Böyük işlər və “Z” məntiqi – Vüsal Məmmədovun yazısı

   Böyük işlər və “Z” məntiqi –    Vüsal Məmmədovun yazısı
  15 May 2023    Oxunub:7783
ABŞ-da keçirilən seçkilərdə Buş da, Tramp da rəqiblərindən az səs topladıqları halda, qalib gəlmişdilər. Çünki orada demokratiyadır. Türkiyədə keçirilən seçkidə Ərdoğan rəqibindən çox səs topladığı halda, qalib elan olunmur. Çünki “avtoritar”dır.
Qəribə paradoksdur.
Mən bu paradoksu texniki və hüququ cəhətlərdən əlbəttə, izah edə bilərəm, amma məntiqi cəhətdən izah etmək qeyri-mümkündür. O necə “demokratiya”dır və bu necə “avtoritarizm”dir belə?

“Ərdoğan getməlidir” deyirlər. Niyə? İnsanlar ondan yorulubmuşlar. Yeni sima görmək istəyirmişlər. “X” və “Z” nəsilləri drayv görmək istəyirlər, başa düşürsünümzü? Beziblər zavallılar. Yorulublar artıq, nə etsinlər?! “A”, “B”, “K”, “L”, “M” nəsillərinə elə gəlir ki, ölkədə demokratiyanın topuğuna daş, dalına təpik dəyib. Əkşn lazımdır, əkşn!

Drayv, əkşn, yeni sima görmək istəyi – bu, həmin o “Z” nəslinin başqa zümrələrə də sirayət etmiş məntiqidir. Əsas odur ki, indi və bu dəqiqə nəsə dəyişsin, maraqlı olsun. Sonrası önəmli deyil. Makronu seçək, maraqlı olsun, sonra sarı gödəkçələri geyinib, çxıb zibil yeşiklərini yandırarıq, daha maraqlı olar. Trampı seçək, maraqlı olsun, sonra buynuzumuzu taxıb, gedib Konqresin binasına girərik. Əsas odur, maraqlı olsun. Demokratiya – maraqlıdır, avtoritarizm - cansıxıcı.

• Türkiyənin aviadaşıyıcı gəmisi, dünyanı mat və heyran qoyan dronları, beşinci nəsil təyyarəsi, tankı, vertolyotu – bunlar maraqlı deyil.
• Bölgədə həlledici gücə çevrilmək, terrorçuları ölkənin sərhədlərindən kənarda – öz yuvalarında əzmək!..
Hmmm, yox. Həyəcanlandırmır.
• Türk elektromobilini yaratmaq?
Eeee... xeyr! O deyil!
• Qaz yataqları kəşf etmək, ölkəni enerji habına çevirmək?!
Ufffff... yox! Bezdik lap...

- Yaxşı, bəs nə?!
- Yeni sima lazımdır, abi, yeni sima! Demokratiya bunu tələb edir. Ərdoğan qaldıqca avtoritar olub, abi, getməsi lazımdır, abi, çox qaldı, çox... “Sevgi yoxdur, inanmıram, yalandır, abi...”

“Çox”mu qaldı?! “Çox” nə deməkdir?
Liderin gördüyü işlər həqiqətən vaxt tələb edirsə, o, nəhəng ideyalarını, layihələrini yarımçıq halda kənara atıb, “yeni sima” görmək istəyənlərin şıltaqlığına sığal çəkmək üçün meydandan çıxmalıdırmı?
Ölkənin böyük gələcəyini demokratiyadan əkşn gözləyənlərin marağına fəda etməlidirmi?

Vaxt nəyə əsasən hesablanmalıdır – sadəcə təqvimə, yoxsa görülən işlərin miqyasına görə?
• Bir ölkəni hərbi sənayesini dünyada aparıcı mövqelərə çıxarmaq üçün neçə il lazımdır?
• Bir ölkəni regionda həlledici gücə çevirmək üçün nə qədər vaxt tələb olunur?
• Türk dünyasını birləşdirmək, bu birliyi getdikcə sıxlaşdırmaq, gələcəkdə konfederasiyaya çevirmək üçün nə qədər müddət gərəkdir?

Bir tərəfdə söhbət türk dünyasını bütövləşdirib, planetdəki proseslərə təsir göstərə bilən gücə çeviriməkdən gedir, o tərəfdə isə “Z” nəsli deyir ki, “mən sıxılıram, drayv istəyirəm!”

Drayv istəyirsən, bala? “Playstation 5” çıxıb. Əladır. Get, oyna. İmkan ver, əmilər böyük işlərini görsünlər!


Vüsal Məmmədov

AzVision.az saytnın baş redaktoru


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti