Bahalı maşınlar, dəbdəbəli həyat və “zerkalni” nömrələr...

Bahalı maşınlar, dəbdəbəli həyat və “zerkalni” nömrələr...
  25 Sentyabr 2014    Oxunub:20148
Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün müəyyən olunmuş dövlət rüsumu var.

Belə ki, nömrələrin alınmasına görə, dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” qanunla 22 manat müəyyən edilib. Amma bəzi nömrələr var ki, qiymətinin bir neçə min manat olduğu deyilir. Baha qiymətli nömrələrə isə daha çox iş adamlarının və məmur övladlarının avtomobillərində rast gəlinir.

Deyirlər yaxşı nömrələrin də yaxşı qiymətləri var. El arasında “zerkalnı” adlanan bahalı nömrələri almaq hər adama qismət olmur. Ona görə də iş adamları və məmur övladları bahalı avtomobil alarkən həm də bahalı nömrələrə sahiblənməyə çalışırlar. Bu zaman isə həmin nömrələrin neçəyə olması onlar üçün fərq etmir.

Mətbuatda bu nömrələrin bəzən 15-20 min manata alındığı qeyd edilir.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, DYP-da 15-20 min manata nömrə satılmır.

Şöbə rəisinin sözlərinə görə, tanınmış və yaxud adi bir vətəndaşa, bir sözlə hər kəsə nömrələr eyni qiymətə satılır.

“Dövlət rüsumu haqqında qanunda hərflərin, rəqəmlərin kobinasiyası üzrə qiymətlər müəyyən edilib və kimsə həmin nömrəni alırsa dövlət rüsumunu ödəmək məcburiyyətindədir. Burada söhbət istəkdən asılı olan nömrələrə aiddir. O nömrələrin qiyməti 500-2500 manat arasında dəyişir. Hərf və rəqəmlərin dəyişməsindən asılı olaraq qiymət dəyişir. Hərf və rəqəmlərin düzülüşünün kombinasiya üzrə müəyyən edilən dövlət rüsumu var. Adi sıra ardıcıllığı ilə verilən nömrələrin qiyməti isə 22 manatdır”-deyə K.Əliyev vurğulayıb.

Qeyd edək ki, müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat müəyyən edilib. Əgər bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat nəzərdə tutulub.

Müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat - hərflər eyni olduğu halda 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir.

Paytaxt yollarında “zerkalni” nömrələrə daha çox bahalı maşınlarda rast gələ bilərik. Bu maşınların qiyməti yüz minlərlə ölçülür. Dəbdəbəli həyat yaşayan imkanlı insanlar bahalı maşınlar, qeyri-adi yaşam tərzi ilə yanaşı, diqqət çəkən avtomobil nömrələrinə də üstünlük verirlər. “Zerkalni” nömrələr imkanlı təbəqə arasında prestij hesab edilir.


Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti