. AXCP sədri Müsavata, eyni zamanda onun bütün funksionerlərinə kimliyindən asılı olmayaraq “ilanın ağına da lənət, qarasına da” prinsipi ilə yanaşır. Əli Kərimli üçün “Müsavat” yad obrazıdır, düşmən ocağıdır. Çünki, Müsavat müxalif meydanda olmadığı sürəcə Əli Kərimli “atlar ölüb, itlərin bayramıdır” - fəlsəfəsinə qapılmağı sevir, həmin fəlsəfənin yaratdığı mənzərədən kef almağı bacarır. O da bu cür xəstədir, neyləsin?

- Milli Şuranın 9 noyabr aksiyası “Azad et” adlanırdı. Onlar tribunadakı çıxışlarında vətənə xəyanətdə, dələduzluqda, vergidən yayınmaqda təqsirli bilinən şəxsləri siyasi məhbus kimi qələmə verir, onların azad edilməsi tələbini səsləndirirdilər. Lakin nədənsə Azərbaycanın dövlət bayrağını erməni işğalı altındakı torpaqlarımızda dalğalandıran, elə bu zaman da girov düşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlıqlarını tələb etmək yada düşmürdü. Sizcə onlar bunu bilməyərəkdən, yaxud məqsədli şəkildə edirlər?

- Dilqəm Əsgərov və Şahbaz Quliyev Əli Kərimli və onun kimilərin diqqətini heç bir zaman cəlb edə bilməz. Bu məntiq axarı, qanunauyğunluq məsələsidir. Və ya ermənipərəst Leyla Yunus, Arif Yunus ya da adları yüz cür dələduzluqda və xəyanətlərdə hallanan xalq düşmənləri varkən Dilqəm və Şahbazın haqqını müdafiə eləmək Milli Şuranın nəyinə gərəkdir ki? Əksinə, onların fikrincə, əsir düşən həmvətənlərimiz dostların və əziz qardaşların himayəsindədir. Əli Kərimli kimi zehniyyət daşıyıcısı əsla və əsla ermənini düşmən, Şahbazı və Dilqəmi isə girov gözündə görə bilməz. Çünki, o Leyla Yunus ağıldadır, o Əkrəm Əylisli təfəkküründədir.

- Müsavat Partiyası daxilində cərəyan edən hadisələr də cəmiyyətdə geniş müzakirə mövzusudur. Artıq başqanlığa sabiq namizədlər Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı partiya daxilində yeni fraksiya yaratmaq, hətta partiyanın növbədənkənar qurultayını keçirmək barədə fikirlər səsləndirirlər. Sizcə bu gediş Müsavata nə vəd edir?

- Müsavatda növbəti fraksiyanın yaradılması gözlənilən idi. Niyə? Çünki, Qubad İbadoğlu qabağından yeyən insan deyil. Onun əlində seçkinin saxtalaşdırılması ilə bağlı yetərincə faktlar var. Tural Abbaslı isə “ömürlük quyruq” ənənəsinə sadiq qalaraq öz missiyasını yerinə yetirir. Səxavət Əlisoy da onun kimi. Prosesi nəzarətdən çıxaran digər faktor isə mövcud başqan Arif Hacılının son dərəcə intriqant bir fiqur olmasıdır. Onun mətbuatdakı “gülməşəkər”, kübar açıqlamalarına baxmayın, bu adamın özü kimi saxtakar elə bir tək özüdür. Və ya əmin olun ki, pərdə arxasında çox şey baş verir. Arif Hacılı İbadoğluna və onun tərəfdarlarına tuşladığı atmacalarını, iynələrini səngitmir. Bu səbəbdən də qarşı tərəf qıcıqlıdır və bərabər gəldikləri 25 illik yola rəğmən partiya daxili kritikanı irərilətməkdə maraqlıdırlar. Fəqət, bu məsələdə ən maraqlı mövqe bilirsinizmi kim tərəfindən nümayiş olunur? Eks-başqan İsa Qəmbər tərəfindən. Niyə? Çünki, o ətrafdakılara sübut etmək istəyir ki, bu vaxta qədər bütün yük mənim üzərimdə olub, Müsavatın parçalanmasını əngəlləyəcək tək fiqur mənəm, qədrimi bilin. Daha doğrusu, gec olmadan bilməyə çalışın. Məni yenidən başqanlıq kürsüsünə qaytarın. Sadəcə fərqində deyil ki, Arif Hacılıdan Allah verdiyi canı ala bilmir, o ki qala ondan başqanlığı geri istəyəsən. Adam bu ölkədə çox siyasətçinin dədəsinə rəhmət oxutduracaq ambisiyadadır, hikkədədir, təkəbbürdədir. İsa Qəmbər öz xəyalpərəstliyinə güc verərkən paralel olaraq məhz bu məqamları nəzərə ala bilmir. Nəinki İsa Qəmbər, eyni zamanda partiya daxili fraksiya yaratmaq cəhdində bulunan Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı və onlar kimi düşünən digər funksionerlər.



Teqlər:





Xəbər lenti