"Diversantlar ərazilərimizə asanlıqla daxil ola bilər"

   "Diversantlar ərazilərimizə asanlıqla daxil ola bilər"
  06 Dekabr 2022    Oxunub:672
Azərbaycan və Türkiyənin "Qardaş Yumruğu" adı ilə başladığı birgə hərbi təlimlər ictimai rəydə ciddi müzakirə olunur.
Bu da təsadüfü deyil, çünki, bu təlimlər ilk növbədə Şuşa Bəyannaməsinin və digər saziş və müqavilələrin müddəalarına uyğun olaraq iki qardaş ölkənin vahid ordu sisteminə sürətli keçidinin verdiyi müsbət nəticələrin nümayişidi.

İkincisi, təlimlərin Bakı şəhəri ilə yanaşı Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilməsi bizi neçə müddətdir təhdid edən İran rejiminə göndərilən ciddi siqnal və xəbardarlıqdır.

Artıq İran hakimiyyəti bundan dərs çıxarmalı və Azərbaycana qarşı təhdidlərinə və siyasi təxribatlarına son qoymalıdır.

Üçüncüsü, təlimlərə daha sonra qardaş Özbəkistan və Qırğızıstan da qoşulacaq ki, bu da Türk Dövlətləri Təşkilatının hərbi sahədə də əməkdaşlığını və inteqrasiyasını gücləndirəcək, Türk dövlətlərinin vahid müdafiə sisteminin formalaşması istiqamətində növbəti uğurlu addımdır.

***
Bir müddət əvvəl 14 nəfər İran vətəndaşı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə qanunsuz keçməsi ilə bağlı rəsmi məlumat yayıldı və Azərbaycan XİN-də İran səfirliyinə etiraz notası təqdim edib. Hələ ki, İran notaya cavab verməyib.

Lakin burada daha ciddi problem odur ki, rusiyalı sülhməramlıların komandanı general Volkov bizim jurnalistlərə verdiyi müsahibədə açıq etiraf etdi ki, onlar Laçın yolunda gediş-gəlişə nəzarət edə bilmirlər, hətta, bunun üçün lazımı texnikaya və ya avadanlığa malik deyillər. Bu isə o deməkdir ki, sülhməramlıların müvəqqəti nəzarət etdikləri ərazilərimizə istənilən qədər narkotik, silah və o cümlədən terrorçular və ya diversantlar asanlıqla daxil ola bilər.

Belə hallar isə bizim təhlükəsizliyimizə, Qarabağda aparılan böyük həcmli quruculuq işlərinə və nəhayət o ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərə ciddi təhdid və təhlükə yaradır.

Bu təhlükənin vaxtında qarşısını almağın və ərazilərimizə nəzarəti bərpa etməyin yeganə yolu sülhməramlıların nəzarət edə bilmədiyi Laçın yoluna Azərbaycan sərhəd və gömrük xidmətinin birgə nəzarətinin həyata keçirilməsidir.

İlkin mərhələdə bu nəzarəti sülhməramlılarla Azərbaycanın qeyd etdiyim müvafiq dövlət orqanları birgə təşkil edilə bilər.

Bu reallığı gec -tez hamı qəbul etməlidir və Laçın yolunda effektiv nəzarət sistemi tətbiq olunmalıdır.

Millət vəkili Azay Quliyev

AzVision.az


Teqlər:





Xəbər lenti