Məhərrəmlik: 40 gün matəm, 40 gün işsizlik...

  24 Oktyabr 2014    Oxunub : 41335
Məhərrəmlik: 40 gün matəm, 40 gün işsizlik...
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Fətvaya əsasən, Hicri-qəməri təqvimilə 1435-ci il başa çatır.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni hicri 1436-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabr ayının 26-na təsadüf edir.

Məhərrəmlik ayının tarixi

Hər il Hicri təqviminin Məhərrəm ayında yad edilən Kərbəla hadisələrinin tarixi VII əsrə təsadüf edir. Şiə təriqətində qeyd edilən dini ayinlər 680-ci ildə Kufədə başlayan qiyamla bağlıdır. Belə ki, qiyama qalxanlar Həzrəti Əlinin kiçik oğlu İmam Hüseyndən yardım istəyir və ondan gəlib Kufədə atasının düşməni olan Əməvi sülaləsinə qarşı üsyana mənəvi dayaq olmağı, qiyamçıları ruhlandırmağı xahiş edirlər. İmam Hüseyn 72 nəfərlik kiçik bir dəstə ilə Kufəyə yollanır. Dəstəsi ilə birlikdə Mərəya düzündən (indiki Kərbəladan) keçəndə (oktyabr, 680-ci il) Yezidin göndərdiyi 4 min nəfərlik qoşun onları mühasirəyə alır və Məhərrəmlik ayının 10-cu günündə məşhur Kərbəla hadisəsi baş verir. Kərbəla sözü də sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır. Mənası «Kərb» yəni hüzn və «bəla» sözlərindən ibarətdir.

Şiə təriqətinə mənsub olanlar indiyə qədər də Aşurada məhz bu hadisəyə, yəni imam Hüseynin öldürülməsinə yas saxlayırlar. Bu günü yas saxlayanlar bununla əlaqdar olaraq bəzi ayinlər icra edir və qadağalara riayət edirlər. Məsələn, spirtli içki içmək, toy eləmək günah sayılır. Bəziləri isə Məhərrəm ayının 10-cü günü, yəni Qətl sınan gün, yaxud da başqa adla Aşura günü çimməyi, sabundan istifadə etməyi və s. günah hesab edirlər. Zəncir vurmaq və qan çıxarmaq tələbi isə öz yerində.

Bəs, bu adətlər haradan gəlir? Dinin tələbidir, yoxsa cahillikdir? İslam dini şəhidlərə yas saxlamağa, onlar üçün özünə zəncir vurmağa icazə verirmi?

Millət vəkili Fazil Mustafa hesab edir ki, Məhərrəm ayında icra olunan əməllərin əksəriyyəti cahillikdən irəli gəlir.

Deputat Məhərrəm ayında yas saxlayanları xatırladır ki, içki içmək təkcə bu ayda deyil, ümumiyyətlə haramdır.

“Məsələn, içki içməmək təkcə məhərrəmliklə bağlı deyil, Allahın əmridir. İçmirsənsə, ümumiyyətlə içməmək lazımdır. Yaxud da, pis işlərlə məşğul olmaq və digər qadağalar İlahi əməldir. Bunun Məhərrəmlikdə edilməsi Azərbaycan cəmiyyətində dinə saxtakar baxışın əsas göstəricisidir. Toy etmirlər, hansısa tədbir keçirmirlər, bunlar hamısı əsası olmayan hadisələrdir”.

F.Mustafa həmçinin qeyd edib ki, vəfat edən şəxslərin, şəhidlərin xatirəsi İslamda əziz sayılır, onlar uca tutulur, amma əbədi yas saxlamaq İslam mədəniyyətində, İslamın təməl fəlsəfəsində yoxdur: “Bunu ancaq cəmiyyətin əslində islam dinindən uzaq olması ilə izah etmək olar. Cəmiyyətdə din anlayışının saxta əmələ dayanması ilə əsaslandırmaq olar”.

Zəncir vurmaq, qan çıxarmaq kimi adətlərə gəlincə isə deputat vurğulayıb ki, dində belə bir adət yoxdur:

“Ümumiyyətlə, insanın özünə zəncir vurmağı, qan çıxarmağı axmaqlıqdır. Çünki bunun nə İmam Hüseyn üçün faydası var, nə də İmam Hüseyn kimi zəki şəxsiyyət heç vaxt belə bir addımı rəva görməzdi. Çünki onlar peyğəmbər tərbiyəsi görmüş adamlardır. Peyğəmbər tərbiyəsi görmüş adam özündən sonrakı insanların özlərinə belə ziyan vurmağını istəməzdi. Amma görünür ki, Azərbaycan özünə İrandan köçürülmə islam anlayışı əxz edib və bu anlayış da indiyə qədər Azərbaycan cəmiyyəti üçün ancaq cəhalət və nadanlıq yayılması üçün əsas alatə çevrilib”.

“Heç peyğəmbəri bu qədər xatırlamırlar...”

Millət vəkili hesab edir ki, cəmiyyət arasında dini cahilliyin aradan qaldırılması üçün ziyalılar dini maarifçiliyi gücləndirməlidirlər:

“Dinin təməl əsasları haqqında məlumatlar verməlidirlər. Bildirməlidirlər ki, din tarixində baş verən onlarla hadisə var ki, bunları dinin əsası kimi göstərib onun əsas yolundan uzaqlaşdırırlar. Bu da dini gözdən salır. Fanatizm, cəhalət və dünyagörüşü məhdudluğu yaradır. İslam haqda təsəvvürlərin daha da pisləşməsinə gətirib çıxarır. Heç peyğəmbəri bu qədər xatırlamırlar, amma ondan sonra gələn 3-4-cü dərəcələi adamları xatırlayırlar. Bu, çox faciəvi yanaşmadır”.

Məhərrəmlik ayının madddi və mənəvi tərəfləri

Məhərrəmlik ayı dini inanclarla yanaşı iqtisadi baxımdan da insanları düşündürür. İnanclı təbəqənin Məhərrəmlik ayında 40 gün yas saxlaması bir sıra biznes sahələrində təsirsiz ötüşmür.

Hətta elçi düşmək istəyənlər “Məhərrəmlik” girməmiş xeyir işlərini tez-bazar görürlər ki, bu aya təsadüf etməsin. Məhərrəm ayının gəlişi şadlıq evlərinin toy bazarını demək olar ki, alt-üst edir. Bu ay nə toy edən olur, nə də elçi düşən. Toy alverinin bağlanması ərzaq bazarından tutmuş, gözəllik salonlarına kimi bir sıra obyektlərə öz təsirni göstərir. Bu da öz növbəsində, iqtisadiyyatdan da yan keçmir.

İqtisadçı ekspert Nazim toy sektorunun zəifləməsini iqtisadiyyata mənfi təsir göstərdiyini hesab edir:

“1400 il bundan əvvəl baş vermiş hadisəni bugunki inkişafın modelinə uyğunlaşdırmaq düzgün hal deyil. Bu baxışları dəyişdirmək lazımdır. Bu ayda insanların toy, nişan keçirməməsini doğru hesab etmirəm. İnsanlar öz inancları ilə başqalarına təsir etməməlidirlər.

Hətta insan planlaşdırılması, iqtisadiyyatın proqramlaşdırılması nöqteyi-nəzərdən doğru deyil. İnsanlar çalışırlar ki, “Məhərrəmlik” ayına qədər şadlıq evlərində yer tutsunlar, bu, insanların normal planlarına mənfi təsir göstərir. O obyektlərdə, restoranlarda işləyən insanların bir neçə ay ərzində işsiz qalması , praktiki olaraq, yerlərinin dəyişməsi bu kadrların normal seçilməməsinə gətirib çıxardır”.

İqtisadçı bildirib ki, “Məhərrəmlik” ayında toyların olmamasının iqtisadiyyata nə qədər ziyan dəyməsi rəsmən hesablanmasa da, bu rəqəm kifayət qədərdir.

“Belə bir hesabat aparılmır. Amma toy olmursa, bazarda alış-veriş də zəifləyir, toy olmursa ərzaq alveri də dayanır, müxtəlif mebel dükanlarına, qızıl alveri ilə məşğul olanların bazarına təsir edir, onların gəlirləri azalır. Toy sektoru iqtisadiyyatın aparıcı hissəsidir. Amma toy sektorunda qeyri-normallıq var. Həm gəlirlərin hesablanması , həm müğənnilərin vergi verməməsi, həm də şadlıq evlərinin sahiblərinin vergidən yayınması baxımından mənfiliklər var. Ancaq bu sektor kifayət qədər oturuşmuş sektordur. İldə dini nikaha girənlərin sayı 80 min nəfərdir. Əgər bunların 90 faizi şadlıq evlərində toy edirlərsə, bu o deməkdir ki, burada kifayət qədər vergi potensialı var və toy sektorunun iqtisadiyyata dəstəyi var. Ancaq bunun da çox hissəsi “kölgə” iqtisadiyyatıdır, yəni vergidən yayınma”-deyə eks-deputat bildirib.

A.Rüstəmov

Teqlər: