Səxavət Əlisoydan Arif Hacılıya yeni ittihamlar

  18 Oktyabr 2014    Oxunub : 1290
Səxavət Əlisoydan Arif Hacılıya yeni ittihamlar
`Təkcə Müsavat partiyasının deyil, ümumilikdə müxalifətin yenilənməsinə ehtiyac duyulur`.
AzVision.az xəbər verir ki, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy yaratdıqları yeni təşkilatdan danışıb.

Uzun illər siyasətdə olduğunu diqqətə çatdıran müsavat funksioneri hələ qurultaydan öncə Müsavatın yenilənməsi ideyasını ortaya atdığını xatırladaraq, təkcə bu partiyanın deyil, ümumilikdə müxalifətin yenilənməsinə ehtiyac duyulduğunu bildirib.

Qeyd edib ki, müxalifətin strategiyası dəyişməlidir. Onun sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizinin düşmən işğalında olduğu, xarici dövlətlərin ölkəmizə təsir və təzyiq göstərmək istədiyi bir zamanda daxildə həmrəylik nümayiş etdirməyimiz, qarşılıqlı dialoqa getməyimiz vacib şərtdir: “Daxilimizdə həmrəyliyin baş tutmaması dövlətçiliyimiz üçün başlıca təhdidlərdəndir. Bu, müsbət tendensiya sayıla bilməz. Siyasi mübarizənin də özünün “qırmızı xətti”, sərhədi var. Hər kəs öz gücünə adekvat şəkildə, yalnız hüquqi yolla siyasi mübarizə aparmalıdır. Lap tutaq ki, hansısa müxalifət partiyasının milyondan çox üzvü var. Hətta bu da ona əsas vermir ki, həmin partiya siyasi mübarizədə radikal, populist metodlara əl atsın. Yaxud da hansısa əcnəbi ölkədə inqilabi proses baş verirsə, mütləq onu burada təqlid etsin, təkrarlasın. Biz küçələrə axışmaqdansa dəyirmi masaları, şüarçılıqdansa intellektual fikir mübarizəsini üstün tuturuq. Qazanan dövlətçilik olsun deyə, iqtidar-müxalifət münasibətləri baxımından Azərbaycanda indiki Türkiyə modelini tətbiq etmək gərəkdir. Bu gün müxalifətlə iqtidar yalnız Dağlıq Qarabağ probleminə görə bir araya gəlməməlidir, ölkəmiz, dövlətçilik üçün bir çox önəmli məsələlərdə bir yerdə olmalıyıq. Ali məqsəd iqtidara gəlmək deyil, dövlətçiliyi daha da gücləndirmək olmalıdır. Bunun üçün isə ən optimal variantlardan biri siyasi dialoq və islahatların ortaya qoyulmasıdır. Məhz bu kimi səbəblərdən Siyasi Dialoq və İslahatlar Mərkəzini yaratmaq qərarına gəldik”.

Müsavatdan olan istefalara fikir bildirən S.Əlisoy yeni başqan Arif Hacılının bu istefalara münasibətinə diqqət çəkib. Deyib ki, A.Hacılı partiyadan istefa verən gəncləri Rəsulzadə-Elçibəy yoluna, müsavatçılığa xəyanət etməkdə günahkar bilir. S.Əlisoy bunun yanlış mövqe olduğunu, hazırda Müsavatdan istefa verənlərin partiyaya xəyanət etmədiklərini vurğulayıb:

“İstefa verənlər saxtakarlığa, riyakarlığa, qeyri-şəffaflığa, qeyri-demokratik mühitə, mənəm-mənəmliyə, təkəbbürə, yekəxanalığa etiraz ediblər. Qurultaydan sonra partiyadan istefa verənlər bir qədər əvvəl sadaladığım xarakterə malik insanlarla bir arada olmaq istəmirlər. Onlarla şəxsən mənim söhbətim olub. Həmin gənclər dövlətçiliyə, demokratik düzənə olduqca bağlı insanlardır. Onlar üçün hay-küyçülük, şüarçılıq, radikallıq, icazəsi küçə yürüşləri qəbul edilən deyil. Bu gənclər belə mübarizə üsulunu məqbul hesab etmirlər. Çox təəssüf ki, qarşı tərəf bunu anlamaq istəmir və belə məsələlər getdikcə daha da dərinləşməkdədir. Arif Hacılı bir yandan deyir ki, qapalı qruplarda tərəflər arasındakı mübarizə dayandırılsın, digər tərəfdən də partiyadan istefa verənləri xəyanətkar adlandırır. Bununla o, hadisələri sakitləşdirmək əvəzinə, siyasi katalizator rolunu oynayır, prosesləri qızışdırır. Partiyada birləşdirici funksiya yerinə yetirən zat belə bəyanatlar verməməlidir. Bu, onun zehniyyətindən, populist düşüncəsindən irəli gəlir. Müsavatdakı gərginlik də məhz Arif Hacılı dəstəsinin üzvləri tərəfindən günü-gündən dərinləşdirilir”.(Kaspi qəzeti)




Teqlər: