`Heydər Əliyev Vyetnam xalqının yaxın dostudur - Vyetnam prezidenti

`Heydər Əliyev Vyetnam xalqının yaxın dostudur - Vyetnam prezidenti
  20 May 2014    Oxunub:896
`Azərbaycan və Vyetnam arasında bir sıra sahələrində əməkdaşlığın inkişafı üçün çox gözəl imkanlar var`. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnama səfəri çərçivəsində mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı çıxışında qeyd edib: "Hörmətli cənab Prezident. İlk növbədə mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Əminəm ki, mənim səfərim iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəkdir. Fürsətdən istifadə edərək Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm".

İlham Əliyev bildirib ki, Vyetnam-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə ediblər: "Biz bu münasibətlərə xüsusi əhəmiyyət veririk. Keçən il Vyetnamda Azərbaycan səfirliyi açılıb. Bu, ikitərəfli münasibətlərimizin inkişafında öz müsbət rolunu oynayır. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu gün söhbət əsnasında qərara gəldik ki, bundan sonra da üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Mən cənab Prezidentə regionda baş verən hadisələr haqqında məlumat verdim. Xüsusilə regional təhlükəsizlik üçün ən böyük təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında mövqeyimi bildirdim".

Prezident vurğulayıb ki, iyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı və ətraf 7 bölgəni işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair bəyanat var: "Buna baxmayaraq, Ermənistan buna məhəl qoymur və torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu münaqişə bölgə üçün ən böyük təhlükədir və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Dövlət başçısı deyib ki, bu gün ikitərəfli iqtisadi əlaqələrimizə böyük diqqət göstərildi, vaxt ayrıldı. Ticarət dövriyyəsi iki ölkə arasında 400 milyon dollara çatmışdır. Bu gün biznes forum keçiriləcək. Azərbaycandan 50-dən çox şirkət rəhbəri bu biznes forumda iştirak edəcək: "Əminəm ki, forum zamanı kontraktlar da müzakirə ediləcək və beləliklə, forumun nəticəsi ikitərəfli ticarət dövriyyəsinin artırılmasında özünü göstərəcək. Əlbəttə ki, bu gün neft-qaz sektorunda mümkün olan əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan nefti Vyetnama ixrac edilir. Biz bu ixracın artırılması ilə bağlı əlavə tədbirlər görəcəyik. Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyuluşu ilə bağlı fikir mübadiləsi aparılmışdır. Əminəm ki, yaxşı nəticələr olacaq".

İlham Əliyev qeyd edib ki, humanitar sahədə əməkdaşlığımızı dərinləşdirmək üçün çox gözəl perspektivlər var. Xüsusilə təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın inkişafı üçün çox gözəl imkanlar vardır: "Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir, müxtəlif sahələri əhatə edir. Şübhə etmirəm ki, səfərin nəticələri çox müsbət olacaq və bizim dostluğumuz və əməkdaşlığımız uğurla inkişaf edəcəkdir. Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm".

Vyetnam Prezidenti Truonq Tan Sanq bildirib: "Çox sağ olun, cənab Prezident. Hörmətli dostlar, sizə bildirmək istəyirəm ki, cənab Prezident İlham Əliyevin məni Azərbaycana rəsmi səfərə dəvət təklifini qəbul etdim. Düşünürəm ki, bu səfər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, dostluğumuzun genişləndirilməsinə təkan verəcək.

Əziz dostlar, mən Vyetnama dövlət səfərinə gələn Azərbaycan Prezidentini bir daha salamlamaq istəyirəm. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bildirmək istəyirəm ki, cənab İlham Əliyev 1993-2003-cü illərdə Azərbaycan Prezidenti və keçmiş Sovet İttifaqının rəhbərlərindən biri, bizim Vyetnamın yaxın dostu Heydər Əliyevin oğludur. Bu sözləri deməklə bir daha təsdiqləmək istəyirəm ki, cənab İlham Əliyev də Vyetnamın yaxın dostudur".


Teqlər:





Xəbər lenti