Sərhəddə atışma: “narkobaron” tutuldu

Sərhəddə atışma: “narkobaron” tutuldu
  09 İyun 2014    Oxunub:1049
2014-cü ilin 4 iyun tarixində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin tarixdə Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazisində mövqe tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycan Respublikasına keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə cəhd etmiş İran vətəndaşı, Parsabad şəhər sakini, 1983-cü il təvəllüdlü Hüseyni Hüseyn Mircəlil oğlu saxlanılıb.

Sərhəd pozucusunun üzərindən “Maqnum-200” markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı aşkar olunub.

Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və ya satma) və 318.2 (dövlət sərhədinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.

İİR vətəndaşı H.M.Hüseyni təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti