Mübariz Qurbanlıdan dindarlara xəbərdarlıq

Mübariz Qurbanlıdan dindarlara xəbərdarlıq
  23 Oktyabr 2014    Oxunub:2058
"Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcəyik. Onların iqtisadi bazasını məhv edəcəyik. İdeoloji bazası ilə mübarizə isə dindarların işidir".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən müşavirədə bildirib.

DQİDK sədri deyib ki, İslam dünyasının içində problemlər yaratmaq istəyən qüvvələr var. İslamın yayılmasını istəməyən qüvvələr müxtəlif vasitələrlə buna mane olmağa çalışıblar: "Harda qan tökülürsə, orada müsəlman görürük. Dünyadakı münaqişələrin 60 faizi müsəlman ölkələrindədir. İslam ölkələrində radikal qruplar, yeni cərəyanlar yaradaraq İslamı içindən dağıtmaq istəyirlər. Onlar həm şiəliyə, həm sünniliyə, bütövlükdə İslama qarşıdırlar".

M.Qurbanlı "İslam Dövləti" terrorçularının əməllərinə də münasibət bildirib və onu yolverilməz adlandırıb: "Bizdə olan məlumatlara və kəşfiyyat məlumatlarına görə, İŞİD deyilən qruplaşmada kənardan gələnlərin içində azərbaycanlılar ən az sayda olanlardır".

Onun fikrincə, Azərbaycanda hamı, o cümlədən din xadimləri bu cür radikallığa qarşı çıxmalıdırlar: "Kimsə qan çıxarmaq istəyirsə, bunu Mübariz İbrahimov kimi etməlidir".

M.Qurbanlı deyib ki, İslamdakı iki böyük məzhəb Məhəmməd peyğəmbərin (s.ə.a.s) vəfatından sonra yaranıb, kiçik cərəyanlar isə sonrada ortaya çıxıb: "Çox təəssüf ki, bir sıra İslam ölkələrində müsəlmanlar bir-birinə qarşı tolerantlıq nümayiş etdirə bilmirlər. Çox şükürlər olsun ki, biz bunu Azərbaycanda edə bilmişik".
O, qeyd edib ki, ötən əsrin əvvəllərində də Azərbaycanda şiə və sünni məzhəbləri arasında qarşıdurma yaratmağa çalışıblar. Lakin məzhəb liderlərinin müdrikliyi nəticəsində buna yol verilməyib: "Tarixlə savaşmaq lazım deyil. Tarixdən ibrət dərsi götürmək lazımdır. Azərbaycan tarixində bu günədək heç zaman şiələrlə sünnilər arasında qarşıdurma olmayıb".
M.Qurbanlı bildirib ki, Azərbaycanda dini sabitlik yüksək səviyyədədir və ölkədə dinə münasibət qanunlarla tənmzimlənir.
Azərbaycanda Məhərrəm ayının başlanması və Aşura gününün qeyd edilməsi məsələsinə toxunan Dövlət Komitəsi sədri deyib ki, peyğəmbərin (s) nəvəsi İmam Hüseynə (ə.s) silah qaldırmış şəxsləri İslam dünyası bəyənməyib. Həmin şəxslər İslamın dəyərlərində özlərinə yer tapmayıblar, lakin Kərbəla şəhidləri İslamın dəyərlərində özlərinə yer tapıblar: "Biz Kərbəladakı şəhidlik zirvəsini qeyd edərkən, Azərbaycanda Qarabağ müharibəsini, şəhidlərimizi də xatırlamalıyıq".

Bununla yanaşı, M.Qurbanlı deyib ki, din xadimləri Məhərrəmlik və Aşura haqqında danışarkən hissiyyata qapılmamalıdırlar. Çünki dində hissiyyata qapılmaq yolverilməzdir.(trend)


Teqlər:





Xəbər lenti