Bütöv Azərbaycan ideyası: tamam, ya davam?

  09 Oktyabr 2014    Oxunub : 1739
Bütöv Azərbaycan ideyası: tamam, ya davam?
Fazil Mustafa

İdeyalar və ideologiyalar insan ağlının məhsuludur. Yəni hansısa dövrdə düşünürlərin, siyasətçilərin mənsub olduqları cəmiyyət üçün və ya gələcək nəsillər üçün hazırlayıb tərtib etdiyi mifoloji, dini, fəlsəfi və ya elmi məzmun daşıyan sistemli görüşlərdir. Bütün hallarda ideyalar bir insanın düşüncəsinin məhsulu olur, bir qrup və ya zümrə tərəfindən ictimailəşir və inandırıcılığı mənimsənilən halda idealist insan tiplərinin yetişməsi ilə yaşamaq haqqı qazanır. Burada ideyanın real həyatla əlaqəsi, inandırıcılığı ən zəruri amil sayılır.


Almaniyanın birləşməsi də ötən əsrin 50-ci illərindən sonra hər bir almanın içində yaşamaq haqqı qazanmış bir ideya hesab oluna bilərdi. Bu səbəbdən də düşünən hər bir alman fərdi üçün 3 oktyabr tarixinin özəl bir yeri olduğunu xüsusi vurğulamağa gərək yox. Həmin günü rəsmi dövlət bayramı kimi qeyd edən almanlar XX əsrdə yaşadıqları fəlakətlərin ardından yenidən bütöv bir millət olmanın qürurunu yaşayırlar. Əlbəttə, ötən iyirmi dörd il müddətində keçmiş Almaniya Demokratik Respublikasının iqtisadi geriliyini və kommunizm virusunu təmizləmək həm maddi, həm mənəvi baxımdan asan olmamışdır. Bununla belə, Almaniya özünün dövlətçilik və mədəniyyət stereotiplərinə qayıtmış və yenidən Avropanın ən ciddi gücünə çevrilmişdir.

İki ildir ki, 3 oktyabr tarixində təsadüfən Almaniyada oldum və televiziyadan iyirmi dörd il öncəki tarixə dönüşü izlədim. Xatirələr, duyğular, rusların çəkdiyi dəmir məftillər və hündür divarlar arxasından sındırılmış qüruru ilə boylanan milyonlarla alman personası hələ də inanılmazın bacarıldığına heyrətlənməyə davam edir. Hitlerin axmaqlığı nəticəsində daşı-daş üstündə qalmayan bir ölkədə Almaniya Federativ Respublikası kimi bir dövləti yenidən inşa edib ayaq üstə qaldır, ardınca xeyli geridə qalmış ADR-i də öz tərkibində yenidən vahid dövlət modelinin içərisinə daxil et, bunu almanlardan başqa inanmıram ki, hansısa millət belə tez bir zamanda və bu qədər dəqiq tənzimləyə bilərdi. Əlbəttə, burada Marşal planının maddi kəramətini, Helmut Kolun Qorbaçova ötürdüyü milyardlarla alman markası rüşvətin faydasını xatırlamaq yersiz sayılmaz.

Burada AFR-in zənginliyi sözsüz ki, xüsusi rol oynadı, alman protestantlığının dinamizmi cəmiyyəti hədəfə doğru təşkilatlandıra bildi, ancaq bütün hallarda nə istədiyini dəqiq bilən bir millət vardı meydanda. Bu gün də almanlar içindəki bütün miqrantları öz qaydalarına, üslublarına, stereotiplərinə uyğunlaşmağa məcbur edəcək bir mədəniyyət daşıyıcılarıdır. Məhz bu mədəniyyətin əsəri sayıla bilər Almaniyanın bu cür uğurlu birləşməsi. Bu gün millət olaraq almanların sayı azalmaqdadır, mühacirlərin, o cümlədən türklərin və slavyan əhalinin bu ölkədə sayının çoxalması və təsir gücünün artması milliyyətçi almanlar üçün təhlükəli görünsə də, nədənsə tarixən fəlsəfi məktəblərin içindən və protestant əxlaqından yoğurulmuş modern bir alman mədəniyyətinə bütün yabançı axınlar məğlub olurlar. Hər biri alman saatının əqrəbindən asılmaq məcburiyyətindədirlər - nə irəli getmək, nə də geri qalmaq fürsəti kimsəyə tanınmaz.

Buradan illərdir ayrılmış, parçalanmış hesab etdiyim, bəlkə də siyasət həyatına bu motivlə başladığım vətənim Azərbaycana keçəcəyəm. İllər öncə də almanlarla, koreyalılarla, albanlarla, yəmənlilərlə, rumın-moldovanlarla müqayisə zəminində ayrılmış bir xalqın birləşmə idealını içimizdə, dilimizdə, ədəbiyyatımızda və nəhayət? siyasət düşüncəmizdə daşımışıq. Bunu ən çox dilə gətirən, siyasi hədəfə çevirən mərhum Əbülfəz Elçibəy idi və bizlər də onun adını və fikirlərini əsas götürərək, “Bütöv Azərbaycan ideyası” adı ilə bu görüşlərin ardıcıl və səmimi təbliğatçılarına çevrildik.

Bu ideyanın təşkilati tərəfini yürüdəcək Xalq Cəbhələri, Bütöv Azərbaycan Birliyi, Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan mənşəli bir neçə təşkilatlar, firqələr, hərəkatlar, qurtuluş cəbhələri və sair quruluşları da diri saxlamağa çalışdıq. Və birdən-birə bu gün ideyaya, problemə fərqli rakursdan, fərqli istiqamətdən yanaşmaq ağırdır, üzücüdür və bəlkə də siyasi keçmişimiz baxımından risklidir. Həm də səmimi şəkildə bu ideyaya inanmış insanların hədəfinə çevrilməyin də xoş olmadığını dəqiq bilərək, birdən-birə əks istiqamətə üzmək qərarına gəlməyimiz səbəbsiz deyil. Yəni daha açıq mətnlə söyləsək, söhbət artıq Qarabağın yolunun Təbrizdən deyil, sözün bütün mənasında Ağdamdan, Fizulidən, Murovdan, Tərtərdən keçdiyinə səmimi inanmaqdan gedir. Səbəb, sadəcə, illər öncə İranın parçalanacağı, buradakı xalqların öz müqəddəratını həll edəcəyi barədə tezislərin son vaxtlar gündəmdən çıxması deyil. Bu, bəlkə də uzun illər düşünən insanlarımızın ciddi araşdırma mövzusuna da çevrilə bilər.

Baxın, reallaşan ideyalar gözümüzün önündə. İnandırıcılığını itirən ideyalar da düşüncəmizin mühakiməsində. Burada ideyanın real həyatla əlaqəsi inandırıcılığı ən zəruri amil sayılır. Azərbaycanın birləşməsi ideyası da əslində inandırıcılığı olmayan, fəlsəfi təməli olmayan, nəzəri əsaslandırılması olmayan bir ədəbiyyat hadisəsi kimi anlaşılmalıdır. Əsaslandırılmasının ən bariz ədəbiyyat nümunəsi mərhum Bəxtiyar Vahabzadənin ötən əsrin 70-ci illərdə sensasiyaya çevrilmiş, ancaq son iyirmi ildə ədəbiyyat nümunəsi kimi hansısa həyəcan yaratmayan “Gülüstan” poemasıdır. Bir şairin şeirləşdirdiyi bu tarix eynilə nəsrləşdirilən, romanlaşdırılan Səfəvilərlə bağlı tariximiz kimidir. İmperiya gopologiyasına, iki milyonluq absurd ərazi işğalına, türk dilinin şahə qalxması yalanlarına özümüzü inandırdığımız kimi, Azərbaycanın 1813-cü ildə və ardınca 1828-ci ildə parçalanmasına da o dərəcədə özümüzü inandıraraq birləşmə idealını tarixi zərurət olaraq təbliğ etməyə başladıq. Halbuki Gülüstan və Türkmənçay müqaviləsinin möhürlərinə Azərbaycanın İran qaranlığından, Səfəvi cəhalətindən, İslamın təməl mahiyyətindən uzaq qalmasından qurtuluş və ya qopma tarixi kimi baxmalıyıq. Buna parçalanma, ayrılma tarixi deməyin hansısa elmi əsasını həqiqətən görə bilmirəm. Təbii ki, Rusiya bir imperiya kimi öz işğal niyyətini gerçəkləşdirmiş, ancaq kimin üzərində? Savaşı İranla aparmış, müqaviləni İranla bağlamış, qoparılan ərazinin əhalisi isə biz olmuşuq.

İki yüz il öncəkindən fərqli olaraq, yalnız Rusiyanın qopardığı hissə dünya süfrəsinin arxasında öz adı, yəni Azərbaycan Respublikası adı ilə oturur, Güneydə isə yenə də danışılan, savaşılan, müqavilə bağlanan İran var. Və bir də İranın içərisində beş yüz il, iki yüz il öncəkindən düşüncə sisteminə görə fərqlənməyən əhali var, bu əhalinin də adı azərbaycanlılardır. Ayrılma yoxdursa, birləşmə ifadəsini haradan götürmüşük? Biz İrandan qurtulmuşuq, qopmuşuq, Səfəvi-molla zehniyyətindən qismən qurtularaq anti-İran mahiyyətli 1918-ci il Cümhuriyyətini qurmuşuq və bugünkü müqəddəs dəyərimiz olan bu dövlət də həmin Cümhuriyyətin varisidir. Artıq ağlı başında olan insanlar bilir ki, dünyanın atəşi altında geridə qoyduqlarımızı qayıdıb götürmək həm də qazandığımızın itirilməsi mənasına gələcək. Bu gün Güney Azərbaycanda yaşayan insanlar da, Borçalıda, Dərbənddə yaşayanlar da bizim canı, qanı, dili bir qardaşlarımızdır, ancaq vahid bir coğrafiyanın içində onları yaşatmaq xəyallarını qurmaq əvəzinə, onların yaşadıqları ərazinin hüquqlu, zəngin, dövlət idarəçiliyinə təsir gücü olan vətəndaşlarına çevrilməsinə yardım etməliyik.

Unutmayaq, Osmanlının imperiya modeli olub, İranın imperiya modeli olub, Rusiyanın imperiya modeli olub, almanların, ingilislərin imperiya modeli olub, ancaq Səfəvilərə istinadən Azərbaycanın imperiya modeli olmasını iddia edənlər, sadəcə, tarixi mühakiməsiz əzbərləyənlər və ya özlərini uydurma romanların süjetlərinə qapdıranlardır. Bizə imperiya varisi olmaq heç əlverişli də deyil, çünki bu, bizim müasir kimliyimizin üzərinə keçmişin uğursuz mirasını yükləməyə gətirib çıxarır. Nə qədər də bağırsaq ki, biz qədimik, qocayıq, əslində bizə faydalı olan gənc, yeni olmağımızdır. Bizim tariximiz əlbəttə ki, ümumi, bütün türk tarixidir, ancaq biz bu etnosun içindən Azərbaycanlı, Azərbaycan türkləri adı ilə, yeni kimliklə 1918-ci ilin Azərbaycan Cümhuriyyəti ilə tanınmışıq. Bu gün 26 il öncə tərk etdiyimiz Ermənistanda qalan torpağımıza qayıdışın hüquqi təməlini belə itirmişik, Qarabağın ancaq mülkiyyət kağızını əlimizdə saxlaya bilmişik, o zaman hədəfimizi real və görünən məsafəyə çəkmək faydalı olmazdımı?

Həm də anlamalıyıq ki, əgər söhbət birləşmədən gedərsə belə, bu birləşmə sadəcə siyasi qərarlarla, ABŞ-ın mərhəməti, Rusiyanın şirnikləndirilməsi, İranın totalitar sütununun çökməsi ilə baş verməz. Bu birləşmənin dini və fəlsəfi təməli olmalı və bir milliyyətin bu yükü daşıma potensialı dəqiq müəyyənləşməlidir. Və bu təməl nə qədər sağlam olarsa, birləşmə sürəci də daha ağrısız və təlatümsüz keçə bilər. Alman millətinin mənəvi kodunu nəhəng alman fəlsəfəsi və protestant əxlaqı təyin edib. Ən ağır şərtlərdən çıxış yolu tapmaq, doğru düşünmək sıxıntısı heç zaman yaşamazlar. Azərbaycan xalqının mənəvi kodunu təyin edən heç bir fəlsəfi məktəb olmayıb, əsaslana biləcəyi inanc dəyərləri isə Fars-Şüubiyyə dini təlimlərindən qaynaqlanır və ən azı tarixi Türk Təktanrıçılıq etalonu ilə ziddiyyət təşkil edir. Ona görə də bizlər tarixin bəxş etdiyi sıxıntılardan və şanssızlıqlardan düşünərək doğru çözüm yolu tapmaqda problemlər yaşayırıq. Açığı bu gün mən Koreyanın da birliyinə inanıram. Hazırda şimalda mövcud olan anormal ideoloji sistem sosial mahiyyət daşıyır, istənilən tarixi şəraitdə keçmiş SSRİ və Şərqi Avropa ölkələrinin nümunəsində olduğu kimi, bu qapalılığın önü açıla bilər, iqtisadi rifah böyük bir kütlənin qısa zamanda müasir dəyərlərə simpatiya ilə yanaşmasına gətirib çıxarar.

Birləşmə ideyasını qabardarkən Azərbaycanla bağlı bizim istinad etdiyimiz isə əsasən dil və say amilidir. Yəni eyni dili danışırıq və sayımızın da otuz milyonu aşdığını qeyd edirik. Güney Azərbaycanda bizim əhəmiyyətli hissəmizin ortaq yaxınlığını əks etdirən İslam dininin şiə məzhəbinin mövcudluğu da əhəmiyyətli faktordur və bir çox hallarda irqi birlikdən daha qabarıq kimliyimizin bu tanıtımı önə çıxmaqdadır. Ancaq almanların böyük çoxluğunu birləşdirən protestantlıq inancından fərqli olaraq, bu məzhəbin teoloji əsasları və nəzəri məktəbləri Fars-Şüubiyyə düşüncəsindən yarandığına görə bu zəmində birliyimiz İran mədəniyyət çevrəsinin içində daha da əriməyimizə, hətta bu gün müstəqil Azərbaycan vətəndaşlarının da müəyyən bir hissəsinin düşüncəcə iranlılaşmasına gətirib çıxaracaqdır. Qətiyyətlə və təkrarən söyləyirəm, irançı teoloji sistemdən düşüncəcə uzaqlaşmayan hər bir azərbaycanlı türk vücudu ilə düşünən bir farsdır və hətta İrana qarşı sərt mövqe sərgiləsə belə, bu mədəniyyətin hörümçək torundan uzaqlaşa bilməyəcəkdir. İndi siz qüvvələr nisbətini bir daha müqayisə etsəniz, həm güneydə, həm quzeydə irançı düşüncə daşıyıcılarının mütləq çoxluğu təşkil etdiyini bir daha rahat anlaya biləcəksiniz.

Bu məqam 1989-cu ildə Xalq Cəbhəsinin birliyimiz üçün əsas hədəf olaraq götürdüyü İranla aramızdakı tikanlı məftillərin sökülməsinin nəticəsinə obyektiv baxışla da üzə çıxarıla bilər. İran bizdən modernləşməyi daha çox mənimsədi, yoxsa biz daha çox iranlılaşdıq? Biz Təbrizə yaxınlaşdıqca, onlar Bakıya yaxınlaşdıqca, bir-birimizdən mənən daha da uzaqlaşdıq. Artıq kimsə evində tikanlı məftillərin parçalarını muzey əşyası kimi saxlamağa həvəsli görünmür, Araz çayı şairlərdə həsrət şeirləri üçün artıq ilham mənbəyi deyil, yoxsul əhalinin tibbi xidmət sıxıntısı olmasa, cahil dinbazların tutul almaq üçün turistik ibadət vərdişi olmasa, yoxsul kəsimimizin xırda alış-veriş tələbatı olmasa, sosial qaynaşma, milli duyğuları gerçəkləşdirmək üçün Təbrizə gedənləri barmaqla saymaq mümkündür.

İranın özündə olan ümumi düşüncəni də diqqətdən kənarda saxlamaq doğru olmazdı. Orada da türklərin çarşı-bazar çoxluğu səviyyəsində ən yayğın fikir budur ki, İran elə bizimdir, Azərbaycan Respublikasını da buraya birləşdirməliyik. Təbii ki, içəridə və xaricdə müstəqillik istəyən, zindanlarda yatan onlarla, yüzlərlə insan var, biz onların da mübarizəsini dəstəkləməliyik, çünki hansısa tarixi anda İranda azərbaycanlıların öz ana dilində təhsil, özünüidarə hüququ əldə etməsi realdır və bu, müstəqil Azərbaycan dövlətinin də maraqlarına uyğundur. Diaspora işində də bu dəstəyimizi gücləndirməliyik, sadəcə, ortaya əsaslandırılmamış bir görüşü ideya kimi qoyaraq nə Güneydəki qardaşlarımızı, nə də buradakı vətəndaşlarımızı aldatmamalıyıq.

Sevdiyim tarixi epizodların içində biri düşüncəmə xüsusi təsir göstərib. Böyük fransız yazıçısı Viktor Hüqo dahi filosof Volterin ölümünün yüzüncü ildönümündəki çıxışında qeyd edirdi ki, Volterdən sonra daha iki böyük filosof - Russo və Didro öz əsərləri ilə insanlara doğru düşünməyi öyrətdilər və nəticədə doğru davranışlar ortaya çıxdı. Bugünkü Avropa mühakiməsi məhz bu düşüncə ilə texnoloji üstünlüyə sahib olub. Bizdə ədəbiyyatda doğru düşüncəni təqdim edən əsərlər ortaya çıxdı, dində və fəlsəfədə isə tam bir boşluq qaldı. Hamının nümunə olaraq göstərdiyi ilk modern filosofumuz Axundov cəhalətin üzərinə getsə də, bütövlükdə İslamı hədəf aldı, Peyğəmbərin əxlaqını müzakirəyə açdı. Halbuki Axundovu iyrəndirən şey İslam deyildi, İslam adı ilə yüzillər boyu yaşanan mövhumat, xurafat və əxlaqsızlıq idi.

Həqiqətən də Azərbaycan coğrafiyasında ömür sürən bizlər bu günədək İslam tarixinin intriqalarından başqa bir şey yaşamadıq, indi-indi tərcümə olunan kitablar hesabına özümüz oxuyaraq İslam haqqında sağlam təsəvvürlər əldə edə bildik, İslam Peyğəmbərinin məntiqdən kənar hansısa davranışını müşahidə etmədik. Siyasətdə isə tək bircə Məhəmməd Əmin Rəsulzadə doğru tarix və din şüurunun daşıyıcısı oldu və modern Azərbaycan dövlətini məhz anti-İran modelində qurulmasının vacibliyinə cəmiyyəti inandıra bildi. Böyük əksəriyyət Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarının ədəbiyyat pafosundan uzağa gedə bilmədi, halbuki bir dəfə yüksələn bayrağın bir daha enməsinin mümkünlüyünə tarixdən onlarla nümunə gətirə bilərik. Halbuki Rəsulzadədən əxz olunan məhz üç məqam vardı: doğru tarix şüuru, doğru din şüuru və anti-İran dövlət modeli.

Bu gün Bütöv Azərbaycan ideyası bizə əslində İran dövlət modelinin içinə yenidən qayıdış diktə edir. Səttarxan, Xiyabani, Pişəvəri əsatirləri artıq bizim üçün İranda istibdadın yumşaldılması, ən yaxşı halda milli haqların demokratik sistem içində qorunmasına indeksli hərəkatlar olmuşdur. Səttarxanın məşrutə hərəkatı, yaxşı İran şahı (Rusiyada bu kimi hərəkatlara yaxşı çar axtarışı kimi baxırdılar) axtarışı idi, Xiyabaninin Rusiya bolşeviklərinin dəstəyi ilə yaratdığı Azadıstan dövlət modeli irançı, anti-türk xarakterli idi, içində Türkiyə nifrəti daşıyan Pişəvərinin muxtariyyəti isə SSRİ-nin keçici layihəsi idi. Azərbaycanın etnik çoxluq olaraq müstəqil bir dövlətdə birliyi şansı tarixdə cəmi bir dəfə yaranmışdı, bu da 1918-ci ildə Ənvər Paşanın əmri ilə Osmanlı ordusunun Şimali və Cənubi Azərbaycana girməsi, Təbrizin və Bakının işğaldan azad olunması ilə yaranmışdı, lakin Osmanlının Birinci Dünya savaşında məğlubiyyəti bu idealist layihəni boşa çıxardı. Şimalda Osmanlı ordusu ilə birlikdə hərəkət edən Azərbaycan türkləri müstəqillik qazandılar, güneydə isə İrançı zehniyyətlə Osmanlıya Xiyabani kimilərin rəhbərliyi altında müqavimət göstərən çoxluq onların bölgədə möhkəmlənməsinin dəstəkçisi olmadı.

Bəs bütövləşmənin bir ideya kimi əsaslandırılmadığını iddia edərkən, bu gün İranın şimalında yaşayan qanı qanımızdan, dili dilimizdən, şüuru şüurumuzdan olmayan qardaşlarımızın taleyini, gələcəyini necə görürük?

Biz bacardıqca Azərbaycan bugünkü Azərbaycan dövlətinin Rəsulzadənin də istiqamət verdiyi kimi, anti-İran xarakterini qorumalıyıq. İslam Azərbaycan bayrağında əks olunan ən əsas atributlardan biridir, ancaq İslam tarixinin intriqalarının bir İslam inancı kimi yaşanması Azərbaycan insanın hər zaman qovğalı, parçalanmış vəziyyətdə olmasının mənbəyi kimi qalacaqdır. Bizim böyük bir insan potensialını müstəqil dövlətimizin inkişafına səfərbər etmə şansımız mövcuddur. İranın bir qonşu dövlət olaraq iç işlərinə qarışmadan, oradakı ideoloji sistemdən bezmiş, milli duyğusu İrançı inanc anlayışından qurtulmuş intellektual miqrasiyanın sürətlə bizim elmimizin, texnologiyamızın inkişafına cəlb etmə yollarını düşünməliyik.

Bütöv Azərbaycan üçün zəruri olan ərazini nə İran bizə vermək niyyətindədir, nə ABŞ alıb bizə verməyi planlaşdırır, nə də erməni-rus birliyi buna yol vermək niyyətindədir. Ən əsası da bu dava üçün ən sərt formada mübarizə aparan bir kütlə, xalq və ya təşkilat mövcud deyil. Təbrizdə başlayan məşrutə hərəkatından bu tərəfə yüz ili aşan bir müddətdə Babək qalasına yürüşdən və “Traxtorsazi” futbol klubunun ara-sıra qələbəsindən başqa təsəlli tapa biləcəyimiz bəlkə bir neçə hadisə də ola bilər. Hər halda, dağlarda müstəqillik üçün illərlə savaşan xalqlarla, təşkilatlarla müqayisədə nikbin bir nümunə göstərməyimiz mümkün görünmür.

Unudulmaması vacib bir məqam da var. İranın ən modern raketi də, texnologiyası da, zənginliyi də ola bilər, ancaq tarixdə olduğu kimi, bu ölkədə insanın fərdi azadlığına təminat verən mühit heç vaxt olmayacaq. İran hər zaman insan qovğasının məkanı olaraq qalacaq. Əvvəllər Hörmüzlə Əhrimən, indi İmam Hüseynlə Yezid qovğasında insan hər zaman kollektiv Xeyir və Şər cinahların bir elementi kimi tanınacaq. Burada hər zaman kollektiv kimlik modeli həm də bunun ən mürtəce dualist variantı yaşayacaqdır. İnsanın evindəki kimliyi ilə çöldəki kimliyi təzad təşkil edəcək. Nə yazıq ki, bu sistemin yaşamasının ən ilhamverici gücü bizim qan qardaş-bacılarımızdır. Vaxtilə gözəl “Heydərbabaya salam”ı ilə ruhumuzu həyəcanlandırmış Şəhriyarın düşündüyü şəkildə bizim Güneydəki qurtuluşumuzun nəticəsi bəllidir:
Qoyun gəlib naib-imam,
Cihad desə dartılarıq,
Qırılsaq da, qurtularıq.
Biz isə deyirik ki, qarşımıza real olmayan hədəflər qoyaraq, ideallar biçərək qırılmaq olmaz. Fikrimizcə, Azərbaycanın güneyində bəlkə də yaxın əlli ilin hədəfi dilin, kültürün inkişafına, insan haqlarının qorunmasına təminat verən bir federativ dövlət subyektinə çevrilmək olmalıdır. Quzeydə isə Güneydən gələn intellektual miqrasiyanın da yardımı ilə yaxın əlli ilin vəzifəsi Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, ərazimizin Rusiya, İran və Ermənistan təhlükəsindən qorunması, Qarabağı işğaldan azad edilməsi və Azərbaycanın qardaş Türkiyə ilə konfederativ əsaslarla birlik modelinin gerçəkləşməsi olmalıdır.

Mümkündür ki, kimlərsə bundan sonra daha əsaslandırılmış şəkildə Bütöv Azərbaycan ideyasının ədəbiyyatdan kənar gerçəkləşə biləcəyini əks etdirən ağlabatan siyasi proqram sənədi də ortaya qoya biləcək. Ancaq bu mövzuda son illərdə gəldiyim qənaətləri ona görə bölüşməyi zəruri sayıram ki, gələcəyimiz üçün həyati əhəmiyyət daşıyan bu mövzuda Azərbaycanımız üçün faydalı olan alternativləri düşünək, yenidən Şəhriyarın dediyi formada “qırılsaq da, qurtularıq” anlayışı ilə boşuna sonu görünməyən yolları yürüməyək. Azərbaycan davasına ömrünü həsr edən, həyatını qurban verən, zindanlarda yatan, əsərlər yazan, şeirlər qoşan, təbliğat aparan hər kəs millətimizin dəyəridir. Ancaq ən böyük dəyərimiz müasir dünyada müstəqillik pasportu almış Azərbaycan Respublikasıdır və Güneydə, Quzeydə və dünyanın hər yerində yaşayan və Vətən sevgisi daşıyan azərbaycanlılardır. Bu dövləti də, bu milləti də özümüzü inandırdığımız, ancaq faydasını əsaslandıra bilmədiyimiz macəra və ideyaların qurbanına çevirməyin məsuliyyətini azacıq düşünsək, doğru və optimal yolu tapmaq, fikrimizcə, çətin olmayacaq.

Teqlər: