100 vacib sual | Dünyanı idarə edən gizli qüvvələr varmı?

100 vacib sual | Dünyanı idarə edən gizli qüvvələr varmı?
  14 İyul 2014    Oxunub:20846
AzVision.az `100 vacib sual` rubrikasında Azərbaycan insanını düşündürən 100 əsas sualı seçərək, onları uyğun sahələrin bilicilərinin köməyi ilə cavablandırmağa çalışır. Suallar bütün mövzulara və sahələrə aid olacaqlar.

Əvvəlki suallar bunlar olmuşdular:

1. Həyatın mənası nədir?
2. Ruh varmı?
3. İnsan ölümsüz ola bilərmi?
4. Fal gələcəyi göstərə bilərmi?

İndi isə beşinci sualın cavabları ilə tanış olun:

Fərhad Mehdiyev, politoloq:

- Əvvəla, mən “300-lər” , “Masonlar”, “İllüminatlar” kimi təşkilatların dünyanın işlərini idarə etdikləri haqda söhbətlərə inanmıram. Bunun tutarlı bir sübutu yoxdur. Amma Rotşildlər kimi zəngin ailələrin, BP kimi böyük korporasiyaların, iri dövlətlərin xüsusi maraqları ola bilər.

Lakin üzdə olmayan müəyyən qrupların beynəlxalq siyasətə təsir göstərmələri ehtimalını qəbul etmək mümkündür. İmperial güclər, güclü maliyyə qurupları, nəhəng korporasiyalar var, onlar gəlirlərinin artması üçün müəyyən proseslərə təsir göstərə bilərlər. Məsələn neftin qiymətinin tənzimlənməsi bu korporasiyaların gəlirini xeyli artıra bilər. Söhbət sadəcə neftdən getmir, bu, məsələn, avtomobil, parfümeriya, geyim və sair də ola bilər.

Gender siyasəti, demoqrafik artım, elm və təhsil də eyni məntiqlə tənzimlənə bilər. Bütün bunlar, istisna deyil ki, hansısa gizli qrupların siyasətinə xidmət etsin.

Nəticə olaraq demək istədiyim budur ki, mən bu mistik qrupların varlığını mütləq mənada qəbul etmirəm. Amma inkar da etmirəm. Belə bir ehtimalın ola biləcəyini fikirləşirəm. Bu cür şərtlər qarşısında sadəcə daha oyaq, şüurlu olmaq lazımdır, vəssalam.

Elman Nəsirov, politoloq:

- Əgər dünyanı idarə edən gizli təşkilatlar varsa və onlar bu və ya digər ölkələrdə kimin prezident olacağını qabaqcadan müəyyən edib, həmin adamı hakimiyyətə gətirirlərsə, dünyadakı prosesləri öz otaqlarında oturub, mason düşüncəsilə həll edirlərsə, mənə elə gəlir ki, bu halda beynəlxalq hüquqdan, beynəlxalq siyasətdən danışmağın əhəmiyyəti qaımır. Digər tərəfdən, demokratik seçkilərdən, qanunun aliliyindən söhbət belə gedə bilməz. Bunların hamısı gözdən pərdə asmaq üçün vasitə olacaq.

- Düşünsək ki, görmədiyimiz qüvvələr - müxtəlif birliklər, mərkəzlər, mason qruplaşmaları, dünyanı idarə edir, onda məntiqi düşüncə öz yerini qeyri- məntiqi yanaşmaya verməlidir. Bu şəkildə düşünəndə proqnozlar vermək, politoloji təhlillər aparmaq, təkliflər irəli sürmək kimi məsələlər əhəmiyyətini itirir. Hər şey konkret qruplaşma tərəfindən müəyyən edilirsə, beynəlxalq siyasətə nə ehtiyac qalır? Belə çıxır ki, bunların hamısı illüziyaya çevrilir.

Ona görə də, mən belə yanaşmalarla heç zaman razılaşmamışam. Reallıqda məsələyə bu məntiqlə yanaşsaq, çox mürəkkəb situasiya yaranır və dünya daha çox xaosa sürüklənir. Nəticədə proseslər fərqli məcrada inkişaf edir və proseslərin bu inkişafı ilə bağlı nəsə fikir yürütmək aktuallığını itirmiş olur. Çünki əgər həmin quruplaşmalar, mərkəzlər varsa, onlar qərar qəbul edərkən yalnız özlərinin seçilmiş adamları iştirak edirlər. Digərlərinin iştirakına qadağa qoyulub. Bu məntiqlə yanaşanda, dünya öz məzmununu dəyişir.

Qabil Hüseynli, politoloq:

- Gizli təşkilatlar dünyanı idarə etmək yox, siyasətə təsir etmək imkanına malikdirlər. Onlar yarı mason, yarı iqtisadi təşkilatlardırlar. Əllərində maliyyə və media imkanları var ki, bunun vasitəsilə siyasətin formalaşması haqqında guya təkliflər verirlər, amma yeri gələndə bu təklifləri birbaşa təzyiq formasında edirlər.

Həmin mərkəzlər var, bunların içərisində mason təşkilatları da var ki, əllərində olan resurslarla dünyanın güc mərkəzlərinə təsir edirlər. Bu təsir mərkəzləri ya dərin dövlət şəklində, ya da humanitar formada peyda olur. Amma əslində pərdə arxasından dövlət siyasətinə, dünya ictimai rəyinin formalaşmasına ciddi təsir göstərir. Bir sözlə, dünyanın idarə edilməsində dövlətlərdən az rol oynamırlar.

Ərəstun Oruclu, politoloq:

- Bu gün dünyanı idarə edən yetərincə açıq təşkilatlar var. Yəni BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı var. Belə təşkilatlar varsa, əlavə olaraq bir də bunların vasitəsilə dünyanı idarə edən hansısa gizli təşkilatlar yaratmağa nə ehtiyac var?

Gizli təşkilatlar hansı mexanizmlərlə və necə təsir etməlidirlər ki, dünyanı idarə edə bilsinlər? İnsan öz ailəsində 3 uşağı idarə edə, iradəsini yeridə bilmirsə, siz təsəvvür edin, hansısa gizli təşkilat dünyanı idarə edə bilər? Bu qədər müxtəlif mədəni, hərbi, iqtisadi və s. maraqlar olan dünyanı idarə etmək olduqca çətindir. Dünyanı, ölkəni idarə etmək üçün konkret mexanizmlər lazımdır. Mexanizimlər isə açıq şəkildə görünən vasitələrdir.

İnsanlar bir çox hallarda ya özünü cəmiyyətə təqdim etmək, ya da siyasi reallıqlardan qaçmaq üçün bu şeyləri uydururlar. Siyasi reallıqlarla üz-üzə gəlməkdən qaçmaq üçün başlayırlar belə təşkilatların varlığını iddia edib, “mübarizə aparmalıyıq” deməyə. Dünyada siyasi proseslərin necə getdiyini, necə idarə olunduğunu hansısa qapının arxasında axtarmaq lazım deyil. Hər şey kifayət qədər açıq-aydın görünür.

Vüqar Zifəroğlu, jurnalist, araşdırmaçı:

- Gizli təşkilatlar var və həmişə olub. Yaxın Şərqdə gizli təşkilatların tarixi dövlətlərin yaranma tarixindən daha qədimdir. Bəşəriyyət inkişaf etdikcə, sistemlər biri-birini əvəzlədikcə bu təşkilatlar da öz mövcudluqlarını qorumaq məqsədilə yeni dövrə adaptasiya olunaraq fəaliyyətlərini sürdürüblər və sürdürməkdədirlər. Lakin ümumi prinsipləri həmişə dəyişilməz saxlanılıb.

Gizli təşkilatların əsas kimi götürdükləri və demək olar ki, hamısının qəbul etdiyi bir əfsanəyə görə, Osirisin müridlərindən olan Hermes (İslam, Xristianlıq və Musəvilikdə İdris peyğəmbər) 16000 il əvvəl Nil vadisinə gəlir. O, burada məbəd inşa edir və ona «Ölülər kitabı»nda (Şumerlərdə belə bir qədim əlyazma var) “ilahi kəlamın əfəndisi” və “İlahi sirrlərrin sahibi” adı verilir. Maraqlıdır ki, Şimali Misir həmin dönəmdən Firon Menes dövrünə qədər (e.ə. 5000) hermetik rahiblər tərəfindən idarə edilib. Hesab edilir ki, ilk gizli təşkilat olan «Böyük Bəyaz Qardaşlıq» məhz bu cür yaranıb, İdris Peyğəmbər isə bu bəyaz Lojanın «Dünya ustadı» olub. Təşkilatın Misir və mövcudluğu ehtimal edilən Mu qitəsində aparıcı mövqeyə malik olduğu barədə ehtimallar var.

Son dərəcə maraqlı məqamı qeyd etmək istərdim: Dahi Mustafa Kamal Atatürkün yeni qurulmuş Türkiyə Cümhuriyyətinin Meksika səfiri ilə gizli məktublaşmalarında Mu mədəniyyətinin türklərə məxsus olduğu və eləcə də bu gizli təşkilat haqqında müəyyən yazışmalar var. Bununla bağlı türk araşdırmaçı Sinan Meydanın «Atatürk və Türklərin saklı Tarihi» və «Atatürk və kayıp kıta Mu» əsərlərinə baxmanızı tövsiyə edərdim Başqa bir maraqlı məqam isə odur ki, bu məktublardan yalnız bəziləri bir neçə il əvvəl ictimailəşdirildi və şok effekti yaratdı. Əsas məktublar isə hələ də gizli saxlanılır.

Əfsanəyə görə, Bəyaz Lojanın yaradılmasından bir az sonra ona əks olan «Babil Qardaşlığı» da yaradılır. Bu, digərinə əks mövqedə duran, bir növ müxalif təşkilat olur. Onlar Bəyaz Lojadan fərqli olaraq, Yaradana qarşı çıxırlar və Babil qülləsini inşa etməklə, insanın tanrıya gücünü göstərmək niyyətinə düşürlər. Qeyd edim ki, Babil qülləsi məsələsi bütün səmavi kitablarda öz əksini tapıb. Və səmavi dinlərə görə, məhz bu qüllənin inşasından sonra Allah insanları millətlərə ayırdı və onlara fərqli dillərdə danışmağı əmr etdi. Yəni fəlsəfi dualizm – xeyir və şər qarşıdurması gizli təşkilatların mahiyyətində də mövcuddur və bu rəvayətlər onun ən bariz nümunəsi hesab edilə bilər.

Gizli təşkilatların məqsədləri müxtəlif olub. Məsələn, ismaili-nizarilər (assasiyunlar) konkret olaraq xilafət taxtını hədəf götürüblər. Tamplierlərdə ilkin məqsəd «vəd edilmiş torpaqlar»ın müsəlmanlardan təmizlənməsi və «müqəddəs əmanətlər»in qorunması olub. Yezuitlərin və ya məsələn, Malta Cəngavərlərinin başlıca hədəfi Vatikana qarşı duran gizli təşkilatlara (tamplierlər, rozenkreyserler, hospitalyerlər, frank-masonlar) qarşı savaşmaq və Katolik Kilsəsinin dünya hegemonluğuna nail olmaq, Osmanlıya qarşı bütün mümkün ola biləcək vasətilərlə mübarizə aparmaq durub. Türk-İslam dünyasının gizli təşkilatı olan Əxilikdə əsas qayə insan fəlsəfəsi və İslamla türk milli kimliyinin sintezi, «Fütüvvət» anlayışı idi.

Daha qədim və Midiya dönəminə aid gizli türk təşkilatı Maqlar (ki, «Magic» sözü onların adından götürülüb ) ilahi sirrlərin qorunması və ötürülməsi funksiyasını yerinə yetirirdilər və Midiyada aparıcı, hətta dövlət idarəçiliyinə təsir edəcək bir gücdə olan kahin sisteminə sahib idilər. Təsadüfi deyil ki, Əhəmənilərin (indiki farsların əcdadları) bölgəyə hücumu ilə Midiya süquta uğradıqdan sonra maqlar ciddi soyqırıma (onlar həm də tayfa idilər) məruz qalırlar və bu soyqırım bir çox qədim əlyazma və kitabələrdə öz əksini tapıb.

Frank-masonlar və illüminatlarda məqsəd dünya idarəçiliyi idi. Yəni hədəflər və son məqsəd, təşkilatın yaradılış prinsipinə görə fərqlənə bilərdi. Lakin maraqlı məqam odur ki, onların hamısında əsas oxşar cəhətlər var: mifik pərdə ilə ətraflarını sarmaları, keçid rituallarına və gizliliyə önəm vermələri, bir növ «ilahi sirr və ya yaradılış fəlsəfəsində hikmət» kodu ilə ardıcıllara təqdim edilən biliklərin mərhələli şəkildə ötürülməsi (piramida üsulu).

Şahanə Rəhimli
AzVision.az




Teqlər:  





Xəbər lenti