AXCP funksioneri haqda ifşaedici açıqlama

AXCP funksioneri haqda ifşaedici açıqlama
  26 Sentyabr 2014    Oxunub:1602
ADP sədri: “Xaliq Bahadır mənə zəng edib demişdi ki, Səməd Vurğun haqqında ifşaedici material var, göndərim öz adından çap elə”
AXCP funksioneri, jurnalist Xaliq Bahadır “Azadlıq” qəzetində ADP və onun sədri Sərdar Cəlaloğlu haqqında ittihamlarla dolu böyük məqalə yazıb. “Adını ”demokrat" qoyan bir partiyanın antidemokratik şantaj taktikaları" adlı məqalədə X.Bahadır ADP sədrini müavini Taliyət Əliyevin vasitəsilə onu şantaj etməkdə günahlandırıb: “Bizdə ”Azərbaycan Demokrat Partiyası" adlanan bir partiya var.

Bu partiyanın adı son illər daha çox antidemokratik görsənişlər, qalmaqallarla bağlı anılmaqdadır. Demokratiya prinsiplərindən çəkilib antidemokratik rejimə loyallıq sərgiləmə yolu tutan partiya sədri Sərdar Cəlaloğlu, görünür, gündəmdə qalmaq üçün tez-tez toplumu özündən çıxaracaq çıxışlarda bulunur. İndi açıq-aydın göründüyü kimi, S.Cəlaloğlu antidemokratik rejimlə çarpışmadan çəkinərək tariximizlə çarpışmaya girişib. Demokratiya lideri olaraq Məhəmməd Əmin Rəsulzadəni çıxdaş edən S.Cəlaloğlu hələlik sonuncu olaraq Məhəmməd Füzulini, Babəki, Koroğlunu tariximizdən çıxdaş etmək buyruğunda bulunub. Bəlli olduğu kimi, mən “Azadlıq” qəzetinin 13 sentyabr (2014-cü il) sayında “Sərdar Cəlaloğlunun yeni tarix yaradıcılığı” adlı yazı ilə çıxış etmişəm. Yazı S.Cəlaloğlunun tariximizə yanlış baxışları ilə bağlı konkret faktlar üzərində qurulub. Qabaqca S.Cəlaloğlunun, sonra mənim yazımı oxuyanlar birincinin danılmaz faktlar, tutarlı tutarqalar (arqumentlər) qarşısında susacağını düşünərdilər. S.Cəlaloğlu hamıya bəlli xarakter özəlliyinə uyğun nə olur-olsun gerçəyi tapdayıb keçmək yolu tutub - partiyasındakı ən sevimli “müavini” Taliyət Əliyevi qabağa verməklə. T.Əliyev, görünür, özünün, eləcə də Cəlaloğlu demokratiyasının prinsiplərinə uyğun olaraq mənə aşağılama-qorxutma-şantaj axarında cavab verib..."

S.Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Xaliq Bahadırın ittihamları sayıqlamadan başqa bir şey deyil: “Bu adam bilmirəm nə üçün məni hədəfə götürüb. Çünki mənim onunla indiyə qədər heç bir problemim olmayıb. Əksinə, yaxın münasibətlərimiz olub. Guya mənim Taliyət Əliyev vasitəsilə onu şantaj etdiyimi iddia edir. Bu, sayıqlamadan başqa bir şey deyil. Çünki birincisi, mən heç kimə Xaliq Bahadır barədə hər hansı tapşırıq verməmişəm. İkincisi, heç mən bilmirəm Taliyət bəy harasa açıqlama veribmi, yazıbmı. Üçüncüsü, əgər mən Xaliq Bahadırın cavabını verməyə ehtiyac duysaydım, mətbuat məsələləri üzrə müavinim var, ona deyərdim cavab yazardı. Nurəddin İsmayılov Xaliqdən güclü yazardır. Xaliqin dedikləri sayıqlamadan başqa bir şey deyil. Xaliq Bahadırın mənim və ADP-nin barəsində son dövrlər yazdıqlarını heç oxumamışam. Mən jurnalistlərin sualları zamanı öyrənirəm ki, sən demə, Xaliq Bahadır mənə qarşı yazılar yazıb. Xaliq Bahadırın yazılarını, ümumiyyətlə, ”Azadlıq" qəzetini oxumağa nə vaxtım, nə həvəsim var. Nəyimə lazımdır, nə yazırlar. Mən yaxşı bilirəm ki, “Azadlıq” qəzetində o məqalələr kimin istəyi ilə yazılır, o yazılara başlıqları kim seçir və sair. Bu qəzetin sadəcə adı azadlıqdır, əslində azad deyil. Ona görə də orada yazılanları oxumağa ehtiyac görmürəm".

S.Cəlaloğlu qeyd edib ki, X.Bahadırın guya Səməd Vurğunu ondan müdafiə etmək cəhdi səmimi deyil: “Mən Səməd Vurğunun iki dənə əsəri haqqında tənqidi fikirlərimi ifadə elədikdən sonra Xaliq Bahadır mənə zəng edib demişdi ki, Səməd Vurğun haqqında ifşaedici material var, göndərim öz adından çap elə. Mən də dedim ki, Səməd Vurğunla mübarizə aparmıram, vuruşmuram, ayıb olsun sənə. Xaliq Bahadırla sonuncu dəfə əlaqəm bu olub. Ruhi xəstə deyil, amma son dərəcə emosionaldır. Beyninə bir fikir düşdü elə bilir ki, bundan doğru fikir yoxdur.

Xaliq Bahadır həmişə belə olub. Məsələn, Əbülfəz Elçibəy hakimiyyətdə olanda Xaliq Bahadır Azərbaycan Dövlət Televiziyasında işləyirdi və hakimiyyətin, Əbülfəz bəyin əleyhinə müsahibələr alırdı, açıqlamalar verirdi. Onun verilişləri faktiki olaraq hakimiyyətin dayaqlarını sarsıtmağa xidmət edirdi. Yəni bu adam ağılsız və dəli olmasa da qəribə orijinal xüsusiyyəti var".

ADP sədri sonda onu da deyib ki, əgər Xaliq Bahadır onun hansısa məşhur adamların tarixdə sərgilədiyi mövqelər, əsərləri barədə yanlış fikirlər söylədiyini düşünürsə, onun da iştirakıyla istədiyi tarixçi ilə, yazıçı ilə ya televiziyaya çıxıb, ya da hansısa media orqanında geniş müzakirə aparmağa hazırdır: “O zaman görəcək ki, mən heç bir yanlış fikir bildirməmişəm və ya saxta tarix yazmıram. Əslində mən indiyə qədər yazılmış saxta tarixin düzəldilməsinə çalışıram. İndi Xaliq Bahadır ağılsız-ağılsız fikirlər yazır. Bu adam əl çəkmir məndən, nə istəyir məndən başa düşmürəm”.


Teqlər:





Xəbər lenti