Türkiyənin daxili işlər naziri ASAN-da olub

Türkiyənin daxili işlər naziri ASAN-da olub
  30 May 2014    Oxunub:943
27 may 2014-cü il tarixində Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qonağın diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 1 770 000-dən çox vətəndaşa xidmət göstərilib.

Qonaq Azərbaycan və Türkiyə arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini bildirib. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti