Səlim Müslümov: “Cavanlıqda şeir yazırdım” – Müsahibə

Səlim Müslümov: “Cavanlıqda şeir yazırdım” – Müsahibə
  22 Sentyabr 2014    Oxunub:2778
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müsahibə verib.
AzVision.az APA-ya istinadən həmin müsahibəni təqdim edir:

- Cənab nazir, Sizin haqqınızda bir fikir formalaşıb: Səlim Müslümov işinin peşəkarı olan dövlət məmurundan başqa, həm də mütaliəli və koloritli adamdır. Ədəbiyyat və incəsənətlə maraqlanan həmkarlarınızı soruşsam, yadınıza düşənlər kimlər olar?

- Vallah, adamın daxili tələbatı olanda ədəbiyyata, incəsənətə, idmana, mədəniyyətin müxtəlif növlərinə, elə elmin, savadın özünə də bir aclıq hiss edir. İstərdim ki, həmişə elə bu “təamlara” qarşı ac olub, onlarla qidalanmağa daha çox çalışaq. Mənim 52 yaşım var və inanın ki, hələ bu vaxta qədər heç kimin maddi və ya maliyyə baxımından heç nəyinə həsəd, paxıllıq etməmişəm. Amma savadı, elmi, mədəniyyəti, dünyagörüşü yüksək olan insanlara qibtə etmişəm, onlardan öyrənməyə və onları imkanım daxilində qorumağa çalışmışam. İqtisadi nəzəriyyədə hər bir insanın fərdi zənginliyinin üç formada olduğu göstərilir: birincisi, fiziki zənginlik formasında, yəni torpaq, ev, avtomobil, mebel, məişət texnikası, incəsənət əsərləri, qiymətli daş-qaşlar şəklində; ikincisi, maliyyə zənginliyi formasında, yəni səhmlər, istiqrazlar, bank depozitləri, nağd pul, veksellər, çeklər; üçüncüsü isə insan kapitalı formasında, yəni insanın özündə təcəssüm olunan və onun tərbiyəsi, təhsili və təcrübəsi nəticəsində yaranmış, həmçinin Allah tərəfindən verilmiş fitri istedad, yaddaş, reaksiya, fiziki güc və s. zənginlik formasında.

Təbii ki, hər üç formada olan zənginlik insana gəlir gətirə bilər, amma onların içində yeganə batmaz, itməz və dağılmaz olanı insan kapitalıdır ki, o da başlıca olaraq informasiya alınması yolu ilə formalaşır.

Əlbəttə, öz işindən başqa ədəbiyyatla, incəsənətlə maraqlanan həmkarlarımı soruşduqda, ilk yadıma düşənlər hər hansı bir bədii əsəri, yaxud səhnə əsərini, rəsm və musiqi əsərini müzakirə etdiyim şəxslər olacaq. Yəni Elçin Əfəndiyev, Kəmaləddin Heydərov, Ədalət Vəliyev. Bildiyiniz kimi, nazirliyin Aparatının rəhbəri tanınmış şair, yazıçı-publisist Əjdər Cəbiyevdir (Əjdər Ol). Biz onunla tez-tez yeni kitablar, yeni yazılar haqqında kiçik “diskussiyalar” edirik.

- Bir dəfə Opera və Balet Teatrında şahidi oldum ki, səhv etmirəmsə, Rusiyadan gələn qonağınıza Azərbaycan mədəniyyəti, Üzeyir bəy haqqında böyük həvəslə danışırdınız. Bu haqda yazı da yazmışdım ki, dövlət məmurunun, nazirin teatra bilet alıb getməsi, Azərbaycan mədəniyyətini təbliğ etməsi gözəl mənzərədir...

- Mən Üzeyir musiqisini ilahi musiqi hesab edirəm və onun vurğunuyam, saatlarla oturub qulaq asa bilərəm. “Uzun ömrün akkordları” filmi mənim ən çox seyr etdiyim ekran əsəridir. Üzeyirin əsərləri bizim çox dəyərli milli sərvətimizdir. Bir çox başqa bəstəkarlarımızın da adını fəxrlə çəkə bilərəm. Dünya bəstəkarlarına gəldikdə isə, Verdinin “Trubadur”, “Aida”, “Traviata”, Puççininin “Madam Batterflyay”, “Toska”, “Bohema”, Bizenin “Karmen”, Motsartın “Sehrli fleyta”, “Don Juan”, Rossininin “Sevilya bərbəri”, Ştrausun “Yarasa”, Vaqnerin “Uçan holland”, Çaykovskinin “Yevgeniy Onegin” operalarını, yaxud Şubertin “Ave-Mariya”sını, Raxmaninovun “Elegiya”sını necə emosiyasız dinləmək olar?!

Digər tərəfdən, Akademik Dram Teatrının hər yeni quruluşu, yeni səhnə əsəri ayrıca bir zövq mənbəyidir. Çox şükürlər olsun ki, son zamanlar teatrlarımız da cənab prezidentimizin, onun xanımı Mehriban Əliyevanın xüsusi diqqətləri nəticəsində sürətlə inkişaf edir: həm maddi-texniki təchizatının yenilənməsi, həm öz aktyorlarımızın, həm də kənardan dəvət olunan böyük sənətkarların birgə işinin düzgün qurulması bu gün bizə imkan verir ki, öz qonaqlarımızı teatrlarımıza götürək, milli mədəniyyətimizin mühüm parçasını onlara göstərərək qürur duyaq.

Yadımdadır, 2009-cu ildə mən litvalı həmkarlarımı Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasına baxmaq üçün Opera və Balet Teatrına dəvət etdim. Birinci hissədən sonra onlara dedim ki, bəlkə darıxdınız, gedək. Onların cavabı mənə qürur verdi: “Nə danışırsınız, bu musiqini, bu quruluşu yarımçıq qoymaq olarmı? Təkcə elə aktyorların geyimləri özü bir tamaşadır!”

- Səlim müəllim, kitabla ilk tanışlığınız nə vaxt olub? İstərdim, şagird olduğunuz vaxtlardan, tələbəliyinizdən danışaq...

- İnanın, gözümü açandan kitab aləminə düşmüşəm. Mənim atama rayonumuzda “Kitab professoru” deyirdilər. Hətta bu barədə o zaman Ağsuda çıxan “Birlik” qəzeti də yazmışdı. Hərfləri öyrənən kimi kitabı sevdim desəm, inanın mənə. Artıq 6-7-ci siniflərdə oxuyanda Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin hekayələri, “Azərbaycan nağılları”, Jül Vernin “80 min km su altında”, “Arxipelaq alovlanır”, “Kapitan Qrantın uşaqları” əsərləri mənim sevimli kitablarım idi.

Mən rusca da oxuyurdum. O zamanlar məktəb kitabxanasında yeni kitablar növbə ilə verilirdi, çünki oxumaq istəyən çox idi, qiraət bir hobbiyə çevrilmişdi, hamı bir-birindən təzə nə oxuduğunu soruşurdu, müzakirə edirdi. Yaxşı yadımdadır, Salam Qədirzadənin “Qış gecəsi”, “46 bənövşə”, “Sevdasız aylar”, Vidadi Babanlının “Vicdan susanda”, Əlibala Hacızadənin “Təyyarə kölgəsi”, İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost”, Yusif Əzimzadənin “O qərib deyildi”, Cəmşid Əmirovun “Qara volqa”, Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” əsərləri əldən-ələ gəzirdi.

Məktəbimiz son dərəcə güclü bir təhsil ocağı idi, məzunlarından 2 elmlər doktoru, professor, 10-dan çox elmlər namizədi var. Kitabxanada tez-tez bədii qiraət saatları, müzakirələr keçirilirdi. Mənim ən çox sevdiyim fənlərdən biri Azərbaycan dilinin qrammatikası idi.

Tələbəlik illəri isə dairənin genişlənməsi demək idi. Mən o zaman klassik və müasir Azərbaycan yazıçıları ilə yanaşı, rus yazıçılarını çox oxumağa başladım, xüsusilə Lev Tolstoyun və Nikolay Leskovun əsərlərinə vurulmuşdum. Dostoyevski mənim üçün ağır gəlirdi, amma Turgenevi, Şoloxovu “su kimi içirdim”. Sonra Moskva Dövlət Universitetində aspirantura illəri başladı və mən artıq Qustav Floberi, Prosper Merimeni, Gi de Mopassanı, Jorj Sandı, Aqata Kristini, Albert Kamyunu, Uilyam Folkneri, Jan Pol Sartrı, Qabriel Qarsia Markesi, Çingiz Aytmatovu və başqa məşhur qələm sahiblərini “oxu menyuma” daxil etdim.

- Deməli, Sizə “məktəbdə ədəbiyyatdan neçə alıbsınız?” sualını vermək artıq olar…

- Məktəbdə bütün fənlərdən əla qiymət almışam, ancaq riyaziyyatı və ədəbiyyatı xüsusi sevmişəm. Mənalı inşalar yazardım. Hətta bir dəfə fənn olimpiadasında yazdığım inşadan bir parçanı qəzetdə də vermişdilər.

- Obrazlı desək, inşadan şeirə, hekayəyə bir addımlıq yoldur. Heç özünüzü sınamısınız?

- Məktəbdə kiçik pyeslər yazırdım və bunlar neqativ halları olan şagirdlərə qarşı idi. Bəzən onları divar qəzetində yerləşdirirdik, bəzən kiçik səhnəcik kimi tədbirlərdə göstərirdik. Cavanlıqda bir-iki dəfə çoxları kimi şeir yazmağım da olub.

- Müşahidəmi Sizinlə bölüşmək istəyirəm: indi İqtisad Universitetində oxuyan tələbələrin ədəbiyyatla araları sərindir. Sizin vaxtınızda necə idi?

- Tələbəlik illərində bizim kitab oxumağa həvəsimiz çox böyük idi. Ümumiyyətlə, bizim çox güclü qrupumuz vardı. 24 nəfərdən 8-i universiteti fərqlənmə diplomu ilə bitirdi. Aralarında şeir yazanları da vardı. Rəhmətlik Mülayim İsrafilova Zaqataladan idi, “İqtisadçı” qəzetində şeirləri tez-tez çap olunurdu. İnanın, qrupumuzun yarıdan çoxunun günü kitabxanalarda keçirdi. Hələ elektron kitabxana yox idi. Canlı təmas daha üstün idi. Təəssüf edirəm ki, keçmişdə qaldı. İndi hər şeyi qacetlər həll edir. Bəlkə bu çox yaxşıdır, amma insani təmaslar azalıb.

- Yazıçı dostunuz varmı? Kimi özünüzə bir köynək yaxın bilirsiniz?

- Yazıçılar arasından təbiidir ki, Əjdər Olla gündəlik ünsiyyətdə oluram. Aqil Abbas dostumdur. Sağ olsun, bir çox yazıçılarımız nəşr olunmuş kitablarını mənə göndərirlər və onları çatdırıb oxumağa, gözdən keçirməyə çalışıram. Sabir Sarvanla bir kənddənik, deməli, mənə bir köynək yaxındır və onun poeziyası gözəldir.

- Olubmu ki, maşını saxlatdırıb kitab mağazasına girəsiniz?

- Əlbəttə! Mən kitab dükanlarının yanından sakitcə keçə bilmirəm. Amma bir az vaxt məhdudiyyəti var, çünki kitab dükanına girdinsə, xeyli vaxtın “əriyir” orada. Sonuncu dəfə iki ay qabaq nazirliyin yanındakı kitab mağazasının qarşısında maşını saxladıb xeyli kitab aldım. Hazırda həmin kitablardan “Rus təsviri incəsənət tarixi”ni hər gün bir az vərəqləyirəm.

- Son illərdə yazılan romanların çoxunda sosial problemlər qabardılır. Ədəbiyyat sosial problemlərin həllinə kömək ola bilərmi?

- Məncə, insan cəmiyyəti olduqca, sosial problemlər də qalacaq, sadəcə, forması və məzmunu dəyişəcək. Bu problemlərin ədəbiyyat səhifələrinə sıçraması müsbət qarşılanmalıdır. Ədəbiyyat nə qədər adamı düz yola qaytarıb, bəlkə də biz bilmirik. Amma istər incəsənət, istərsə də ədəbiyyat bütün zamanlarda insanlarda humanistliyin, insanpərvərliyin, xeyirin şər üzərində qələbəsinə inamın bərqərar olmasına yardım edib. Nə qədər insan hansısa bir kitabı oxuyandan, ya da hansısa bir filmə, yaxud teatr tamaşasına baxandan sonra humanist addımlar atmağa başlayıb.

- Elə bir şair varmı, yorğun vaxtınızda onun şeirlərini oxuyub ovqatınızı kökləyəsiniz?

- Mən Azərbaycan poeziyasını sevirəm, təbiəti tərənnüm edən şerlərin isə vurğunuyam. Məsələn, az tanınan şair Rəşid Poladoğlunun kiçik bir şeirlər kitabı var: “Anamın gözü yoldadır”. Şairin sözlərinə fikir verin:

Axşam üstü hər tərəfə
Yağış yağır narın-narın.
Elə bil ki, topa bulud
Ətir saçır saçlarına ağacların.

Və ya

Yayıb quzuları çəmənliklərə,
Qarğıdan düzəldib ney çalmısanmı?
Dumanda, çiskində bir neçə kərə
Gur yağış altında islanmısanmı?

- Dini kitabları nəzərə almasaq, elə bir kitab varmı, hər kəsin oxumasını istəyərdiniz?

- Paolo Koelyonun “Əl-kimyagər” və Gülşən Lətifxanın “Azəraida adası” kitabları. Bunlardan birincisini bütün dünyanın, ikincisini isə bütün azərbaycanlıların oxumasını istərdim.

- Aqil Abbas müsahibəsində demişdi ki, Səlim Müslümov “Dolu” romanını oxuyub zəng vurdu ki, roman məni ağlatdı. Son illərdə yazılan və Sizin ciddi ədəbiyyat hesab etdiyiniz romanlar hansıdır?

- Elçinin son illər çıxan bütün hekayələrini birnəfəsə oxumuşam. Xüsusilə də “Canavarlar” hekayəsi dəhşətdir. Əli İldırımoğlunun “Mənim rəncbər atam”, Elçinin “Bayraqdar”, Aqil Abbasın “Dolu”, “Allahı qatil edənlər”, Gülşən Lətifxanın “Azəraida adası”, Əjdər Olun “Səhra komandirinin meymunu” əsərləri və s. könlümə yatan, mövcud reallıqlarla səsləşən əsərlərdir, mənim fikrimcə. Mən ancaq bir oxucu kimi fikirlərimi bildirdim.

- Azərbaycanda şairlərin, yazıçıların sosial rifahı aşağı səviyyədədir. Kiminin ev problemi, kiminin işsizlik məsələsi və s. Nazir kimi yazı-pozu adamlarına necə dəstək olmaq mümkündür?

- Mən deməzdim şairlərin, yazıçıların sosial rifah halı aşağı səviyyədədir, çünki normal çalışan istənilən adam bu gün Azərbaycanda normal yaşayış üçün yetərli olan pulu qazana bilər. İndi eyni zamanda bir neçə yerdə çalışmaq imkanı var. Prezidentimiz cəmiyyətdə sözünü deyə bilən əksər qələm əhlinə həm öz təqaüdünü verir, həm də onun tapşırığı ilə bu insanlara evlər bağışlanır. Düşüncəmə görə, bu, ən düzgün siyasətdir.

- Xarici ölkələrə səfər edəndə, Bakıdakı kitab mağazalarının azlığı hiss edirsiniz?

- Deməzdim, çünki son zamanlar Bakıda da xeyli yeni kitab mağazaları açılıb.

- Sizdən soruşsam ki, hansı yazıçı ruhunuza yaxındır: Anar, yoxsa Elçin Əfəndiyev - cavabınız necə olar?

- Vallah, gənclikdə Anarı çox oxuyurdum. İndi isə Elçini daimi izləyirəm, çünki yazılarının ruhu mənə çox yaxındır. Təbiidir, kaloritlidir, səmimidir, şəxsi təəssüratların əsl bədii təsviridir.

- Sualım qəribə səslənməsin: kitablarınızın təxmini sayı neçə olar?

- Böyük kitabxanam var, amma kitabların sayını deməkdə çətinlik çəkirəm. Təkcə işdəki rəflərimdə 1000-dən yuxarıdır.

- Övladlarınız evdə bədii kitab oxuyurlarmı?

- Bizdə evdə hamı kitab oxuyur. Amma uşaqların üstünlüyü ondadır ki, onlar uşaqlıqdan ingiliscə, yəni orijinaldan əsərləri oxuya bilirlər.

- Azərbaycanın üç ən yaxşı romanı və filmini seçməli olsanız, hansı əsərlərin və filmlərin adını çəkərsiniz?

- Çətin sualdır. Üç ən çox sevdiyim film… “Uzun ömrün akkordları”, “Arşın mal alan”ın son versiyası və “Ovsunçu”nun adını çəkmək istərdim. Üç ən yaxşı romanı müəyyənləşdirmək isə xeyli çətindir. Hər halda, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Qurban Səidin “Əli və Nino” və Fərman Kərimzadənin “Qarlı aşırım” romanlarını çox sevirəm.

AzVision.az


Teqlər:  





Xəbər lenti