Nazirlik-Parlament-Cəmiyyət dialoqu

Nazirlik-Parlament-Cəmiyyət dialoqu
  17 Oktyabr 2014    Oxunub:1752
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Milli Məclis, Ədliyyə Nazirliyi və vətəndaş cəmiyyəti inistitutları nümayəndələrinin QHT və qrant haqqında qanunlara ediləcək əlavə və dəyişiklərlə bağlı ictimai müzakirə keçirilib.

Toplantını açan Şura sədri, millət vəkili Azay Quliyev QHT qanunvericiliyinə təklif olunan dəyişikliklərlə əlaqədar maraqlı tərəflər arasında növbəti dialoqun və müzakirənin keçirilməsinin vacib olduğunu bildirib. Azay Quliyev Milli Məclisin sabahkı plenar iclasında QHT-lər haqqında qanuna təklif edilən əlavə və dəyişikliklərin əvvəlcə bu formatda müzakirə olunmasının müxtəlif mövqelərin uzlaşdırılmasına xidmət edəcəyinə ümid etdiyini vurğulayıb.

Təklif olunan əlavə dəyişikliklərin müəllifi, Milli Məclisin “Hüquq siyasəti və dövlət quruculuğu” komitəsinin sədri Əli Hüseynli qanun layihəsi haqqında ətraflı məlumat verib. Komitə sədri QHT-lərin hüquqi dövlətin ən vacib elementlərindən olduğunu və Şuranın yaradılmasının, “İctimai iştirakçılıq haqqında” qanunun qəbulunun Azərbaycan dövlətinin və prezidentinin vətəndaş cəmiyyətinə verdiyi önəmin ən bariz göstəricisi olduğunu qeyd edib. Millət vəkili eyni zamanda QHT sektorunda maliyyə şəffalığının və layihələrin səmərələliyinin təmin olunmasınında vacibliyini vurğulayıb.

Millət vəkili Fəzail Ağamalı əvvəlki illərlə müqayisədə ölkə QHT-lərinin daha peşəkar fəaliyyət göstərdiyini və bunun ciddi inkişaf göstəricisi olduğunu qeyd edib. F.Ağamalı Milli Məclisin və QHT-lərin xarici donorların verdiyi qrantların Azərbaycan dövlətçiliyinə ola biləcək mənfi təsirin qarşısının alınmasında əməkdaşlığının zəruri olduğunu bildirib. Millət vəkili yerli təşkilatların rahat fəaliyyət göstərməsi üçün Şuraya daha artıq vəsaitin ayrılmasını təklif etdiyini deyib.

Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Rahim Rəhimov hazırda 17 dövlət qurumunun QHT-lərə qrant verdiyini deyərək ölkə üzrə ümumi qrant portfelində dövlət vəsaitinin 65 fazi həcmində olduğunu bildirib. İdarə rəisi nazirliyin yaxın zamanlarda QHT-lərə göstərilən xidmətin elektronlaşması işini tam yekunlaşdıracağını və bununla da bir sıra mövcud texniki problemlərin aradan qalxacağını qeyd edib.

Müzakirələrdə QHT rəhbərləri - Razi Nurulla, Hafiz Həsənov, Novella Cəfəroğlu, Əhməd Abbasbəyli, Məhəmməd Quluzadə, Rəşid Hacılı, Vüsalə Hüseynli, Günel Səfərova, Mirvari Qəhrəmanlı, Niyaməddin Orduxanlı, İlqar Hüseynli, Mirəli Hüseynli, Sahib Məmmədov, Umud Mirzəyev, Azər Mehdiyev, Abil Bayramov, Əliməmməd Nuriyev, Rauf Zeyni, Ülviyyə Mikayılova, Vuqar Bayramov, Səadət Bənanyarlı, Samir İsayev, Şəhla İsmayıl, Solmaz Əliyeva, Samir Əliyev, Rəfael Becanov, İsrail İsgəndərov və digərləri çıxış edərək qanuna təklif olunan əlavə və dəyişikliklərə münasibətlərini bildirib və onları narahat edən məsələlərə toxunublar. QHT nümayəndələri şəffaflıq və hesabatlılıqla bağlı problemlərin aradan qaldırılması ilə əlaqədar dövlətin mövqeyini bölüşdüklərini, lakin QHT sektoruna dövlət büdcəsindən ayrılan vəsaitlərin ehtiyaclara uyğun olaraq artırılmasının və onların əməkdaşlıq etdikləri donorlarla iş birliyinə xələl gəlməməsinin vacib olduğunu bildiriblər.

Komitə sədri Əli Hüseynli müzakirələrin faydalı olduğunu, qanuna edilməsi təklif olunan əlavə və dəyişikliklərin QHT-lərlə deyil, donorlarla bağlı olduğunu qeyd edərək, QHT-lərin narahatlığı üçün ciddi əsas olmadığını söyləyib. Bununla yanaşı, komitə sədri onu da bildirib ki, burada səslənən bütün fikirr və təkliflər araşdırılacaq və mümkün olanlar nəzərə alınacaq.


Teqlər:





Xəbər lenti