Həkim icazəsi olmadan evlənmək qadağan edildi

Həkim icazəsi olmadan evlənmək qadağan edildi
  18 Oktyabr 2014    Oxunub:2037
Milli Məclisdə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Dəyişikliyə əsasən bundan sonra nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayış təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.

H.Rəcəbli deyib ki, son variantda həkim məsləhətinin də həmin arayışların arasında olması təklifi yer alıb. Digər dəyişikliyə əsasən nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və İİV virusunun törətdiyi xəstəliyin (QİÇS) olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

H.Rəcəbli nəzərə çatdırıb ki, 20 minə qədər uşaq anadangəlmə əlilliyə görə müavinət alır. Onun sözlərinə görə, Azərbaycanda ildə 300-ə yaxın talassemiyalı, 200 hemofiliyalı uşaq dünyaya gəlir, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzi tikiləndən sonra bu statistikada azalma qeydə alınır. H.Rəcəbli bildirib ki, əvvəllər bu uşaqlar 17 yaşadək yaşayıb, hazırda isə müalicələr nəticəsində 22 yaşadək yaşayırlar.

Hadı Rəcəblinin təqdimatından sonra deputat Vahid Əhmədov nikaha daxil olan şəxslərin sağlamlıq arayışının həqiqiliyinə kimin zəmanət verəcəyi haqda sual verib: “Xəstə olan şəxs də hansısa yollarla belə arayış əldə edə bilər. Pulunu verib sağlam olmaları haqda arayış ala biləcəklər. Kim verilən arayışın doğruluğuna zəmanət verə bilər? Fikrimcə, biz qanunu qəbul edərkən belə halları da nəzərə almalıyıq”.

Ziyafət Əsgərov isə həkim arayışlarının tam pulsuz veriləcəyini bildirib.

Hadı Rəcəbli əlavə edib ki, nikaha daxil olmaq istəyənlərin hansı xəstəliklər üzrə yoxlanılacaqlarını Nazirlər Kabineti təsdiqləyəcək: “Burada təxminən 6 xəstəlik üzrə yoxlamalardan söhbət gedir. QİCS, vərəm və bu kimi digər yoluxucu xəstəliklər yoxlanılacaq. Yoxlanışdan keçən xəstələrin hansı xəstəlikdən əziyyət çəkdikləri arayışda yazılacaq".

Vitse-spiker Bahar Muradova müzakirələrdə səslənən fikirləri ümumiləşdirib bütün təkliflərin qanun işlədikcə nəzərə alınacağını bildirib.

İqbal Ağazadə bu arayışlar olmadan nikaha daxil olmanın inzibati məsuliyyət yaratması barədə qanuna dəyişiklik təklif edib. H. Rəcəbli qeyd edib ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinə ilə bağlı arayışları bir-birinə təqdim etmələri barədə öhdəlik qoyulmayıb: “Ancaq həkim məsləhəti də həmin arayışların arasında yer alacaq. Yəni insanlara məsləhət veriləcək ki, özlərini müalicə etdirsinlər”.

Rəfael Cəbrayılov isə nəzərə çatdırıb ki, tərəflərdən tibbi müayinə ilə bağlı arayışı bir-birinə təqdim etməyi tələb etmək olmaz: “Nəzərə almaq lazımdır ki, tibbi müayinənin nəticələrindən sonra bu insanlardan biri nikaha daxil olmaqdan vaz keçə bilər”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.



Teqlər:





Xəbər lenti