`ASAN Xidmət`də `döyüş` - FOTOLAR

`ASAN Xidmət`də `döyüş` - FOTOLAR
  05 Oktyabr 2014    Oxunub:10450
Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı ilə “ASAN Xidmət” mərkəzləri arasında Peyntbol Turniri keçirilib.

AzVision.az xəbər verir ki, tədbir ilk öncə “ASAN Xidmət” mərkəzinin əsas binasında ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlayıb. Daha sonra tədbirin qonaqları iştirakçılar qarşısında çıxış ediblər. Tədbirdə iştirak edən millət vəkili Əli Hüseynli bildirib ki, prezident İlham Əliyev tərəfindən aparılan siyasət və onun real nəticələri göz qabağındadır. Milli Məclisin üzvü qeyd edib ki, “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti bunun bariz nümunəsidir:

“Sizlərin çalışdığı “ASAN Xidmət” mərkəzləri tək Azərbaycan üçün deyil, bütün dünya üçün nümunəvi dövlət xidmətidir. Son vaxtlar biz hərbi idman növlərinə üstünlük verməyə başlamışıq. Çünki Azərbaycanın ərazi bütövlüyünün təmin olunması sülh yolu ilə başa çatmazsa, o zaman müharibə yolunu seçəcəyik. Bu dövlət başçısı, ali baş komandan İlham Əliyevin açıq söylədiyi bir fikirdir. Çox vacibdir ki, gənclərimiz hərbi vətənpərvərlik ruhunda böyüsünlər. Amma bir tək böyümək yox, həm də onu bacarmaq lazımdır. Peyntbol hərbi idman növü olmaqla yanaşı, həm də gənclərin orduya hazırlığında xüsusi rol oynayır. Hər kəsə təşkilatçılığa görə təşəkkür edirəm. Heç şübhəm yoxdur ki, hər birinizin qəlbində gənc olmağınıza baxmayaraq, 3 oktyabr 1993-cü il Azərbaycan müstəqil dövlətçiliyinin başlanğıc nöqtəsi kimi yadda qalacaq”-deyə millət vəkili vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxışı zamanı yarış iştirakçılarının hər birinə uğurlar arzu edib. Agentliyin sədri bildirib ki, bu turnir gənclər üçün böyük əhəmiyyət kəsb edir:

“Hər birinizi bu turnir münasibətilə təbrik edirəm. Həmçinin bu turnir xoş günlərə təsadüf edir. Belə ki, 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının həyatında, tarixində böyük dəyişikliklərin əsası qoyulub. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının istəyi ilə ölkənin prezidenti seçilib. Hər biriniz bunun tarixi əhəmiyyətini dərk edirsiniz. Bu gün ölkəmizdə və ölkəmizdən kənarda baş vermiş hadisələr bu tarixi hadisənin nə qədər Azərbaycan xalqı üçün dəyərli olduğunu bir daha sübut edir. Siz gələcəkdə də bunun tarixi əhəmiyyətinin böyüklüyünün şahidi olacaqsınız. Eyni zamanda bu günə təsadüf edən Qurban bayramı münasibətilə hər birinizi təbrik edirəm”.

Gənclər və İdman nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxışı zamanı keçiriləcək turnirin əhəmiyyətindən danışıb və bu cür yarışmaların gənclərə böyük töhvələr verdiyini qeyd edib.

Daha sonra yarış iştirakçıları Peyntbol Federasiyasının Şüvəlanda yerləşən oyun mərkəzinə gətirilib. Burada “ASAN Xidmət” mərkəzlərinin müxtəlif bölmələrinin yaratdıqları komandaları arasında yarış keçirilib. Gərgin mübarizə şəraitində keçirilən turnirin nəticələrinə əsasən, 1-ci yerin qalibi “Zirvə” komandası, 2-ci yerin qalibi “Qladiator” komandası, 3-cü yerin qalibi isə “Qərb küləyi” komandası olub.

Qalib komandalara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xüsusi diplomları təqdim edilib. Həmçinin, 1-ci yerin qaliblərinə “ATL Group” tərəfindən SHARP televizorları, 2-ci və 3-cü yerin qaliblərinə isə musiqi mərkəzləri hədiyyə edilib.

Qeyd edək ki, turnir bayram əhval ruhiyyəsində keçirlib. “Toyota Bakı” Mərkəzi “ASAN Xidmət” əməkdaşları üçün test drayv maşınlarından istifadə üçün geniş imkanlar yaradıb.

Qaliblərə “Bakcell” şirkətinin və “Azərsun” , “Modern qrup”, “Sirab” şirkətinin hədiyyələri də təqdim edilib. Bütün turnir iştirakçılarına isə “UR Stile” Şirkəti və şəhər kassaları tərəfindən teatr, kino və konsertlər biletlər hədiyyə olunub. Turnirin keçirilməsində məqsəd gənclərin fiziki hazırlığının artırılmasına dəstək, onların idman naliyyətlərinin, o cümlədən vətənpərvərliyin təbliğ edilməsi, peyntbol idman növünün gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda mənəvi və fiziki tərbiyəsi, həmçinin, gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir.

Anar Kəlbiyev
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti