Müəllimlərə şad xəbər - əlavə pul veriləcək

Nazirlər Kabinetindən AzVision.az-a verilən məlumata görə, yeni dəyişikliyə görə, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstəriləcək.
Eyni zamanda, dəyişikliyə görə, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əməkhaqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödəniləcək.
Nazirlər Kabinetinin yeni dəyişikliyinə görə, 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əməkhaqqına əlavə veriləcək.
Qərar 2014-cü il sentyabrın 15-dən qüvvəyə minəcək.
Sevinc İltifatqızı