Bakı-Sumqayıt yolundakı 2 körpü uçurduldu

  20 Oktyabr 2014    Oxunub : 1810
Bakı-Sumqayıt yolundakı 2 körpü uçurduldu
Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində dəmiryolu xəttinin üstündə olan 2 körpü istismar müddəti bitdiyindən uçurdulub.
AzVision.az xəbər verir ki, aznews.az bir neçə gün öncə Bakı-Sumqayıt yolunda hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumat vermişdi. Bildirilmişdi ki, Bakı-Sumqayıt yolunun bir hissəsində “giriş qadağandır” nişanı qoyulduğundan yolda dəhşətli tıxac yaranır. O zaman yolun nə səbəbdən bağlanması açıqlanmasa da, bu gün onun qəzalı vəziyyətdə olması ucbatından bağlanması dəqiqləşib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bu haqda açıqlama yayaraq sözügedən avtomobil yolunda tətbiq olunan məhdudiyyətin yolun 9-cu km-də dəmir yolu üzərində mövcud körpülərin söküntüsü ilə əlaqədar olduğunu təsdiqləyib.

Belə ki, körpülərin yerində müasir tipli dörd aşırımlı iki ədəd yol ötürücüsü tikiləcək.

Onun sözlərinə görə, qeyd edilən ərazidə genişləndirmə işlərinin də aparılması nəzərdə tutulub.

P. Mürsəliyev bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunun 6-9-cu km-də tətbiq olunan məhdudiyyət nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmir. Belə ki, alternativ olaraq sürücülər yolun sağ tərəfindən, yəni Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətində çəkilən avtomobil yolundan istifadə edirlər.

“Birinci mərhələ üzrə biz Sumqayıt istiqamətindən Bakı Beynəlxalq Avtovağzalına qədər olan hissədə dörd aşırımlı və üç zolaqlı körpü tikdik. Biləcəri istiqamətində isə yolun sağ tərəfindən, yəni Bakıdan Sumqayıt istiqamətində iki bir aşırımlı körpü tikilib, həmçinin üç zolaqlı yol salınıb”, - deyə qurum rəsmisi əlavə edib.

Teqlər: