Türkiyənin məşhur hakeri: “Bütün sirrlərinizi bilirlər!” – MÜSAHİBƏ

Türkiyənin məşhur hakeri: “Bütün sirrlərinizi bilirlər!” – MÜSAHİBƏ
  15 Sentyabr 2014    Oxunub:23167
Dünyanın ən məşhur hakerlərindən biri, Türkiyənin isə ilk həbs olunan hakeri Tamer Şahin olduqca maraqlı məqamlar açıqlayır. O insanların özəl həyatlarına dair bütün məlumatların xüsusi xidmət orqanları tərəfindən əldə edildiyini deyir və bir sıra maraqlı tövsiyələr verir.

- Sizi qısaca tanıya bilərikmi?


- Uşaqlığımdan bəri kompüterə, hələ adı qoyulmamış məlumat təhlükəsizliyinə maraqlı biriyəm. Türkiyənin ilk mühakimə olunan hakeri kimi rəsmi şəkildə ilk “hack” hadisəsini reallaşdırdım. Ardıcıl şəkildə sındırdığım sistemlərdən sonra təşkilatlanaraq? «ağ şapkalı» haker qismind’ dövlətlərə və firmalara xidmət göstərməyə başladım. Türkiyənin ilk informasiya təhlükəsizliyi proqramını 2001-ci ildə istehsal edərək, informasiya təhlükəsizliyi sektoruna “Etik Haker” kimi daxil oldum və bu gün də köməyi öz firmamla davam etdirirəm.

- Türkiyəyə internet dünyası haqqında fərqli baxış qazandıranlardan birisiniz. Virtual dünyaya sizi bağlayan ən əhəmiyyətli faktor nə oldu və Tamer Şahin bu an Türkiyədə internet aləmində necə xidmətlər göstərir?

- Əslinə baxsanız TerraMedusa adı altında gördüyümüz iş şirkətlərin və rəsmi təşkilatların sistemlərini haker hücumlarından etibarlı şəkildə qorumağa hesablanıb. Təbii ki, bu, tam bir test olaraq həyata keçirilmir. Ətraflı bir hesabat bu işin meyvəsi kimi ortaya çıxır. Eyni zamanda, mövcud təhlükəsizlik sərmayələrinin səmərəliliyi də ətraflı şəkildə test edilir.

Digər tərəfdən, dövlətlər və bəzi xüsusi firmalar üçün kiberkəşfiyyat xidməti göstəririk. Şəxsi proqramların köməyiylə təşkilatların maraqlarına xidmət edən mövzular haqqında heç kimin bilmədiyi məlumatlar toplayırıq. Bu, bəzən təhlükəli hakerlərin sistemdə tapdığı açıqlar, bəzən xüsusi xidmət orqanlarının istifadə texnikaları, bəzən isə mövcud həyatla əlaqəli bir məlumat sızıntısı ola bilir.

Əlbəttə, bu, həqiqi və az qala sərhədsiz kimi görünən imkanlarla dolu kiber təhdid dünyasında rahat hərəkət edə bilmək, məlumat toplamaq üçün çalışanları anlamaq lazımdır. Onları anladıqdan sonra necə hərəkət etdiklərini, onları motivasiya edən şeyin nə olduğunu da anlamağa başlayırsınız. Bir addım sonra isə bu təhdidləri analiz edib həll yolu axtarmaq dayanır. Bu da işin yandırıb dağıtmaqdan daha çətin, diqqətli olan tərəfidir.

- Hamını maraqlandıran haker anlayışı sizcə nə ifadə edir? Hakerliyin cəmiyyətdəki yeri sizcə nədir və gələcək rolu nə ola bilər?

- Haker əslində həyata keçirilməsi çətin görünən bir işin qısa yolla edilməsidir. Bu, bir cərrahın neştərindən həm şəfa vermək, həm də ölüm saçmaq üçün istifadəyə bənzəyir. Hakerlər həm ictimai mövzuların, həm də texniki ölçüdə həyatın inkişafı üçün müxtəlif mövzulara imza atırlar. Bu gün yavaş-yavaş başlasa da, gələcəkdə daha sıx şəkildə otağınızdakı televizora, hətta mətbəxinizdəki soyuducu belə haklanacaq. Belə təhdidlər gündəlik həyatımızın bir parçası halına gələcək. Gələcəkdə bizi bu təhdidlərdən xilas edəcək şəxslər mühəndislər deyil, əksinə, hakerlər olacaq.

- Sosial şəbəkələr haqqında düşüncələriniz nələrdir?

-Sosial mediaya mən yeni növ bir yazıçılıq, ünsiyyət kimi baxıram. Əvvəllər yazı yazmağın qaydaları bizə öyrədilirdi. İmla qaydaları və sair. Sonra həyatımıza telefon girdi. İndi isə ictimai media adı altında Twitter, Facebook kimi sosial şəbəkələr həyatımıza girib. Lakin bizi bir az hazırlıqsız şəkildə yaxalayıb bu sahə.

Hələ sosial şəbəkələrdə necə danışacağımızı, necə müzakirə aparacağımızı, doğru məlumatı necə paylaşacağımızı ayıra bilməmişik. Bunları bilmədiyimiz kimi israrla hələ eyni səhvlərin üzərinə gedib, qeyri-ixtiyari istifadələrə baş vururuq. Türkiyədəki “Gəzi parkı” hadisələrində edilən paylaşmalara baxdıqda, bunu görmək mümkün. Təhqirlər, söyüşlər, provokativ statuslar, dezinformasiya dolu saxta fotoşəkillər ortaya töküldü. Bu bir cür ictimai media ilə imtahanıydı və təəssüf ki, biz bu imtahanda sinifdə qaldıq.

- Texnologiya hər gün inkişaf etməkdədir və "ağıllı" adlandırdığımız mobil telefonlar artıq hər kəsin əlində var. Bu "ağıllı" telefonlar haqqında nə deyə bilərsiniz, fərdi təhlükəsizlik haqqında nələri tövsiyə edərdiniz?

- Artıq ciblərimizdə bir kompüter daşıyırıq. Hazırda kompüter və yanımızda daşıdığımız noutbukların funksional əskikliyi yoxdur. Artıq fərdi məlumatlar çox qiymətlidir. Buna görə də mobil telefonlar daim istifadə edilən bir cihaz olduğundan, fərdi məlumatlar bu yolla insanlardan oğurlanmağa başlanır. Apple-in iOS platforması nisbətən daha etibarlı olsa da, Android istifadəçiləri böyük risk altındadırlar. Android proqramlarının az qala yarısı fərdi məlumatları ələ keçirir, bir qisimi isə zərərli viruslar saxlayır. Google bunları avtomatik proqramlarla skan edib aşkarlamağa çalışsa da, insan diqqəti olmadan bu tip məsələləri nəzarət altında saxlamaq çətindir.

- ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin ölkədə həyata keçirdiyi gizli müşahidəni ortaya çıxaran Eduard Snoudenin “Prizma” adlı proqramın ifşası haqqında nə düşünürsünüz? Belə bir proqramın insan həyatındakı rolları və lazımlığı haqqında düşüncələriniz nələrdir?

- ABŞ illərdir Twitterlə insanların elektron poçtlarını, Facebookla fərdi məlumatları, qohumluqlar, dostluqlar və fotoşəkillərini, Foursquare ilə harada gəzib, nə yeyib, nə içdiklərini rahat şəkildə izləyə bilir. Microsoftun köməyilə əməliyyat sistemlərinə nəzarət edir. Onsuz da illərdir davam edən bu fəaliyyətlərin indi “Prizma” ilə avtomatikləşdirildiyi məlum oldu.

Açıqcası, mən təəccüblənmədim. Yalnız düşündürücü olan NSA-nın fəaliyyətinə icazə verən Google-un çıxıb, "biz Google Drivers-i şifrələyib, NSA-nın qarşısını kəsəcəyik", - deməsiydi. Onsuz da özləri icazə vermişdilər. Lakin indi saxta bir şifrələməylə bunu gizlətməyə çalışırlar.

İşin pis cəhəti odur ki, insanlar bunları unudacaq və davam edəcəklər. Hətta əksəriyyət hələ də bu firmalardakı hesablarını bağlamayıblar.

Samir Aslan
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti