Bakıdakı partlayışa görə cinayət işi açıldı

Bakıdakı partlayışa görə cinayət işi açıldı
  10 Oktyabr 2014    Oxunub:1965
Bakı şəhər Prokurorluğu Bakıda marketdə baş verən partlayışla bağlı məlumat yayıb.
Bakı şəhər Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 08-də saat 18 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri dairəsi adlanan ərazidə yerləşən yeni tikilmiş hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Army” marketin ərzaq anbarında ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış olub.

Partlayış zamanı 1992-ci il təvəllüdlü Əhmədov Ehtiram Nadir oğlu ölüb, 1970-ci il təvəllüdlü Heydərova Əfşan Hüseyn qızı, 1993-cü il təvəllüdlü Namazzadə Kənan Rəsul oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Azər Nail oğlu, 1985-ci il təvəllüdlü Babayev Rahib Sergey oğlu, 1989-cu il təvəllüdlü Ədilov Qəhrəman Məzahir oğlu, 1984-cü il təvəllüdlü Eminov Rüfət Mənsur oğlu, 1974-cü il təvəllüdlü Ramazanova Cəmilə Ziyəddin qızı və 1996-cı il təvəllüdlü Məcidzadə Pərişan Rövşən qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstaxanaya yerləşdirilib. Həmçinin, yaxınlıqda olan avtomobillərə ziyan dəyib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

İş üzrə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər və rayon prokurorluqlarının, Bakı Şəhər Baş Polis İdarəsi və rayon Polis İdarəsinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilib. Müvafiq ekspertizalar təyin edilmiş və digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda istintaq davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti