Məşhur türkiyəli müğənni Bakıda möhtəşəm konsert verdi

Məşhur türkiyəli müğənni Bakıda möhtəşəm konsert verdi
  28 May 2023    Oxunub:3898
Türk pop musiqisinin məşhur ifaçısı olan Rafet El Roman dünən Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi.
AzVision.az xəbər verir ki, Türkiyə ilə yanaşı Azərbaycanda da sevilən və xeyli sayda pərəstişkarı olan müğənni Heydər Əliyev Sarayında öz repertuarından məşhur və yeni mahnıları ilə pərəstişkarlarının qarşısına çıxdı. Tanınmış müğənninin canlı ifaları, səhnədəki perfomansı, işıq, səs effektləri və orkestrin peşəkar müşayiəti ilə yanaşı ümumilikdə konsertin təşkilatçılığının yüksək səviyyədə olması da saraya gələnlərə əsl musiqi bayramı yaşatdı. Rafetin pərəstişkarları konsert boyu gözəl atmosfer yaradırdılar. Tamaşaçılar demək olar ki, bütün mahnıları müğənni ilə birgə ifa etdilər.

Rafet El Romanın milli musiqimizə müraciət etməsi isə konsertdə diqqət çəkən məqamlardan oldu.

Məşhur türkiyəli müğənninin Bakı konsertinə sayılı günlər qaldı
Sevilən müğənni Azərbaycan klassik estradasının şedevr əsərlərindən olan və ilk dəfə Rəşid Behbudovun oxuduğu “ Sənə də qalmaz ” və ya “ Yalqızam, yalqız! ” mahnısını ifa etdi. Onun Rəşid Behbudovun repertuarından mahnı oxuması saraya toplaşan izləyicilər tərəfindən alqışlarla qarşılandı. Bundan başqa, musiqi gecəsində 1940 - cı illərdə dillər əzbərinə çevrilərək dünyada məşhurlaşan və hazırda da tanınmış müğənnilərin tez-tez ifa etdikləri “ Bella Çao” (Əlvida Gözəl) səsləndi ki, bu da coşqu ilə qarşılandı. Müğənni pərəstişkarlarının coşqusuna cavab olaraq cütlükləri səhnəyə rəqs etməyə çağırdı. Bundan başqa sənətçinin 2 qızı səhnəyə oxumağa dəvət etməsi də maraqlı məqam kimi yadda qaldı. O üzünü tamaşaçılara tutaraq dedi ki, “kimin yaxşı səsi varsa səhnəyə çıxaraq onunla bərabər oxuya bilər”.

Bir sözlə, konsertin qüsursuz təşkilatçılığından tutmuş türkiyəli müğənninin möhtəşəm perfomansına qədər hər şey əla idi, Rafet sevənlər Bakıda musiqi dolu saatlar yaşadılar.

Qeyd edək ki, konsert "EMKİ events"-in təşkilatçılığı ilə baş tutub.


Aygün Xankişiyeva
AzVision.az




Teqlər:   Konsert   Rafet-El-Roman  





Xəbər lenti