Tural Abbaslı: “... başqanlığa layiq deyiləm” – Müsahibə

Tural Abbaslı: “... başqanlığa layiq deyiləm” – Müsahibə
  29 Sentyabr 2014    Oxunub:2188
“Qubaq İbadoğlu seçkiyə qədər olan proseslərdən narazıdır”
Müsavatın başqanlıq seçimlərində məğlub olan gənc siyasətçi Tural Abbaslı AzVision.az-a müsahibəsində Arif Hacılının necə qələbə qazanmasından, Qubad İbadoğlunun narazılığından və eləcə də özünün məğlubiyyətindən söz açıb, bir çox iddialara cavab verib.

- Tural bəy, qurultaydan əvvəl başqanlığa çox iddialı idiniz. Lakin nədənsə başqan siz yox, Arif Hacılı seçildi. Nəticələrlə razılaşırsınızmı?

- Təbii ki, özüm qalib olub başqan seçilsəydim lap razı qalardım. Amma seçki oldu və nəticə elan olunub, bizim nümayəndələr komissiya üzvü kimi iştirak edib və şəffaf seçki keçib. Səslər insanların gözü önündə sayılıb. Nəticələr bəllidir. Xeyirli-uğurlu olsun. Əsas odur ki, bu, əgər bizim qurultay nümayəndələrinin, müsavatçıların iradəsidirsə, içi mən qarışıq istənilən postda təmsil olunan və olunmayan sıravi müsavatçıya qədər bunu qəbul etməlidir. Bunun başqa yolu yoxdur. İstənilən məsələ səsvermə ilə həll olunur və onun nəticələrini də hamı qəbul etməlidir. Güman edək ki, Arif bəy qurultay nümayəndələrinin etimadını doğruldacaq.

- Partiyadakı fəaliyyətinizi necə davam etdirəcəksiz?

- Biz istər sıravi müsavatçı kimi, istərsə də seçkili və ya təyinatlı orqanın üzvü kimi fəaliyyətimizi davam etdirəcəyik. Harada lazım biləcəklərsə, orada da mübarizəmizi aparacağıq. Sona qədər müsavatçıyıq, Müsavatda da qalacağıq.

- Qubad İbadoğlu isə seçkilərin nəticələrindən razı deyil, həttta seçki pozuntusunun olduğunu iddia edir.

- Qubad bəy seçki prosesinin şəffaflığını şübhə altına almır. O, seçkiyə qədər olan proseslərdən narazıdır. Mən namizəd kimi, seçki yarışının iştirakçısı kimi öz fikirlərimi dedim. Onun da hüquqdur ki, ikinci yerə çıxmış namizəd kimi öz fikirlərini, iradlarını və narazılıqlarını bildirsin və əsaslandırmağa çalışsın. Biz Qubad bəyin, eləc ədə digərlərinin fikrinə hörmətlə yanaşırıq. İstər Qubad bəyin, istər Arif bəyin, istərsə də Səxavət bəyin fikirlərini mühakimə etmək, yaxud da onları fikirlərinə görə alqışlamaq və tənqid etmək kimi niyyətim yoxdur. Özləri kifayət qədər siyasi peroseslərdən anlayışları olan bəylərdir. Qubad bəy Müsavat üçün kiçik adam deyil. O da dediklərinin, atdığı addımların məsuliyyətini dərk edir. Belə düşünürəm ki, indiki məqamda mənim digər namizədlərin fikirlərinə münasibət bildirməyim düzgün çıxmaz. Mən hər kəsin fikrinə hörmət edirəm, güman edirəm ki, hər kəs də mənim subyektiv fikirlərimə hörmət edir.

- Başqanlığa namizəd kimi həm sosial şəbəkələrdə, həm də partiyada kifayət qədər geniş təbliğat kampaniyası aparırdınız. Amma seçkidə cəmi 19 səs topladınız. Niyə belə az?

- Bunun müxtəlif səbəbləri ola bilər. Məsələn, bizə səs verəcək potensial seçicilərin çoxu son anda düşünə bilərlər ki, əsas yarış Qubad bəylə Arif bəyin arasında gedir biz də öz səsimizi bəlkə bunlardan birinə verək ki, səsimiz seçkidə hansısa təsir imkanına malik olsun. Düzdür, bizim səsimiz çox oslaydı yəqin ki, ikinci tur olacaqdı . Arif bəy 228 yox, 225 səs yığsaydı ikinci tur baş tutacaqdı və burada da vəziyyət yenidən dəyərləndirilə bilərdi. Seçki yarışı başqa formatda davam edəcəkdi. Amma seçicilərin düşüncəsi belə olub, bizə səs verəcək adamlar son anda fikrindən daşınıb ki, seçkiyə təsir edə biləcək insanlara səs verək.

- Yaş amilinin də rolu varmı? Təbliğat kampaniyası zamanı bunu tez-tez qabardırdılar ki, çox gəncsiniz.

- Əlbəttə. Ola bilər düşünüblər ki, Tural hələ çox gəncdir. Yaşla bağlı sadaladığımız arqumentlərə baxmayaraq, qurultay nümayəndələri düşünə bilər ki, çox gəncdir, partiyanı idarə edə bilməz. Hətta düşünə bilərlər ki, başqanlığa layiq deyiləm və sıravi üzv kimi qalsam kifayətdi. İnsanların subyetkiv fikri var və səs də onların. Bu səsdən necə istifadə edəcəklərini mühakimə etmək olmaz, mümkün deyil. Müsavat üçün bunun xeyirli olacağını düşünüblər. Biz də qurultay nümayəndələrinin iradəsinə tabe olmalıyıq, əks təqdirdə biz müsavatçı olmarıq. Bizim leyhimizə verəcəkləri səsi necə xoş qəbul ediriksə, əleyhimizə olan səsləri də elə qəbul etməliyik. Çünki bizi əvvəlcə müsavatçıyıq, sonra Müsavatda hansısa seçkili orqanlarda təmsil olunmalı insanlarıq. Müsavat seçiciləri bizi istər başqan kimi, istərsə də siravi müsavatçı kimi görsə, biz fəxrlə o mövqedə mübarizə aparmağa hazırıq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti