Sultan Səlimlə Şah İsmayıl davasının gizlinləri – MÜSAHİBƏ

Sultan Səlimlə Şah İsmayıl davasının gizlinləri – MÜSAHİBƏ
  24 İyun 2014    Oxunub:32720
“Sultan Səlim məktublarında Şah İsmayıla kafir deyə müraciət edir, onun ünvanına söyüşlər yağdırırdı”.

Sultan Səlim Şah İsmayıla niyə düşmən kimi rəftar edirdi? Çaldıran döyüşü nə üçün baş verdi? Türk tarixçiləri Şah İsmayılı niyə təhrif edir?

AzVision.az-ın bu və ya digər suallarını tarixçi Orxan Araz cavablandırıb.


- Türk tarxiçilərin gözü ilə Səfəvi dövləti necə qəbul olunur?

- Tarix elə bir şeydir ki, ona hansı pəncərədən baxmağın çox vacibdir. Məsələn,Teymur özbəklər, Asiya türkləri üçün çox möhtəşəm bir şəxsdir, amma Türkiyə türkləri üçün İldırım Bəyazidlə savaşdığına görə qəddar insandır. Şah İsmayıl Xətaiyə gəlincə isə Türkiyədə hazırda onun çox müridi var. Türkiyədəki ələvilər Şah İsmayılı özlərinin 7 ulu şəxsindən biri hesab edirlər. Füzuli, Nəsimi, Hacı Bektaşi Vəli, Hacı Bayrami Vəli və Şah İsmayıl Xətai həmin 7 ulu şəxsdən biridir. Onlar birgə ibadətlərində Xətainin sözlərinə bəstələnmiş mahnılar ifa edirlər. Onun şeirlərinə ibadət şeiri kimi yanaşırlar. Biz Anadoluda məktəbə getmədən əvvəl Şah İsmayıl haqqında rəvayətləri öyrənirdik.

- Məktəblərdə Şah İsmayıl necə tədris olunurdu?

- Bundan 5-10 il əvvəl məktəblərdə Şah İsmayıl və Teymuru mənfi şəxsiyyət kimi tədris edirdilər. İndi isə bu münasibət dəyişib. Çünki sonradan tələbələr də, tədqiqatçılar da etirazlar etdi ki, yazılanlar düz deyil. Tədqiqatçılar Şah ismayıl haqqında sənədləri təqdim etdilər və bəzi həqiqətlər aşkara çıxdı. Məsələn, İsgəndər Pala “Şah və Sultan” romanında yazır ki, Şah İsmayıl anasını öldürüb. Ankara Qazi Universitetinin professoru Tufan Gündüz isə sübut etdi ki, bu fikir həqiqətə uyğun deyil.

Şah İsmayıl Xətai bütün türkləri birləşdirən bir şəxsiyyət olub. Təkcə Anadoluya getməyib, Dərbəndə, Əfqanıstana qədər gedib çıxıb. Asiyadakı, Anadoludakı türkləri birləşdirmək onun əsas məqsədi idi. Eynilə Yavuz Sultan Səlimin də qayəsi bu idi. Düzdür, o zamanlar indiki kimi milli ruh yox idi, indiki kimi milli kimlik dərk olunmamışdı və dövlətlərə daha çox İslam ideologiyası hakim idi. Şah İsmayılla Yavuz Sultan Səlimin məktubları da tədqiq olunub aşkara çıxarılıb ki, hər iki hökmdar bir-birilə islami dəyərlər üzərində söhbət edir. Məsələn, məktublarında “Quranda belə yazılır”, “Hədislərdə bu var” və s. sözləri tez-tez qeyd olunur.

- Bu məktublarda onların bir-birinə münasibəti necədir?

- Tarixçilər onların hər ikisini qəddar hökmdar kimi təqdim edir, amma məktublarda diqqət çəkən bir məqam var ki, Yavuz Sultan Səlimin atası II Bəyazid Şah İsmayıla çox mülayim və sevgi dolu məktub yazıb. Orada qeyd edir ki, bu xalq bizə Allahın əmanətidir. Bu sözü dediyi vaxt 15-ci əsrdir. Eyni vaxtda Avropada insanlar qul kimi alınıb satılırdı. Hətta Rusiyada 19-cu əsrə qədər bu adət qalmaqda idi. Yəni, bu hökmdarlar xalqı özündən aşağı hesab etməyən təfəkkürə malik insanlar idi.

Biz Şah ismayıl deyəndə gözümüzün önünə yaşlı, ağsaqqal, hər şeyi bilən bir hökmdar gəlir. Halbuki,Çaldıran döyüşündə onun 28 yaşı var idi. İndi eyni yaşda olan insanı düşünün, universiteti bitirib, amma çox kitab oxumayıb, ətrafından, dünyadan xəbəri yoxdur. Şah İsmayıl da, Yavuz Sultan Səlim də yaşadığı zamanı dərk edən, xalqını, inancını sevən, dinini dərindən bilən insanlar olub. Yazdıqları məktublarda da bunu görmək olar. Buna baxmayaraq 28 yaşında insanın səbri, dözümü ilə 50-yə yaxın yaşı olan adamın səbri bir deyil. Bunu nəzərə almaq lazımdır.



- Qeyd edirsiz ki, hər iki hökmdar eyni dinə və eyni millətə mənsub idilər. Bəs bir-birilərindən nə istəyirdilər?

- Yavuz Sultan Səlimlə Şah İsmayıl arasında şiə-sünni yox, dünya hakimiyyəti məsələsi var idi. Onların hər ikisi dünya hakimiyyəti arzusunda idi. Doğrudur, Səlim məktublarında Şah İsmayıla kafir deyə müraciət edirdi, amma bu da siyasət idi. Halbuki Səlimin atası II Bəyazid Şah İsmayıla yazdığı məktublarda oğlum deyə müraciət edirdi.
Dünya hakimiyyəti arzusu isə türk millətinin genetik kodunda var. Yavuz Sultan Səlimin məşhur bir sözü var – Bu dünya bir hökmdar üçün çox, iki hökmdar üçün isə azdır. Ona görə də davamlı olaraq döyüş olacaq.

- Müharibəni ilk olaraq kim başladı?

- Məktublardan aydın olur ki, bu addımı ilk olaraq Səlim atıb. Çünki həmin vaxt Şah İsmayıl İsfahanda idi və bunu da məktubunda qeyd edir. Onu da qeyd edim ki, Şah İsmayılın qəzəbli məktublarının heç birində söyüş yoxdur, amma Yavuz Sultan Səlimin məktublarında var. Yavuzun döyüşə başlamağının səbəbi isə sadəcə düşmənlik deyildi. Məsələ orasında idi ki, Şah İsmayılın elə dövrdə də Anadoluda minlərlə müridi var idi. İstanbulda Dede Muhammed adlı şeyx öz dərvişi Dede Hasanı 1501-ci ildə Şah İsmayıla göndərir və deyir ki, istəyirsənsə, sənə İstanbuldan 2-3 min mürid göndərərəm. İstanbul isə Osmanlının paytaxtı idi və bu o demək idi ki, Anadolu əldən gedir, oradakı insanların hamısı Şah İsmayıla daxilən bağlıdırlar. Sivaslı Ozan Pir Sultan Abdalın belə bir misrası var; “Açın qapıları, şaha gedəlim”. Yəni sərhədləri açın, biz şaha gedəcəyik. Minlərlə adam müridlədirini, əsgərlərini, var-dövlətlərini alıb şaha gəldilər. Onların hamısının evində Şah İsmayılın şeirləri oxunurdu. Sultan Səlim də bunun fərqinə vardıqdan sonra savaşa başladı.

- Anadolu əhalisinin Şah ismayıla güclü rəğbətinin olduğunu qeyd edirsiz. Bəs Çaldıran döyüşündə bu qüvvələr onun qalib gəlməyinə niyə yardım etmədi?

- Şah İsmayıl Xətai Çaldıran döyüşünə qədər 7 savaşda olmuşdu və döyüşdə şəxsən özü iştirak etdiyinə görə bütün bədənində qılınc yaraları var idi. O zamanlar isə Osmanlı dövlətində mühəndislik, silah istehsalı çox yüksək səviyyədə inkişaf etmişdi. Səfəvilərdəki türklər isə daha çox at minməyi, qılıncla savaşmağı yaxşı bacarırdı. Osmanlı ordusu Çaldıran döyüşünə səhra topları ilə gəlmişdi və Səfəvi ordusunun əsgərləri top görməmişdi. Hətta atlar da top səsindən ürküb qaçırdı. Ondan əvvəl isə Əmir Teymurla İldırım Bəyazid arasında olan döyüşdə Osmanlı ordusu ağır vəziyyətə düşdü, çünki Teymur Asiyadan öz ordusunda fil gətirmişdi. O vaxta qədər osmanlılar fil görməmişdi və əsgərlər qaçırdı.
Belə rəvayət var ki, Şah İsmayıl Osmanlı ordusundakı topları qılıncla vurub dağıtmaq istədiyini yazırlar, ona görə ki, toplar o qədər çox adam öldürmüşdü ki, Şah İsmayıl qəzəblənmişdi.

Yavuz Sultan Səlim despot görünə bilər, amma bu, onun dövrünün tələbi idi. Əks halda o, hakimiyyətdə qala bilməzdi. Ona görə də hər dövrün ölkə başçısını öz dövrünün hökmdarı ilə müqayisə etmək lazımdır. Məsələn, indi “Muhteşem yüzyıl” filmində də insanlar Süleymanın öz oğlunu edam etdirməsini vəhşilik kimi qəbul edir. Amma unudurlar ki, həmin hökmdarlar uşaqları ilə bizim kimi mülayim rəftar etmir, başını sığallamırdı. Şahzadələr doğulan kimi başqa şəhərə göndərilir və onlara saray ədəb-ərkanı, qılınc oynatmaq, at minmək öyrədilirdi. Ataları ilə aralarında sevgi hissi yaranmırdı. Qardaşların heç biri bir-birini görmürdü və bilirdilər ki, bir-birilərinin rəqibidirlər. Dövlətin qanunu bu idi ki, güclü olan hakimiyyəti qazanar. Sultan Səlimlə Şah İsmayıl da bir millətdən olan qardaş idi, amma dünya hakimiyyətinə görə savaşırdılar. Şah İsmayıl da öz növbəsində istəyirdi ki, Osmanlı kimi dövlətə hökmdarlıq etsin. Niyə də olmasın? O, 14 yaşında dövlət qurmuş hökmdar olub. Ona görə də Yavuzu da, Şah İsmayılı da günahlandırmaq yanlışdır. Şah İsmayıl öz şeirləri ilə Anadoludakı türklərin ürəyini fəth etmişdi. Ona görə də mən hesab edirəm ki, Çaldıran döyüşündə Osmanlı Şah İsmayıldan qorxur. Onun türk dilindən çəkinirdilər. Çünki Yavuzu hamı başa düşmürdü, amma Şah İsamyılı bütün Anadolu sevirdi.
Onu da qeyd etməliyəm ki, Sultan Səlim Şah İsmayıla qalib gələndən sorna ölkəni dağıtmadı. Çünki burada sadəcə üsyanları yatırıb və gediblər. Hətta Şah İsmayılın ən yaxın dostlarından birinin oğlu Hasan Canı özü ilə apardı və öləndə də Hasan Can onun yanında idi.

- Şah İsmayılın topları qılıncla parçalamaq istəyilə bağlı əhvalat danışdız. Ümumiyyətlə, Çaldıran savaşı ilə bağlı belə rəvayətlər çoxdur. Bunlar necə yaranırdı?

- Şah sarayında təzkirəçilər var idi ki, guya onlar tarix yazmaqla məşğul idi. Əslində isə onlar sultandan pul alır və onun istədiyini yazırdı. Ona görə də onlar tarixçi hesab olunmur. Şah İsmayıl və onun xanımı haqqında rəvayətlər də belə yaranırdı. Məsələn, az qala dünənə qədər deyirdilər ki, Topqapı sarayındakı taxt Şah İsmayılındır. Sonra məlum oldu ki, bu, Nadir Şahın taxtı olub. Bundan başqa Şah İsmayılın həyat yoldaşı Taclı Xatunun da əsir edilməsi yalandır. Belə rəvayət edilir ki, guya Çaldıran döyüşündə Şah İsmayıl həyat yoldaşını qoyub qaçıb və o, osmanlılara əsir düşüb. Bundan sonra isə onu təhqir etmək üçün Cəfər Paşa adlı çox çirkin bir paşa ilə evləndiriblər. Halbuki bu rəvayət həqiqəti əks etdirmir. Taclı xatun savaşda olub, amma onun əsir düşməyi faktı düz deyil.

Sultan Səlimlə Şah İsmayıl arasındakı fərqə gəlincə, isə Xətai 15-ci yüzillikdə türk şeirini ən sadə, açıq və gözəl dillə ifadə edən şair idi. Yavuz isə rəsmi dil istifadə edirdi, onun şeirlərində ərəb-fars ifadələri üstünlük təşkil edirdi. Xətai isə Yunus Emre, Karaca Oğlan kimi türk dilində yazırdı, yəni xalqı təmsil edirdi. Yavuz isə daha çox aristokrat təbəqə üçün yazırdı.



- “Muhteşem yüzyıl” filmindən misal çəkdiniz. Yeri gəlmişkən o filmdə də bir neçə dəfə Səvəfilərlə bağlı səhnələr, səslənən fikirlər Azərbaycanda bir mənalı qarşılanmamışdı.

- Türk tarixçiləri içərisində Şah İsmayıla qarşı çox qərəzli yanaşanlar olub. Hətta bəzi müəlliflərin hekayələrində yazılır ki, Şah İsmayıla göndərilən elçi ilə tərcüməçi vasitəsi ilə danışıblar. Halbuki onların hər ikisi türk olduğuna görə bir-birini başa düşürdü. Hələ də “Muhteşem Yüzyıl” filmində Şah İsmayıl Əcəm hökmdarı kimi təqdim olunur. Bunlar da bilməməzlikdən və keçmiş bir ənənədən irəli gəlir. Firdovsinin “Şahnamə”sində İran-Turan savaşı təsvir olunur. Yəqin ki, fars təsiri buna səbəb olub. O tarixçilər özlərini türk digərlərini isə fars hesab ediblər. Əcəm sözü isə “naşı” mənasını verir. Məsələn, qədimdə romalılar da şəhərdən kənarda yaşayan xaricilərə “barbar” deyirdilər. Bu sözün mənası indi dəyişib və “vəhşi” mənasında işlədilir. Eyni zamanda ərəblər də yadlara, xaricilərə, ərəb olmayan hər kəsə əcəm deyirdilər. Osmanlıdakı tarixçilər də bununla əlaqədar olaraq Şah İsmayılı əcəm hökmdarı kimi təqdim edirdilər.

Bizim tarixçilərin bəziləri qeyd etdiyim təzkirəçilərin yaltaqlıq üçün yazıdıqlarını ciddi qəbul ediblər və düşünüblər ki, bu insan həmin dövrdə yaşayıbsa, düz yazır. Amma həmin adamın bu qeydləri kimin süfrəsində yazmağına diqqət etmək lazımdır. Gerçək Osmanlı tarixçiləri Tufan Gündüz, İlber Altaylı həqiqətə uyğun olmayan faktları aşkara çıxarır. Məsələn, İsgəndər Palanın “Şah və Sultan” romanında Çaldıran döyüşündə Lələ Hüseynlə Sədrəddinin mübahisəsi səhnəsi var. Halbuki tarixdə Lələ Hüseyn Çaldıran döyüşündən çox əvvəl ölüb. Bir sözlə, Türkiyənin əsl tarixçiləri Səfəviləri İran yox, türk dövləti kimi tanıyır.

Türkiyədə Osmanlını ideal cəmiyyət hesab edən, ona heyran olan adamlar var. Elə bilirlər ki, o zaman hər şey gözəl olub. Halbuki həmin dövrdə insanlar adi bir yaradan ölə bilirdilər, çünki tibb indiki qədər inkişaf etməmişdi. Yaxud da Qafqazdan, Ukraynadan və başqa ölkədən qadınları gətirib 300 qadının yaşadığı Hərəmdə saxlayır, dar otaqlarda yaşamağa məcbur edirdilər. Təbii ki, bu qadınların hamısı sultanın cariyəsi deyildi. Onların arasında saray xidmətçiləri, həkimlər, aşbazlar və onların köməkçiləri var idi. O qadınların hamısı sultanın cariyəsi ola da bilməz, çünki buna vaxt da imkan verməzdi. Osmanlı sultanları vaxtının çoxunu sarayda yox, səfərlərdə keçirib.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti