Ekspertdən Təhsil Nazirliyinə TƏKLİF: “Sual bankı yaradın”

Ekspertdən Təhsil Nazirliyinə TƏKLİF: “Sual bankı yaradın”
  13 May 2014    Oxunub:1132
Bakı Şəhəri üzrə Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsini aparacaq.

AzVision.az bununla bağlı təhsil üzrə ekspert Məlahət Mürşidlinin fikirlərini öyrənib.

Sınaq Qiymətləndirmə ilə tanış olduğunu bildirən ekspert nazirliyin bu layihəsini müsbət addım adlandırıb:

“2007-ci ildən bəri müəllimlər tez-tez kurslarda, seminarlarda iştirak edirlər. Bu gün isə Sınaq Qiymətləndirməni müəllimlərin peşəkarlıq səviyyəsini, onların öyrəndiklərini yerlərdə necə həyata keçirdiklərinin monitorinqi kimi qiymətləndirirəm. Müəllim dünən aldığı biliklə kifayətlənməməlidir, onlar hər gün, hər saat öz üzərində çalışmalıdır. Çünki yeniliklər olduqca çoxdur, informasiya bolluğu əsridir. Şagirdlərimiz bu sahədə bizdən öndədir, buna görə də düşünürəm ki, bu sınaq qiymətləndirmənin çox müsbət təsiri olacaq. Bu qiymətləndirmə müəllimi öz üzərində işləməyə vadar edəcək”.

Təhsil ekspertinin sözlərinə görə, bu qiymətləndirmə nəticəsində müəllimizlərin hansı sahədə çatışmayan cəhətlərinin olduğu üzə çıxacaq:

“Bu cəhətlər də Təhsil Nazirliyindən, məktəb rəhbərliyindən, yoxsa müəllimdənmi asılıdır, bunlar məlum olacaq. Buna uyğun olaraq da yeni dərs ilindən müəllimlərin peşə səviyyəsinin təkmilləşdirilməsi üçün müxtəlif yollardan istifadə ediləcək və müəllimlərin öz üzərində işləməsinə şərait yaradılacaq”

M.Mürşidli Sınaq Qiymətləndirmənin necə həyata keçirilməsindən danışıb. Onun sözlərinə görə, buraya vətəndaş cəmiyyəti qurumlarının üzvlərini dəvət etmək olar:

“Elə dəqiq işlənməlidir ki, orada qeyri-obyektiv, neqativ hallara yol verilməsin. Biz indidən məlumatlar alırıq ki, bəzi məktəblər təşvişə düşüb ki, hansısa addımlar atmaq lazımdır. Belə neqativ hallara yol verməmək üçün mexanizm dəqiq işlənməlidir.”

Bu prosesin yaxın vaxtlarda bölgələrdə də həyata keçiriləcəyini bildirən təhsil eksperti qeyd edib ki, ilk olaraq Bakıdan başlanılıb:

“İndi Bakıdan başlamışıq, mərhələ-mərhələ bütün rayonlardakı müəllimlər arasında bunu keçirmək lazımdır”.

Müəllimlərimiz bu qiymətləndirilməyə hazırdırmı sualına isə Məlahət Mürşidli belə cavab verib:

“Düşünürəm ki, bununla bağlı problem yoxdur. İmtahanların keçirilməsi iyun ayında başlayacaq və buna hələ ki, bir ay var. 2007-ci ildən başlayaraq davamlı olaraq seminarlar keçirilir. Müəllim birdəfəlik anlamlıdır ki, seminarı gözləməlidir, həmişə öz üzərində işləməlidir, özü də mükəmməlləşməyə can atmalıdır. Başa düşməlidir ki, 70-ci illərin, keçən əsrin müəllimi olmamalıdır. 21-ci əsrin tələbləri tamam başqadır. Qiymətləndirmə 3 istiqamət üzrə aparılacaq ki, müəllimin öz fənnini bilməsi vacibdir. İkincisi innovativ metodlardır ki, bunu biz seminarlarda öyrtəmişik. Digər cəhət kommunikasiyadır. Universitetdə öyrəndikləri bilik və onu tətbiq etmək bacarığı davamlı sürətdə həyata keçən prosesdir. Onlar nədən çəkinsinlər, nədən narahat olsunlar? Bu, sınaq qiymətləndirməsidir”.

Məlahət Mürşidli eyni zamanda Təhsil Nazirliyinə Sınaq Qiymətləndirmə ilə bağlı təklif irəli sürüb:

“Təklif edirəm ki, suallar bankı hazırlansın. Bu da narahatlığı aradan qaldırar, müəllimləri stressdən xilas edər. Həm də müəllim vərəqləyər, bir ay müddətində suallarla tanış olar. Belə addım atılsa, bu, ümumi işimizə fayda verər”-deyə, ekspert əlavə edib

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsini aparacaq.

Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq. Sınaq Qiymətləndirilməsinin fənn istiqaməti - müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək
Qiymətləndirilmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı - ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcək.

Sınaq Qiymətləndirilməsi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sistemin yaradılmasına başlanılması nəzərdə tutulur.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti