Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin başlanması vaxtı təsadüfi seçilməyib - Sahib Alıyev

   Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin başlanması vaxtı təsadüfi seçilməyib -    Sahib Alıyev
  06 Dekabr 2022    Oxunub:711
Düz 34 il bundan əvvəl, dünənki gün bizim tarixi torpaqlarımızın bir hissəsi-29 min 742 kvadrat kilometri tamamilə azərbaycanlılarsızlaşdırılıdı. 1988-ci il dekabrın 6-da isə SSRİ Nazirlər Soveti “Azərbaycan və Ermənistanda vətəndaşların öz daimi yaşayış yerlərindən çıxarılmalarının yolverilməzliyi haqda” qərar verdi ki, burada da məqsəd aydın idi.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev öz çıxışında belə deyib. Həmin verdiktin çıxarıldığı zaman Ermənistanda artıq bir azərbaycanlının belə qalmadığını vurğulayan millət vəkili, bu oyunu quranların əsas hədəfinin nədən ibarət olduğuna və bu məqsədə necə çatdıqlarına aydınlıq gətirib.

“İndi də istəyirdilər ki, onların, Ermənistandan qovulan azərbaycanlıların hara gərəkrdisə ora, yəni Qarabağın dağlıq hissəsinə yerləşmələrinin qarşısını alsınlar. Respublikaya Vəzirov kimi milli hisslərdən uzaq, qorxaq və bacarıqsız biri rəhbərlik etdiyindən aldılar da. Ardınca isə Qarabağın özünün azərbaycanlılarsızlaşdırılmasına və Azərbaycansızlaşdırılmasına start verildi” , - Sahib Alıyev bildirib.

O, Rusiya Müdafiə Nazirliyinin Tərtərin Ağdərə qəsəbəsini, Xankəndini, Xocavəndi parlamentdə səsləndirmək istəmədiyi eybəcər adlarla təqdim etməsinə də toxunaraq, Moskvadakıların həmin siyasətin nə dərəcədə ədalətsiz olması cəhənnəmə, necə öz əleyhlərinə də işlədiyindən hələ də nəticə çıxarmadıqlarını söyləyib. Deputat bu reallıqlardan doğan məntiqi sualla Rusiyaya və ermənilərin digər havadarlarına müraciət edib.

- Mən Qarabağda MÜVƏQQƏTİ hərbi kontingenti yerləşən Rusiya başda olmaqla oradakı hayların hüquq, azadlıq və təhlükəsizliklərinin təminindən ağızdolusu dəm vuranlardan soruşmaq istəyirəm, bəs Ermənistanda etnik təmizləməyə uğrayan azərbaycanlılar haqda nə fikirləşirlər? Yoxsa bizim beynəlxalq hüquqla təsdiqlənən “right to homeland”, yəni Vətən haqqımız tanınmır?”, - millət vəkili soruşub.

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə məhz dekabrın 5-də başlanmasının elə-belə olmadığımı xüsusi vurğulayan Sahib Alıyev, BMT qətnamələrini necə biz özümüz yerinə yetirdiksə, beynəlxalq hüquqa dayanaraq Vətənə dönüş haqqımızı da o cür reallaşdıracağımızı hayların da, onlara geosiyasi alət kimi yanaşanların da anlamalı olduqlarını bildirib. Deputat Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən rəsmi Tehranın da özü üçün ciddi nəticələr çıxarmasına və İranın alacağı cavabın qabaqda olduğuna diqqət çəkib.

“Yeri gəlmişkən, dünənki təlimlərdə bəzi səhnələr İranın keçirdiklərinə cavab təsiri bağışlasa da, fikrimcə, bu cavab deyil, cavab hələ qarşıdadır. Bu təlimlərlə regionun geosiyasi mənzərəsinin dəyişməsinə imkan verməyəcəklərini deyənlərə başa salınır ki, bizə düşməncəsinə yanaşanların heç cür arzulamadıqları o geosiyasi mənzərə artıq mövcuddur”, - Sahib Alıyev qeyd edib.

Bu təlimlərlə eyni zamanda baş örtüyünü düz bağlamadığına görə gənc qızı qətlə yetirdən, məscid dağıdanlarla isə qol-boyun olan dinsiz rejimə xəbərdarlıq edilir ki, Güney Azərbaycandakı soydaşlarımızın haqqının tapdanmasına son qoyulmalıdır. Onlar dil, təhsil və həyat tərzi seçimlərində azad olmalıdırlar.

Bu kontekstdə, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları İrana çox ciddi xəbərdarlıqdır. Bundan nəticə çıxarılmadığı halda İran yalnız Azərbaycanın sərt reaksiyası ilə üzləşməyəcək. İlham Əliyev kimi lideri olan azərbaycanlılar isə öz tarixi yurdlarına qayıdacaqlar.

- Rəsmi Tehran cənab Prezidentin bu tələbi Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvəsində də səsləndirməsindən düzgün nəticə çıxarmalıdır. Fars şovinistləri təkcə Güney Azərbaycanda deyil, bütövlükdə İranda yaşayan soydaşlarımıza qarşı yeritdikləri indiki siyasəti davam etdirdikləri təqdirdə, əsl cavab necə olur, görəcəklər. Və bu, təkcə Azərbaycanın cavabı olmayacaq. İndi Ermənistan adlanan yurd yerlərindən didərgin salınanlar da, Güneydə haqları tapdanan soydaşlarımız da bilməlidirlər ki, bizim cənab İlham Əliyev kimi liderimiz, güclü Silahlı Qüvvələrimiz və ordumuz ordusu, ordusu ordumuz olan Türkiyəmiz varsa, demək, Vətənə də dönəcəyik, o taydakı Azərbaycanı da orada yaşayanlar necə arzulayırsa, elə də görəcəyik!”, - Sahib Alıyev vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti