“İffət və Hicab” qanun layihəsinin müddəaları məlum oldu

   “İffət və Hicab” qanun layihəsinin müddəaları məlum oldu
  25 May 2023    Oxunub:737
İran mətbuatı İbrahim Rəisi hökumətinin mayın 21-də İslam şurasına göndərdiyi "İffət və Hicab" qanun layihəsinin tam mətnini dərc edib. Sənədə əsasən məcburi hicaba əməl edilməməsi “çılpaqlıq” sayılır.
AzVision.az İran mediasına istinadən bildirir ki, qanun layihəsində “qismən çılpaqlığa” görə yeddinci dərəcə, “tam çılpaqlığa” görə isə altıncı dərəcəli maksimum pul cəzası və sosial hüquqlardan məhrumetmə cəzası nəzərdə tutulub.

2013-cü ildə təsdiq edilmiş İslam Cəza qanununa əsasən, yeddinci dərəcənin maksimum pul cəzası iki milyon tümən, altıncı dərəcənin maksimum pul cəzası isə 24 milyon tüməndir.
“İffət və Hicab” qanun layihəsində iki cərimədən sonra sürücü və ya avtomobildə olan sərnişinlər tərəfindən məcburi hicaba yenidən əməl edilmədikdə, üçüncü dəfədən nəqliyyat vasitəsinə həbs qoyulacaq və hər gün üçün bir milyon tümən cərimə yazılacaq.

Məcburi hicab tələbi pozulduqda, mağazalar, restoranlar, kinoteatrlar və idman, əyləncə və incəsənət obyektləri kimi müəssisə və ictimai yerlərin sahibləri və idarəçiləri üçün cərimələrdən əlavə, vergidən azad olunmalar ləğv ediləcək. Həmçinin həmin obyektlər möhürlənməyə və dövlət tariflərindən məhrumiyyətlərə məhkum ediləcəklər.

İctimai-siyasi, mədəni, incəsənət və ya idman şöhrəti və ictimai nüfuzu olan şəxslər hicab qanununa zidd hərəkət etdikdə, yuxarıda qgöstərilən pul cəzaları ilə yanaşı, üç aydan bir ilədək kiberməkanda peşəkar fəaliyyətdən məhrum olunacaqlar. Eyni hal təkrarən baş verdikdə isə, həmin şəxsləri altı aydan üç ilə qədər həbsi nəzərdə tutan altıncı dərəcəli cəza gözləyir. Həbs, şallaq və 8-18 milyon tümən civarında beşinci dərəcəli pul cəriməsi də bu şəxslərə şamil ediləcək cəzalar arasındadır.

Qanunu pozanlara dəstək göstərməyə çaılşanlara isə çox sərt xəbərdarlıq edilir.

“Heç kimin hicaba riayət etməyən qadınlara qarşı “yaxşılığı əmr etmək” və ya “pislikdən çəkindirmək” adı altında təhqir etmək, böhtan atmaq, hədələmək və ya şəxsi həyatının toxunulmazlığını pozmaq kimi cinayət əməlləri törətməyə haqqı yoxdur. Bunları edən şəxs qanunla müəyyənləşdirilən cəzaya məhkum olunacaq”, - qanunun səkkizinci maddəsində vurğulanır.

Belə qanunların qəbulu İrandakı teokratik rejimin insan haqları müstəvisində nəinki köklü, ümumiyyətlə islahatlar aparmaq fikrindən uzaq olduğundan, yalnız və yalnız öz hakimiyyətinin ömrünü uzatmağa çaılşdığından xəbər verir.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az



Teqlər: İran   hicab  





Xəbər lenti