`Leyla Yunus yalandan venasını da kəsə bilərdi` - MÜSAHİBƏ

`Leyla Yunus yalandan venasını da kəsə bilərdi` - MÜSAHİBƏ
  13 May 2014    Oxunub:1066
AzVision.az millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin müsahibəsini təqdim edir:

- Çingiz müəllim, son günlərin qalmaqallı hadisələrindən biri hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən dindirilməsidir. Sizcə, bu məsələ niyə birdən-birə meydana çıxdı, eyni zamanda L.Yunusun bu məsələ ətrafında gözlənildiyindən daha çox hay-küy yaratmasının kökündə nə dayanırdı?


- Əvvəla qeyd edim ki, bu məsələ birdən-birə ortaya çıxmadı, yəni, Rauf Mirqədirovla bağlı məsələdə Leyla Yunus ilk öncə cəmiyyətə belə bir açıqlama verdi ki, onu Ermənistana mən göndərmişəm. Görünür, istintaq və xüsusi xidmət orqanları da bunu bilirdi. O da dedi, onu mən göndərmişəm, lazımdırsa məni tutun. Belə olan halda da təbii ki, istintaq bu hərəkətləri araşdırmalıydı və dərhal sonra da o sözünü dəyişdi, müsahibə verməkdən qaçdı və ölkədən çıxmağa üstünlük verdi.

Bilirsiniz ki, mən hüquq müdafiəçisi olmaqla bərabər, həm də hüquqşünasam və həmişə qanunlara hörmətlə yanaşmanın tərəfdarı olmuşam və baxımdan hesab edirəm ki, Leyla Yunus şahid qismində istintaq orqanlarına dəvət edilməsinə reaksiya vermək, yəni, çağırışa getmək əvəzinə ölkədən çıxmağa üstünlük verdi. Azərbaycanın hüquq-mühafizə orqanları da onun ölkədən çıxmasına yasaq qoydular və geri qaytardılar.

Bundan sonra isə onun evində axtarışın aparılması, daha doğrusu, özünü şübhəli aparan, istintaqdan yayınan şəxsin evində, ofisində axtarışın aparılması da qanunauyğun idi.

Leyla Yunusu yaxşı tanıyan insanlar da bilirdi ki, Leyla Yunus yaranan situasiyadan öz xeyrinə şou düzəltməklə istifadə etməyə çalışacaq.

Xatırlayırsınızsa, bir müddət öncə Füzuli küçəsi ərazisində evlərin sökülməsi zamanı Leyla Yunus məhz özünün evinin kandarına hadisə gəlib çıxanda hansı oyunları düzəltdi, hansı şouları quraşdırdı...

Demək, bu adam həmişə yaranan situasiyadan bəhrələnə bilir. Burada da gördüyünüz kimi, o, bir əzabkeş obrazı yaratdı, polis əməkdaşlarına qarşı təxribat xarakterli hərəkətlər, onları təhqir etdi, əli ilə gənc polis əməkdaşını itələdi və sonda da papağını götürüb yerə atdı.

Belə hesab edirəm ki, söhbət polisin papağından getmir və polis haqlı olaraq ona reaksiya vermədi, hər hansı bir təxribata uymadı. Amma söhbət papağın üstündəki dövlət atributumuz olan gerbdən, dövlətimizin simvolundan gedir ki, onu yerə atdı.

İndi bu hadisələrə müxtəlif yanaşmalar və təbii ki, hüquq müdafiəçiliyindən çox müxalifətçiliklə, xüsusilə, radikal müxalifətçiliklə məşğul olan Leyla Yunusu dəstəkləyən müəyyən qüvvələr var.

Eyni zamanda, bir qrup hüquq müdafiəçi də yaranan, baş verən hadisə ilə bağlı istintaqın obyektiv və qanunauyğun formada aparılmasını arzu edir. Mən özüm də onların içərisindəyəm. Yəni, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı, digər hüquq müdafiəçiləri – hamımız istəyirik ki, bütün qanunauyğun prosessual qaydalar pozulmadan bu işin araşdırılması davam etsin və gələcəkdə bilmək olmaz hansı hüquqi qiymət veriləcək.

... Amma sizin də dediyiniz kimi, heç nəyin, yəni, baş verənlərin əsl mahiyyətinə, fərqinə varmadan Leyla Yunusun birbaşa müdafiəsinə qalxan insanlar, qüvvələr də var və onlar məlum olayları tamam başqa rəngdə təsvir etməyə cəhd göstərirlər...

Ona görə də soruşmaq istəyirəm ki, Milli Məclis tərəfindən müxtəlif qanunlar qəbul etmişik, o cümlədən QHT-lərin maliyyələşməsi ilə bağlı, indi necə ola bilir ki, yüz minlərlə pul müxtəlif xarici təşkilatlardan Azərbaycanda qeydə alınmış başqa bir təşkilatın hesabına daxil olur? Bu yüz minlərdən Leyla Yunus hansı böyük layihələri həyata keçirib ki, siz jurnalistlər və yaxud da biz hüquq müdafiəçiləri bunu bilmirik?

Sadəcə, hamısını yalandan, yəni, 5-3 nəfəri ofisə toplayıb şəkil çəkdirib hesabat verməklə, əslində isə tamamilə başqa yönə yönəlmiş bir fəaliyyətlə məşğul olur. Bu baxımdan, Leyla Yunus olduqca ziddiyyətli adam olduğu kimi, hərəkətləri də ziddiyyətlidir və belə hesab edirəm ki, hüquq-mühafizə orqanları təmkinlə hüquqi-prosessual normalar çərçivəsində bu işin istintaqını aparacaqlar və nəticəsi olacaqsa, gələcəkdə bunu siz də, biz də biləcəyik.

- Onu da qeyd edək ki, L.Yunus evində, ofisində axtarış aparılarkən ona qarşı Azərbaycan mentalitetinə uyğun olmayan hərəkətlərin edildiyini, eyni zamanda, ona yönəlik addımların qanunsuz olduğunu, ölkədə müxalif düşüncəli kəsimin yeni “ovuna” start verildiyini iddia edir. Siz bu iddialar barədə nə deyərdiniz?

- Bilirsiniz, orada nə baş verdiyini Leyla Yunusdan başqa heç kim bilmir. Bunu hələ Leyla Yunus deyir ki, mentalitetə uyğun olmayan davranış olub, əl yumağa və yaxud da harasa gedərkən izlənilib və sairə. Ola bilər ki, ümumiyyətlə, bu, böhtandır, ola bilər ki, Leyla Yunus heç, ümumiyyətlə, o vanna otağına getmək istəməyib, bundan da bir şou düzəldib...

Bu yerdə bir məqamı da deyim ki, olduqca səbir və təmkinlə hər hansı bir istintaq hərəkətinin aparılmasına imkan yaradılsaydı, yəqin ki, Leyla Yunusun üzərindəki nəzarət də o qədər güclü olmazdı.

Amma Leyla Yunus xarici səfirlərin iştirakı ilə ölkədən qaçmağa cəhd edir, evində axtarış aparmağa imkan vermir, nə bilim birinin ürəyi gedir, biri hay-küy salır, belə olan şəraitdə də, təbii ki, bu şəxsin üzərində nəzarət güclü olmalı idi və hüquq-mühafizə orqanları da axtarış apararkən onu gözdən qoymayıblar.

Yəni, bu adam hər şey edə bilər. Tutaq ki, venasını kəsərdi və bilirdi ki, dərhal ona yardım olunacaq və heç bir problem olmayacaq. Əslində isə bu prosesdən olduqca bəhrələnə, divident əldə edə də bilərdi...

Bu baxımdan onun nəzarətdə saxlanması olduqca normaldır və əgər burada qərəz, yaxud da ki, qeyri-normallıq olmuş olsaydı, onda heç evində axtarış aparılarkən Leyla Yunusun istədiyi sayda hal şahidlərinin onun evinə buraxılmasına da imkan verməzdilər.

Siz də görürsünüz ki, bir tərəfdən onun tələbləri hamısı yerinə yetirilir, digər tərəfdən isə bu adam hazırladığı ssenari üzrə hay-küy salmaqla, səs-küy yaratmaqla, çəkilişlər etməklə, bir obraz yaratmaqla məşğuldur və bu baxımdan, mentalitetə uyğun olmayan hansısa bir formanı hələlik bir Leyla Yunusdan başqa bilən yoxdur.

- Yeri gəlmişkən, L.Yunus və onun dəstəkçiləri eyni zamanda, “xalq diplomatiyası”nda hansısa qanunsuzluq, qəbahət görmədiklərini, o cümlədən, bəzi iqtidaryönlü şəxslərinin də bu işlə məşğul olduqlarını, ermənilərlə tez-tez bu və ya digər formada təmas qurduqlarını iddia edirlər...

- Axı, Leyla Yunus kimi təmsil edir ki, o, “xalq diplomatiyası” adından bu tədbirləri keçirir? Ona kim səlahiyyət verib, hansı statusla bu hərəkəti edir? Onun əməkdaşlıq etdiyi insanlar da - artıq bizim rəsmi qurumlar açıqlama verdi ki, müəyyən xüsusi xidmət orqanları, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslərdir.

Bu baxımdan, Leyla Yunus hansı statusla, hansı şəxsləri cəlb etməklə nəyə nail olmaq istəyir? Bir də ki, mən özüm də qeyri-hökumət təşkilatının rəhbəriyəm və bilirəm ki, bu layihələrin arxasında nə durur. Hər bir layihənin arxasında müəyyən maddi maraqlar durur. Və bu maraqlar normal olarsa, təbii ki, bunu biz normal qarşılayırıq.

Çünki QHT-də çalışan müəyyən insanlar var, onlar da əmək haqqın almalıdırlar, onlar da ailəsini dolandırmalıdırlar. Amma bir-iki adamın adını ora yalandan yazmaqla yüz minlərlə pul əldə etmək, saxta arayışlar hazırlamaqla o pulu göndərən təşkilatlara layihəni reallaşdırdım deyə hesabat verməklə, əslində digər işlərlə məşğul olmaq, bu, yolverilməzdir. Mən bunu qətiyyətlə pisləyirəm.

İstər Leyla Yunus olsun, istər başqaları olsun, hər hansı bir QHT öz təşəbbüsü ilə “xalq diplomatiyası” adı altında Ermənistan tərəfinin nümayəndələri ilə əməkdaşlıq edir, onlarla birgə layihə reallaşdırırsa, bu, əslində ermənilərə köməklik deməkdir. Bu layihələrin bir hissəsi də Ermənistan tərəfinə, Ermənistan vətəndaşlarının maliyyələşməsinə yönəlib. Və bu ikili birlikdə bu layihəni həyata keçirirsə, onun müəyyən hissəsi də ermənilərə gedir.

Bu gün biz maraqlıyıq ki, Ermənistanı iqtisadi blokada da boğaq. Onlar da dərk etsinlər ki, başqa dövlətin ərazisini əldə etməklə heç nəyə nail ola bilməyəcəklər və bu sıxıntının nəticəsində onlar heç olmasa obyektiv bir addım atmağa cəsarət göstərsinlər.

Biz başqa dövlətləri Ermənistanı maliyyələşdirməkdə günahlandırırıq, İranı, nə bilim Amerikanı və sair. Bəs necə ola bilir ki, biz Azərbaycan vətəndaşı olaraq Ermənistan tərəfindən 20-30 nəfərin bəhrələnə biləcək bir layihənin reallaşdırılmasına maraqlıyıq?

Mən dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, mən o erməni ilə bir masa arxasında o halda oturaram ki, hər hansı bir tədbirdən öncə həmin erməni Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu rəsmən elan etsin. O, bunu bildirsin və yalnız bundan sonra əməkdaşlıq etmək olar.

Amma sənin qarşında oturan, sənin torpağına iddialıdır, sənin xalqına düşmən münasibət bəsləyir və sən “xalq diplomatiyası” adı altında yüz minlərlə pulun dövriyyəsi nəticəsində hansısa yalançı bir layihəni reallaşdırırsansa, bu, vətəndaşlıq deyil, bu, Azərbaycansevərlik deyil. Hər şeydən öncə vətəndir.

Vətəndən sonra artıq maddiyyat ola bilər, vətəndən sonra artıq hansısa bir imtiyazlar da ola bilər və bu baxımdan, Leyla Yunusun “xalq diplomatiyası”nı həyata keçirərəm” adı altında bərqərar edən fikirlərini, cəmiyyətə təbliğ etdiyi fikirlərini mən özünümüdafiə xarakterli hesab edirəm.

Eyni zamanda belə hesab edirəm ki, vətəninin, torpağını sevən hər bir azərbaycanlı düşünür və düşünməlidir ki, erməni ilə əməkdaşlıq etmək olmaz. Çünki torpaqlarımız hələ də işğaldan azad olunmayıb. Əslində biz erməni xalqı ilə savaş aparmırıq. Biz bu gün Ermənistan siyasi hakimiyyəti, Ermənistan, erməni separatçıları ilə mübarizə aparırıq ki, onlar torpaqlarımızı boşaldıb, rədd olub öz ərazilərinə çəkilib getsinlər.

- Necə hesab edirsiniz, başladılan məlum istintaq işinin gedişatında L.Yunus həbs oluna və ya həbslər daha geniş çevrəni əhatə edə bilərmi?

- Əgər imkan varsa sualdan daha geniş ətrafa çıxardım və bəzi fikirlərimi bildirərdim, sonra o hüquqi müstəviyə söykənən sualınıza cavab verərdim.

Leyla Yunus uzun illərdir qeyri-hökumət təşkilatına guya rəhbərlik edir. İlk öncə 1993-1994-cü illərdə mən Demokratiya və İnsan Hüquqları Komitəsinə gələrkən və ora sədrlik edərkən, məndən əvvəl bu komitəyə Leyla Yunus rəhbərlik etmişdi. O vaxt bizim gözəl, ziyalı bir alimimiz – Ədalət Rəhimli, həmçinin digər vətənsevər, torpaqsevər xanımlarımız tərəfindən o həmin komitədən qovulmuşdu...

- Nəyə görə?

- Çünki həmin komitənin fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünü parçalamağa xidmət edən Ələkrəm Hümmətov, Rəhim Qazıyev kimi adamların müdafiəsinə yönəltdiyinə görə onun rəhbərliyindən qovulmuşdu.

Özü də fikir verin, Leyla Yunus kiminlə əməkdaşlıq edibsə, hamı ondan uzaqlaşıb. Məsələn, bir zamanlar Arzu Abdullayeva ilə birgə fəaliyyət göstərirdi, sonra onunla dalaşaraq oradan kənarlaşdırıldı.

Ondan sonra Səidə Qocamanlı ilə birlikdə fəaliyyət göstərdi, onunla da yolları ayrıldı. Yəni, bu adam iddialı və öz sirrini kənara vermək istəməyəndir. Onun fəaliyyətinin iyrənc hissəsi üzə çıxan kimi də normal insanlar bundan uzaqlaşıb gedib.

Müdafiə Nazirliyində çalışdığı dövrdə Arzu Abdullayevanı həbs edəcəyi, nə bilim, onun üstünə desant göndərəcəyi ilə bağlı etdiyi hərəkətlər, ziddiyyətli mövqelər, Moskvaya Rəhim Qazıyevlə şübhəli səfərləri və sairə bizə bu gün də deməyə əsas verir ki, bu adam Azərbaycana deyil, başqa-başqa qurumlara, başqa-başqa dövlətlərə xidmət etməkdə şərəf duyur və bu da onun fəaliyyətinin acı bir nəticəsidir.

Mən belə hesab edirəm ki, onun həbsi ilə bağlı məsələni hüquq-mühafizə orqanları dəqiq bilərlər. Hələlik o şahid qismində dəvət edilib. İndi gələcəkdə onun axtarış zamanı ofisindən, evindən tapılmış sənədlərdə, nə bilim kompüterlərdə nələr üzə çıxacaqsa, bununla bağlı hansı formada araşdırılmalar aparılacaqsa, bunu zaman göstərər.

Amma həmişə qanunun ali olduğunu, qanunun hamıya bərabər şamil ediləcəyini bəyan edən Leyla Yunus əgər bu dəfə qanunun ona qarşı şamil olunacağı və hansı formada tətbiq ediləcəyi nəzərdə tutulacaqsa, o zaman onunla barışmalıdır. Çünki özü bəyan edib ki, Azərbaycanda qanunlar hamıya bərabər şamil edilməlidir və sairə.

Mənim demək istədiyim odur ki, Leyla Yunus kimi adamlar zaman gəldikcə özləri-özlərini ifşa edirlər. Eyni zamanda, QHT-lərin maliyyələşməsi ilə bağlı son vaxtlar Milli Məclis tərəfindən qəbul etdiyimiz çoxsaylı qanunlar var ki, onlardan irəli gələn məsələlərin icrası şəffaf olmalıdır, bunlar gizlədilməməlidir və məlumat verilməlidir. Bütün bunlar Leyla Yunusa da şamildir və o da öz fəaliyyəti ilə bağlı doğru-dürüst hesabat verməlidir...

gun.az


Teqlər:  





Xəbər lenti