Nağdsız ödənişlərə keçmək vaxtıdır – TƏHLİL

Nağdsız ödənişlərə keçmək vaxtıdır – TƏHLİL
  22 Aprel 2013    Oxunub:1983
Azərbaycan Mərkəzi Bankının (AMB) tədavüldəki 100 manatlıqların azaldılması məqsədilə sözügedən əskinasların nağd çıxarılışına bu ilin fevralın 1-dən etibarən hər biri üzrə 30 qəpik rüsum tədbiq etməsi artıq öz nəticəsini göstərir. Cəmi 2 ay keçməsinə rəğmən, dövriyyədə üzərində digər rəqəmlər əks olunan əskinasların nisbətən artdığı və 100-lük nominaldan aşağı əskinaslardan istifadənin bir qədər genişləndiyi nəzərə çarpır.

AMB rəhbərliyi bu qərarı əsasən son 7 il ərzində 100 manatlıqların tədavüldə xüsusi çəkisinin 75%-ə çatmasıyla əlaqədar verdiyini bildirmişdi. Dövriyyədə nağd pul kütləsinin strukturunda hər hansı bir əskinasın rolu və payı artarsa, bu, hesablaşmalarda səmərəliliyin aşağı düşməsi və digər nominalda əskinaslara tələbin düzgün ödənilməməsi ilə nəticələnir.

Ölkəmizdə əhaliyə verilən pensiya və əməkhaqqlarının məbləğləri isə əksəriyyət üzrə 200 manata belə çatmasa da, dövriyyədə nağd pul kütləsinin strukturunda üzərində iri rəqəmlər yazılan əskinaslar, xüsusən də 100-lüklər çoxluq təşkil edirdi.

O səbəbdən ki, 2006-cı ildən (hazırkı əskinaslar dövriyyəyə buraxılandan) ötən dövr ərzində ölkə iqtisadiyyatının bütün sahələri xeyli inkişaf etmiş, ümumi daxili məhsul istehsalı ilə yanaşı, dövlət büdcəsi, əhalinin pul gəlirləri, o cümlədən, dövriyyədəki nağd pul kütləsinin həcmi sürətlə artıb və 7 il bundan əvvəl ilə müqayisədə hazırda kəskin fərqlə yüksək səviyyəyə çatıb. Bu isə təbii olaraq, iri nominallı əskinaslara tələbi artırıb və son vaxtlar onların dövriyyəsini sürətləndirib.

Kommersiya banklarına AMB tərəfindən verilən 100 manatlıqların hər biri üzrə 30 qəpik rüsum tədbiq edilməsi isə ilk günlər ciddi narazılıq yaratdı. Qərarın hətta, geri götürüləcəyi, yaxud nisbətən yumşaldılacağı da deyildi. Lakin, AMB-in “geri çəkilməyəcəyi” aşkar görünürdü. Bunu AMB-nin sədri Elman Rüstəmovun bu yaxınlarda jurnalistlərə verdiyi açıqlama da sübut etdi. “100 manatlıq əskinaslara komissiya haqqının tədbiqi müvəqqəti addım deyil” – deyə, sədr bildirdi. AMB rəhbəri eyni zamanda əlavə etdi ki, bu qərar səmərəli olduğunu artıq göstərib və pul kütləsinin strukturunun dəyişdiyi müşahidə edildiyindən sözügedən istiqamətdə işlər davam etdiriləcək: “Əgər əvvəl, 100 manatlıqlar digər əskinasları dövriyyədə sıxışdırırdısa, bu gün onun bazar payı artıq özündən kiçik nominallı banknotların hesabına azalıb”.

E. Rüstəmov, hətta metal sikkələrdən istifadənin də genişləndiyini söyləyib.
Təkrar edirik ki, banklar, xüsusən də pərakəndə satış şəbəkələri ilə münasibətdə kiçik nominallı banknotların ön sıraya çıxdığı həqiqətən də hiss olunur. Bəs, AMB sədri sözügedən istiqamətdə “işləri davam etdirəcəyik” dedikdə, nəyi nəzərdə tutur?

Bu mövzuda ötən şərhimizdə yazmışdıq ki, AMB tərəfindən 100 manatlıq əskinasların hər birinə 30 qəpiklik rüsumun tədbiqi, əslində, yalnız taktiki əhəmiyyət daşıyır, o səbəbdən ki, qərar, ölkədə istehlak bazarında qiymətlərin yüksəlməsinə təkan verməsə də, ola bilsin, manatın məzənnəsini bir az da möhkəmləndirməklə, iqtisadi artımı stimullaşdırmaqdan ötrü, real pul-kredit siyasətini tələb olunan səviyyədə yumşalmaq tədbirlərinə çətinlik yaratsın. Odur ki, dövriyyədə nağd pul kütləsi strukturunu və həcmini optimallaşdırmaq, o cümlədən, azaltmaq və onun hərəkətinin səmərəsini artırmaq, yaxud da bu sahədə dövlət xərclərini azaltmaq üçün bu cür addımlara ehtiyac olsa da, hər halda digər tədbirlər də həyata keçirilsə, yaxşıdır.

Bunlardan ən vacibi isə sözsüz ki, hesablaşmalarda nağd ödənişlərin həcmini minimuma endirməkdən ibarətdir.

Yeri gəlmişkən, AMB-in sözügedən qərarının əsas məqsədlərindən birinin həm də ölkə daxilində hesablaşmalarda nağd puldan istifadəni maksimum dərəcədə azaltmaqdan və bunu stimullaşdırmaqdan ibarət olduğu bildirilirdi.

Nazirlər Kabinetinin (NK) 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş aprelin 14-ündə keçirilən iclasında isə ölkədə nağdsız ödəmələr istiqamətdə ötənil ərzində xeyli iş görülsə də, bu sahədə vəziyyətin hələ, qənaətbəxş olmadığı bir daha vurğulandı. Çünki bütün inkişaf etmiş ölkələrdə nağdsız ödəmələr böyük çəkiyə malik olsa da, bizdə belə deyil. Ona görə də, NK-nin bütün rüblük iclaslarında dövlət başçısı bu məsələyə toxunur.

Bununla belə, artıq bu sahədə xüsusi təkliflər paketi hazırlandığı deyilir. Bu günlərdə iqtisadi məsələlər üzrə Dövlət müşaviri Vahid Axundov da ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə təkliflərin Prezident Administrasiyasına təqdim edildiyini bildirib.

Təkliflərin konkret nədən ibarət olduğu bəlli deyil. Sadəcə, söhbətin qeyri-nağd ödənişləri stimullaşdırmaq məqsədilə bəzi vergi güzəştlərindən, həmçinin nağd əməliyyatlara cüzi də olsa müəyyən məhdudiyyətlər qoymaqdan getdiyi bilinir.

Çünki vergilər naziri Fazil Məmmədov da bu sahədə irəliləyişə nail olmaq üçün xüsusi vergi güzəştləri təklifləri hazırladıqlarını və həmin təkliflərin builin fevralın axırında artıq Administrasiyaya göndərildiyini bildirmişdi.

Həmçinin V. Axundov qeyd edib ki, nağd məbləğlərlə əməliyyatlar o qədər də sərt məhdudlaşdırılmalı deyil. “Bu mühiti tədricən formalaşdırmaq lazımdır. Vaxt keçdikcə, belə tədbirlərə ehtiyac qalmayacaq. Biznes özü nağdsız ödənişlərə keçəcək” – deyə, iqtisadi məsələlər üzrə Dövlət müşaviri qeyd edib.

Ancaq burada bir cəhət var ki, ölkədə qeyri-nağd ödənişləri stimullaşdırmaq məqsədilə həyata keçirilməli olan güzəştlərin bu ildən Vergi Məcəlləsinə edilən və qüvvəyə minən məlum dəyişikliklər sırasına daxil edilməsi nəzərdə tutulsa da, bunlar daha da işlənməli olduğu əsas götürülərək gələn ilə təxirə salınıb.

Digər tərəfdən isə məlumdur ki, qeyri-nağd ödənişlərin həcminin artması vergi bazasının genişlənməsi üçün başlıca şərt sayılır. Və ölkəmizi bu sahədə tezliklə Avropa ölkərinə çatdırmaq nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ başda olmaqla, bir çox Avropa ölkələrində nağdsız ödənişlər 90-95% təşkil edir. Odur ki, əslində, gecikmək olmaz. İlkin mərhələdə vergi güzəştlərində olmasa da, bizcə, nağd, xüsusən də iri məbləğlərdə hesablaşmalarda sərt tədbirlərə getmək mümkündür. Bura məsələn, bahalı avtomobillərin, o cümlədən mənzillərin alış-verişi və sair daxil edilə bilər. Yalnız bu zaman dövriyyədəki nağd pul kütləsinin strukturunu keyfiyyətli təşkil etmək olar.



Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi



Teqlər:  





Xəbər lenti