Hansı mətbuat katibi yaxşı işləyir, hansı pis? -SORĞU

Hansı mətbuat katibi yaxşı işləyir, hansı pis? -SORĞU
  17 May 2014    Oxunub:13278
Jurnalist üçün xəbər hər şeydən önəmlidir. Ölkədə və dünyada baş verən hadisələri, önəmli xəbərləri operativ şəkildə oxuculara çatdırmaq borcumuz olsa da hərdən informasiya əldə edərkən çətinliklərlə üzləşirik. Jurnalistlər du problemi daha çox dövlət qurumlarının mətbuat xidmətləri ilə yaşayırlar. Belə ki, bəzi mətbuat xidmətlərinin rəhbərləri jurnalistlərin zənglərinə cavab vermir, telefon qaldırsa belə jurnalisti acılayaraq müsahibədən qaçır, bəziləri bizimlə dostluq etməyə can atır, bəziləri isə varlıqlarını da hiss etdirmirlər. Onların adlarını eşidəndə təəccüblənirik.

AzVision.az saytı jurnalistlər arasında sorğu keçirərək hansı qurumun mətbuat xidmətinin işindən razı və narazı olduqlarını öyrənməyə çalışıb.

“Namiq Həsənov ya tez-tez xəstələnir, ya da rayonlara gedir”.



Publika.az saytının müxbiri Gülxar Şərif hesab edir ki, mətbuat katibləri sosial şəbəkədə aktiv olsalar daha yaxşı olar:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin mətbuat katibləri ən yaxşısıdır .

Təhsil Nazirliyinin mətbuat rəhbərliyi də dəyişdikdən sonra yaxşılığa doğru dəyişib. Ümumiyyətlə, qeyd edim ki, yeni təyin olunmuş mətbuat xidmətləri əvvəlkilərdən daha yaxşı işləyir. Məsələn, “Bakı Metropoliteni” , Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti indi daha operativ işləyir. Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əvvəl problemlər olurdu, son vaxtlar aradan qaldırmışıq. Anar Qədirli, telefona cavab verməsə belə, mesaj yazır. Bu əladır. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq müəllim ya tez-tez xəstələnir, ya da rayonlara gedir. Ona görə, işdə tapmaq çətindir. Mobil telefona isə mesaj yazandan sonra cavab verir. “Azərsu” ASC-nin mətbuat xidməti yaxşı işləyir. Narazılığım, Təhsil Nazirliyinin keçmiş mətbuat xidmətindən idi, amma yenisi gələndən sonra münasibətlər düzəlib. Bir də, TQDK-nın mətbuat xidməti yaxşı işləyir. Ən çox da facebookda informasiyaları tez-tez verirlər. Təklif edərdim ki, mətbuat xidmətləri artıq maillə işləməkdənsə, sosial şəbəkədə aktiv olsunlar. Bakı şəhər təhsil idarəsinin yeni mətbuat xidməti isə Zəminə Əliqızının yerini doldura bilmədi. Zəminə xanım daha operativ və jurnalistlərlə işləməyə meylli idi. Arzu xanım bir az həvəssiz görünür. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri də cavab vermək istəməyənlər siyahısında idi. Telefon nömrəsi verdiyi şöbələr isə cavab vermirdi”.

“Azər Sarıyev ən yaxşılarından idi”



Femida.az xəbər portalının baş redaktoru Pərvin Abbasov da Nəqliyyat Nazirliyinin mətbuat katibindən narazıdır:

“Fikrimcə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibləri ən yaxşılardandır. Respublika Prokurorluğu, DİN, MTN, Müdafiə Nazirliyinin mətbuat katibləri də jurnalistlərin suallarına çox vaxt cavab verir. Heyf ki, bu sözləri bəzi nazirliklərin, məsələn Nəqliyyat Nazirliyinin mətbuat katibi haqqında demək olmur. Bir şeyi əlavə etmək istəyirəm ki, MSK-da çalışanda Azər Sarıyev də ən yaxşı mətbuat katiblərindən olub. MSK-nın hazırkı mətbuat katibinin necə işləməyindən isə xəbərim yoxdur”.

“Ümid edirəm ki, FHN-in mətbuat katibi işləyəcək”



Tanınmış jurnalist İmdad Əlizadə deyir ki, bütün mətbuat xidmətlərinin işində dəyişikliyə ehtiyac var:

“Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı, Nəqliyyat Nazirliyi mətbuat xidmətlərinin fəaliyyəti bərbad gündədir. Başqalarını bilmirəm, amma mən heç vaxt bu qurumların mətbuat xidmətlərindən sorğuma cavab ala bilməmişəm. Dəfələrlə cəhd etsəm də heç bir nəticəsi olmayıb. Fövqəladə Hallar Nazirliyinə yeni mətbuat katibi təyin olunub. Ümid edək ki, bu nazirliyin mətbuat xidmətinin fəaliyyətində də dəyişiklik olacaq. Jurnalistlərlə işləməyə başlayacaqlar.

Eyni zamanda, Dövlət Neft Şirkətinin mətbuat xidmətindən də məlumat almaq olmur. Yenə öz iş təcrübəmdən çıxış edərək Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Neft Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Xarici İşlər Nazirliyinin, “Azərsu”nun mətbuat xidmətlərinin fəaliyyətini müsbət qiymətləndirirəm.

Mənim nə zaman sualım olub, adlarını çəkdiyim qurumların mətbuat xidmətlərindən cavab ala bilmişəm.

Ümumilikdə hesab edirəm ki, mətbuat xidmətlərinin işində ciddi dəyişikliklərə ehtiyac var, onlar jurnalistlərə daha yaxın olmalı, məlumatları daha tez-tez yaymalı, internet medianın tələblərinə uyğun olaraq daha operativ işləməlidirlər”.

“Hətta məlumat verməməyi özünə borc hesab edirdi”



APA İnformasiya Agentliyinin baş direktor müavini Cavid İsmayıl qeyd edir ki, son illər dövlət qurumlarının mətbuata münasibətində əhəmiyyətli dəyişiklik nəzərə çarpır:

“Heç şübhəsiz ki, bu təqdir olunası faktdır. Bu baxımdan dövlət qurumları ilə medianı əlaqələndirən mətbuat katiblərinin düzgün seçilməsi vacib prosesdir. Sevindirici haldır ki, artıq Azərbaycanda öz yerində olan mətbuat katibləri var. Halbuki yaxın keçmişə qədər dövlət qurumları nəinki mətbuata məlumat vermirdilər, hətta məlumat verməməyi özlərinin vəzifə borcu hesab edirdilər. Məhz yerində olan mətbuat katibləri sayəsində bu stereotip dağıldı. Onlar öz fəaliyyətləri ilə sübut etdilər ki, mediadan çəkinmək yox, məhz əməkdaşlıq etmək lazımdır. Bu mənada Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Müşfiq Əmirovun, İqtisadi İnkişaf Nazirliyində Abbas Əliyevin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Elman Babayevin, Bakı Dövlət Universitetində Pərvanə İbrahimovanın, Dillər Universitetində Zeynəb Kazımovanın fəaliyyətlərini qənaətbəxş hesab edirəm”.

“Arif Babayevə daha zəng eləmirəm”



Teleqraf.com-un müxbiri Ruslan Xəlil Namiq Həsənovun fəaliyyətindən narazıdır:

“Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti yaxşı işləyir. Amma Səhiyyə Nazirliyinin mətbuat xidməti yox. Cümlələri hətta özün abıra salırsan. Arada MTN-in mətbuat xidmətinə zəng vururdum, Arif Babayev şablon cavab verir deyə, daha zəng eləmirəm”.

“Elnur Nağızadədən çox razıyam”



Jurnalist Sevinc İltifatqızı yeni təyin olunan mətbuat katiblərinin işindən razı olduğunu deyir:

“Yeni mətbuat katiblərinin fəaliyyətindən razıyam. Məsələn, “Bakı Metropoliteni”nin yeni mətbuat katibi Nəsimi Paşayev, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti Əmrah Fəqanoğlu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev, Milli Məclisin mətbuat xidməti Akif Təvəkküloğlu, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli, Təhsil Nazirliyindən həm Cəsarət Valehov, həm Billurə xanım çox yaxşı işləyirlər.

Amma narazı olduqlarım çoxdur. Nəqliyyat Nazirliyini mətbuat xidməti Namiq Həsənov nə vaxt zəng edirsən, deyir xəstəxanadayam. Eləcə də Xarici İşlər Nazirliyi, Ombudsman aparatı, Ailə, Qadın və Uşaqlarla iş üzrə Dövlət Komitəsindən məlumat almaq çox çətindir. Müdafiə Nazirliyinin yeni mətbuat katibinə dəfələrlə zəng edirsən, nə sualına cavab verən olur, nə də zəngə cavab verən.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti Elnur Nağızadənin adını isə xüsusilə qeyd etmək istəyirəm. Çox yaxşı işləyir, məlumatları operativ ötürür və hər zaman zənglərə cavab verir. Rabitə və Yüksək Texnologiyalar nazirinin mətbuat xidməti Müşfiq müəllim, ən yaxşılardan biridir. Nə zaman lazım olsa, istənilən informasiyası verir.

Ümumiyyətlə isə, yeni təyin olunan mətbuat xidmətlərinin işindən razıyam. Yaxşı cavab verir və sualları cavablandırırlar. FHN-ə də yeni mətbuat katibi təyin edildi. Oqtay Bayramov ümid edirik ki, ümidimizi yarıda qoymayacaq”.

“Mətbuat katibləri özləri məni axtarıb tapır”



Milli.az-ın baş redaktoru müavini Anar Məmmədov söyləyir ki, işini mətbuat xidmətlərinin üzərində qurmadığını söyləyir:

“Çünki dövlət qurumlarının mətbuat xidmətləri jurnalisti məlumatlandırmaq yox, məlumatsızlaşdırmaq vəzifəsini icra edir və bunun uğurla həyata keçirirlər. Məqsəd jurnalisti hansısa xəbərdən yayındırmaqdır. Ona görə də, hər hansı məlumatı daha etibarlı mənbələrlə dəqiqləşdirib yazıram və mətbuat xidmətləri özləri mütləq məni axtarıb tapır. Xəbərin təsdiqi, gücü, dəqiqliyi mətbuat xidmətində deyil".

“Xəbər alanda elə bilirəm ki, böyük bir dağı aşmışam”.



Mövqe.az-ın redaktoru Zülfiyyə Quliyeva hesab edir ki, jurnalistlərin işi həmişə qurumların mətbuat xidmətlərinə düşür.

“Biz jurnalistlər demək olar ki, öz qohum əqrabalarımızdan çox dövlət qurumlarının mətbuat xidmətləri ilə zəngləşirik. Çünki, istənilən xəbəri dəqiqləşdirmək, hər hansı informasiyanı almaq üçün bizə ancaq dövlət qurumlarının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri yardımçı olur. Əslində mətbuat xidməti vəzifəsinə təyin olunan bir şəxs işinin mətbuatla işləməkdən ibarət olduğunu dərk etməlidir. Çox təəəsüf ki, əksər mətbuat xidməti rəhbərləri vəzifələrinin öhdəsindən layiqincə gəlsələr də, bəziləri hələ də bu kürsüdə niyə oturduqlarını ya anlamırlar, yaxudda anlamaq istəmirlər. Amma anlayanlar, yəni mətbuatla sözün əsl mənasında işləyən mətbuat xidməti rəhbərləri var. Bunlara misal kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti rəhbəri Müşfiq Əmirovu, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlini, "Azərsu" ASC -nin mətbuat katibi Anar Cəbrayıllını, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovu, Standartlaşdırma, Metreologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti rəhbəri Fazil Talıblını, İqtisadiyyat və Sənaye nazirliyinin mətbuat xidməti rəhbəri Abbas Əliyevi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti rəhbəri Elman Babayevi, Dövlət Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Əmrah Fəqanoğlunu, Daxili İşlər nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovu və Orxan Mansurzadəni, Vergilər Nazirliyinin mətbuat katibi Mehdi Mirsəlimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidməti Nurəddin Heydərovun mətbuatla işindən razıyam.

Amma Nazirlər Kabineti Akif Əlinin, Fövqəladə Hallar Nazirliyinin, Sənaye və Energetika Nazirliyi Azər Mənsimlinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Çingiz Hüseynovdan, Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmət rəhbərləri ilə danışmaq, onlardan hansısa xəbəri almaq şansına nail olanda elə hesab edirəm ki, böyük bir dağı aşmışam. Əslində bu qurumların mətbuatdan qaçmasının səbəbi onların öz yerlərində olmaması ilə bağlıdır. Maliyyə Nazirliyi Mais Piriyevə ünvanladığım sualın üstündən il keçsə də, hələ cavab gəlməyib. Bu mətbuat xidməti rəhbərlərinin yarıtmaz işi ucbatından vaxtında lazımi xəbəri ala bilmirik”.

Mediaforum.az saytının müxbiri Sevinc Kərimova mətbuat katiblərini 2 qismə ayırır:



“İşi qane edənlər - Rabitə və Yüksək texnologiyalar nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə, Təhsil nazirliyinin sözcüsü Cəsarət Valehov, Vergilər nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri anar Qədirlidir.

İşi qane etməyənlər isə MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayev və Nazirlər kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlidir”.

Simsar.az saytının müxbiri Aysel Kərimovanın sözlərinə görə, “Cəsarət Valehov, Elnur Nağızadə, Anar Qədirli, Elgün Səfərov, Səid Hüseynov, İradə İbrahimova -bu mətbuat katibləri ilə işləmnək rahatdır. Çünki mətbuata açıqdırlar”.

“Hərbi prokurorluğun mətbuat xidməti yox səviyyəsindədir”



`Üç nöqtə` qəzetinin redaktoru Elməddin Muradlı isə belə deyir:

“Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov jurnalistlərlə səmərəli işləyir və işini düzgün qura bilib.

Amma Hərbi prokurorluğun mətbuat xidməti yox səviyyəsindədir. Eləcə də, Ədliyyə Nazirliyinin mətbuat xidməti ancaq pres-reliz göndərməklə məşğuldur”.

“Namiq Həsənovun yolu xəstəxanadan tez-tez keçir”



`Bakı Xəbər` qəzetinin müxbiri Günel Cəlilovanın yaralı yerinə toxunduq:

“Çox yaralı yerimizdir. Əksər qurumların mətbuat xidmətlərinin nömrəsi olsa da, telefonu götürmürlər. Ya işdə olmurlar, ya da xəstəxanada olurlar. Əksər mətbuat xidmətlərindən bu ifadəni çox eşitmişəm. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun yolu son zamanlar xəstəxanadan daha tez-tez keçir. Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük komitəsinin mətbuat xidmətləri mətbuata qapalıdır. Mətbuatın dostları sırasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblını, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlini, Mədəniyyət və Turizm Nazirliyi, DİN və Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərlərini misal göstərmək olar”.

`Səs` informasiya agentliyinin müxbiri Nərmin Nəsirli mətbut katiblərinin işindən razıdır:

“TQDK, Təhsil nazirliyi və onun bütün strukturları, ƏƏSMN, DSMF, İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, AZPROMO, Energetika Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliynin mətbuat xidmətlərinin işindən razıyam”.

“Anar Qədirlinin vəzifəsinin adı dəyişdirilsin”



Jurnalist Əli Zülfüqaroğlu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlidən narazıdır:

“Bunun vəzifəsinin adı dəyişdirilməlidir. Mətbuatın tapa bilmədiyi adamın vəzifəsinin adının `mətbuat xidməti rəhbəri` olması absurddur. `Ata Holdinq`in mətbuat xidmətinin rəhbərindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti rəhbəri İradə İbrahimovanın fəalliyyətindən razıyam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevin fəaliyyətini isə yüksək qiymətləndirirəm”.

Jurnalist Elgün Mənsimov həm razıdır, həm narazıdır:



“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Nürəddin Heydərov , Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat xidməti Elman Babayev, Vergilər Nazirliyinin mətbuat xidməti rəhbəri Mehdi Mirsəlimov və Kənd təsərrüfatı nazirliyinin mətbuat xidməti rəhbəri Murtuzəli Hacıyevdən çox razıyam.

Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi, Azəryolservis, Səhiyyə Nazirliyi və Xarici İşlər Nazirliyi mətbuat xidmətlərinin işindən razı deyiləm”.

“Nazirə mətbuat katibindən daha asan çıxa bilirəm”



Siyasət müxbiri Vasif Həsənli Namiq Həsənovun fəaliyyətini bəyənmir:

“Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Fövqaladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyinin mətbuat xidmətlərindən razıyam. Ən pis işləyən nazirlik isə Nəqliyyat Nazirliyinin mətbuat xidmətidir. Mən, ümumiyyətlə bu nazirliklə əlaqə saxlayanda nazirə mətbuat xidmətindən daha asan çıxa bilirəm”.

“Mətbuat katibləri rəhbərliklə jurnalistlər arasında qalır”



“Virtualaz.org” saytının müxbiri İlkin Muradov “Yazılı müraciət edin cavab verərik” deyən mətbuat katiblərinin işini doğru hesab etmir:
“Ən yaxşı işləyən “Azəriqaz” İctimai Birliyin mətbuat xidmətidir. Düzdür, “Azəriqaz” haqda yaxşı xəbərlər eşitməsək də heç olmasa mətbuat xidməti sorğuya vaxtında cavab verir. Ümumiyyətlə, mətbuat xidmətləri rəhbərlikdəki şəxslərin nöqsanlarını ört-basdır edən bölmədir. Rəhbərliklə jurnalistlər arasında qalan həmişə mətbuat xidmətinin əməkdaşları olur. DİN və Müdafiə Nazirliyinin mətbuat xidmətlərinin fəaliyyətini qənaətbəxş saymaq olar”.

“Mətbuat katibləri, deyilənləri təkrar edən kukladırlar”



Jurnalist Aygün Asimqızı qeyd edir ki, mövzu qəlizləşəndə mətbuat katibləri susur:

“Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla neçə vaxtdır danışmaq istəsəm də, heç vaxt alınmır. Telefona cavab vermir. İş telefonuna zəng vuranda isə “bir azdan zəng edin”,- deyirlər. Bir azdan zəng vuranda isə yenə cavab verən olmur. Digər qurumlara gəlincə isə, mətbuat katiblərinin çoxu formal xarakter daşıyır. Deyilənləri təkrar edən kukladırlar sanki. Mövzu qəlizləşən kimi cavab verə bilmirlər

“Qafqazinfo”nun müxbiri Günel Türksoy isə suallarına cavab ala bilir:

“”Azərsu” , DİN, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Bakı Metropoliteni, TQDK, “Azəriqaz”, “Azerenerji”-nin mətbuat xidmətləri yaxşıdır. Bu qurumlarla vaxtaşırı olaraq əlaqə saxlayıram və sualıma cavab ala bilirəm”.

Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti