Professorun “oğurluq” işində yeni iz - VİDEO

Professorun “oğurluq” işində yeni iz - VİDEO
  12 İyun 2014    Oxunub:2492
Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun professoru Ağadadaş Qafarov adlı şəxsin işdən çıxarılması ilə nəticələnən plagiat hadisəsi onun elmi məqaləsinin Milli Məclisin vitse spikeri Ziyad Səmədzadənin qəzetində dərcindən sonra ortaya çıxıb.

Ans-nin məlumatına görə, Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun professorunun bu hərəkətini əslində professional oğurluq saymaq olmaz. Çünki, professor Ağadadaş Qafarov bu plagiat işə professional yanaşsaydı, nə şiş yanardı, nə kabab. Yəni, nə onun elmi məqaləsinin Moskva nəşrlərindən köçürüldüyü bəlli olardı, nə də ki, professor işlədiyi institutdan xaric edilərdi.

Deməli, məsələ belə olub. Ağadadaş Qafarov və institutun aparıcı elmi işçisi dosent İlkin Soltanlı rus dilində “Texnoloqiçeskoe razvitiye i marketinq” (Texnoloji inkişaf və marketinq) adlı məqalə hazırlayaraq redaktoru Ziyad Səmədzadənin olduğu “İqtisadiyyat” qəzetində dərc etdiriblər. İqtisadiyyat İnstitutunda aparılan müzakirələrin gedişində Ağadadaş Qafarovun və İlkin Soltanlının həmmüəllifi olduğu məqalənin plagiat olduğu, hələ 2008-ci ildə Rusiyada dərc olunmuş bir kitabdan köçürüldüyü üzə çıxıb.

Elmi işlər üzrə direktor müavini Allahyar Muradovun sözlərinə görə, faktla bağlı araşdırma apardıq: “Məlum oldu ki, məqalə Rusiyada dərc olunmuş bir kitabdan 100-də 100-ü köçürülüb. Plagiat olan bu məqalə qəzetə təqdim edilib, qəzet də öz növbəsində məqaləni dərc edib”.

İnstitutdan qovulan professor Ağadadaş Qafarov mətbuata açıqlamasında ona tələ qurduqlarını deyib. Professor bildirib ki, məqalənin plagiat olduğunu müəyyən edən proqramlar olduğu halda, niyə bundan istifadə edilməyib? Və nə üçün qəzet də plagiat məqalənin dərcinə imkan yaradıb? Professor məqaləni əslində dosent İlkin Soltanlının yazdığını deyib. İlkin Soltanlı isə halal adam olduğunu deyir və eyni zamanda bildirir ki, bu məsələnin şişirdilməsi yersizdir.

Yeri gəlmişkən, məqalənin dərc edildiyi “İqtisadiyyat” qəzetinin redaktoru millət vəkili Ziyad Səmədzadədir. O da deyib ki, qəzetdə çalışan əməkdaşların məqaləni araşdırmaq imkanları yoxdur və mətbuat haqqında qanuna görə, yazıya cavabdehliyi müəllif daşıyır. Hə, əsas məsələ də elə budur ki, burda müəlilf bir deyil, ikidir. Və onların da hər ikisi bu məsələdə yaxasını kənara çəkir. Hər halda, institutdan qovulan Ağadadaş Qafarov məsələylə bağlı ən yüksək instansiyalara müraciət edəcəyini bildirib.

Yeri gəlmişkən, Ağdadaş Qafarov bundan əvvəl çalışdığı Azərbaycan İqtisad Universitetindən də xaric edildikdən sonra qalmaqallı çıxışlarla mətbuatın gündəmində olub. Plagiata görə vəzifədən qovulmaq isə Azərbaycanda səhv etmirəsmə ilk hadisədir. Amma plagiatla məşğul olmaq, yəni kiminsə, intelektual mülkiyyətini, beyninin məhsulunu özününküləşdirmək bu gün təkcə elm sahəsində deyil, jurnalistikada da, hər sahədə var.





Teqlər:





Xəbər lenti